Məhkəmə qərarları › İş №2(007)-1268/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1268/2020

30.09.2020 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1268/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 Şanbala oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 Şanbala oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Şanbala oğlu ilə “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və 11 iyul 2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşma ləğv olunması, Cavabdeh1 Şanbala oğluna ödənilmiş 80 000 (səksən min) manat kompensasiyanın geri alınaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılması, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" QSC-nin hesabına ödənilsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin "xxxx" QSC tərəfindən sökülməsinə və kompensasiyanın cavabdeh X2 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Daha sonra 11.07.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 80 000 (səksən min manat) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdr. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi ünvanında inşa edilən qanunsuz tikili dəmir yolunun mühafizə zonasında yerləşir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Kanil qızı təxirəsalınmadan həmin zəbt olunmuş sahədən çıxarılmalı və qanunsuz tikili cavabdehlərin hesabına sökülməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlərə 5 000 manat kompensasiya təklif edilməsinə baxmayaraq cavabdehlər həmin məbləğlə razılaşmamışlar. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 Şanbala oğlu ilə "xxxx" QSC arasında bağlanmış 11 iyul 2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 358 olan 16.08.2017-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 80 000 manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra X7 yaşayış sahəsinə aid sənədləri "xxxx"Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. - Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 21 iyun 2018-ci il tarili ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onlar ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və hər hansı veriləcək kompensasiyanın X3 verilməsinə heç bir etirazı yoxdur. - "xxxx" QSC-nin 09.04.2019-cu il tarixli Cavabdeh1 Şanbala oğluna ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh1 Şanbala oğlu 11 iyul 2018ci il tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması tələb olunmuşdur. Qeyd olunan pretenziya tələbi icra olunmadığı təqdirdə aidiyyatı üzrə prokurorluq və məhkəmə orqanlarına müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş 04.08.2017-ci il tarxili arayışdan görünür ki, Cavabdeh1 Şanbala oğlu 1958-ci ildən, Cavabdeh4 1967-ci ildən, Cavabdeh3 1986-cı ildən Cavabdeh2 1988-ci ildən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin P.Fərzəliyev (özbaşına tikili) küçəsində 58 saylı evdə qeydiyyatdadırlar. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 03.06.2019-cu il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayırlar. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Cavabdeh1 Şanbala oğlu ilə "xxxx" QSC arasında bağlanmış 11 iyul 2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inizbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 358 olan 16.08.2017-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 80.000,00 manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 Şanbala oğlu yaşayış sahəsinə aid sənədləri "xxxx"Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Hazırda "xxxx" QSC "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 422.2-cü maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 Şanbala oğluna ödənilmiş 80 000 (səksən min) manat kompensasiyanın geri alınaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 11 iyul 2018-ci il tarixli müqavilənin ləğv olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə olan halda iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 Şanbala oğluna ödənilmiş 80 000 (səksən min) manat kompensasiyanın geri alınaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” hissədə münasibət bildirərək qeyd edir ki, tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamış və müqavilə şərtlərinə öz razılıqlarını ifadə etmişlər. İddiaçı tərəf özü ilk olaraq 11 iyul 2018-ci il tarixli müqavilənin bağlanmasına təşəbbüs etmiş, müqavilənin şərtlərinə, o cümlədən, Cavabdeh1 Şanbala oğluna kompensasiya məbləğinin ödənilməsinə razılıq verilmiş, məhkəmə tərəfindən bu razılığı etibarsız hesab etmək üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılması, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikili cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan normaların məzmunundan görünür ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 Şanbala oğlunun istifadəsindədir. Lakin həmin yaşayış sahəsi dəmir yolunun mühafizə zonasında inşa edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 Şanbala oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş tikilidən çıxarılmalı və onlar dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində razılaşmanın ləğvi ödənilən vəsaitin geri qaytarlmasını tələb etsə də onun təmin edilməsi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh1 Şanbala oğlu isə iddiaçı ilə bağlanılmış razılaşmaya əsasən mübahisəli mənzildən kompensasiya almaqla iddiaçının xeyrinə imtina etmək öhdəliyinə əməl etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş tikilidən çıxarılmalı və onlar dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş tikilidən çıxarılsın və onlar dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" QSC tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar