Məhkəmə qərarları › İş №2(007)-1224/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1224/2023

05.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1224/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müfəttişliyi Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı iş üzrə 3-cü şəxsə bildirişin daxil edilməsi hüququnun həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müfəttişliyi Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı iş üzrə 3-cü şəxsə bildirişin daxil edilməsi hüququnun həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və X5 Xidmətinə "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh adlı fiziki şəxsdən işdən çıxsa da elektron əmək müqavilə bildirişinə xitam verməmişdir. Həmin fiziki şəxs ilə onun arasında vaxtilə əmək müqaviləsi olmuş, daha sonra işdən çıxsa da əmək müaviləsinə xitam verilməmişdir. Göstərilənlərlə əlaqədar Cavabdeh ilə əlaqə saxlanılması mümkün olmadığından əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. Bu barədə tərəflərindən Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilmişdir. Müraciətlərə cavab olaraq xx.xx.2022-ci il tarixdə **********0 saylı cavab məktubu göndərilmişdir: Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxslər "xxxx" MMC-nin ünvanına (Sumqayıt şəhəri, 1-ci mkr, 122, 41), "xxxx" MMC-nin ünvanına (Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 121, mənzil 79), fiziki şəxslər X2 ünvanına (Bakı şəhəri, Cavadxan küçəsi, ev 44, m 7), Cavabdeh ünvanına (Bakı şəhəri, İ.Həbibov, ev 49A), X4 ünvanına (ünvan 5 göndərilmiş, lakin bugünədək məktublara cavab verilmədiyi qeyd edilib. Onun əmək müqaviləsinin mövcud olduğu MMC ilə əlaqə saxlanılmasına və onlara mediasıya barədə təklif göndərilməsinə baxmayaraq bu barədə hər hansı məlumat alına bilinməmiş və qarşı tərəf mediasiya prosesində iştirak etməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən onunla Cavabdeh ilə arasında bağlanılmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsünə baxmayaraq əlaqə saxlanıla bilinmədiyi üçün məhkəmə tərəfindən xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı vergi və mühasibatlıq sahəsində hüquqi xidmətləri həyata keçirən hüquqşünasdır. İddiaçı uzun müddətdir ki, hüquq sahəsində fəaliyyət göstərir. Müxtəlif şirkətlərlə, fiziki və hüquqi şəxslərlə müxtəlif müqavilələr bağlamışdır. Özünün firması var və firmada müxtəlif xidmətlər göstərilir. Cavabdehlə aralarında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanılmış, iddiaçının əmək haqqısı 280 manat olmuş və tam iş vaxtı əsasında fəaliyyət göstərmişdir. İddiaçı uzaq məsafədən xidmət göstərmişdir. Dəfələrlə Cavabdehlə əlaqə saxlamağa çalışsalar da bu mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, İddiaçı aylıq 280 manat əmək haqqı ödənilməklə hüquqşünas vəzifəsində işə düzəlmişdir. Daha sonra iddiaçı onun barəsində aktiv əmək müqaviləsinin olması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixdə **********0 saylı cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxslər "xxxx" MMC-nin ünvanına (Sumqayıt şəhəri, 1-ci mkr, 122, 41), "xxxx" MMC-nin ünvanına (Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 121, mənzil 79), fiziki şəxslər X2 ünvanına (Bakı şəhəri, Cavadxan küçəsi, ev 44, m 7), Cavabdeh ünvanına (Bakı şəhəri, İ.Həbibov, ev 49A), X4 ünvanına (ünvan 5 göndərilmiş, lakin bugünədək məktublara cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənnə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həll yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməlidir. İddiaçı məhəkməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə riayət edərək mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. ləğv etmək hüquqları vardır 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 316.1-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməyin işçinin əsas hüquqlarından biri olmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli **********0 saylı cavab məktubunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinə müraciət edilsə də, ona cavab məktubu ünvanlanaraq məhkəməyə müraciət edilməsi və məsələnin başqa həll yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən məsələnin başqa həll yolu olmadığı üçün məhkəməyə hazırki iddia tələbi ilə müraciət edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində də iştirak etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilir. Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 50 manat dövlət rüsumu isə Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilsin. İddiaçı çəkdiyi 50 manat mediasiya xərci ona aid edilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar