Məhkəmə qərarları › İş №2(007)-1203/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1203/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1203/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyata götürülmə” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyata götürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı X1 anası X2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin, 96 saylı mənzilinə qeydiyyata alınmaqlarını Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hər hansı şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması səlahiyyətinə müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimləmədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icratı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyata götürülmə” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, o, həmin ərizə ilə müvafiq inzibati mübahisələrə dair işlər üzrə məhkəməyə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar