Məhkəmə qərarları › İş №2(103)-10611/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10611/2021

17.11.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10611/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(007)- 227/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Dəmir Yolları” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və 31.08.2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunmasını, Cavabdeh1 ödənilmiş 175000 (bir yüz yetmiş beş min) manat kompensasiyanın geri alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmasını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3 qıznın, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 Atamalı qızından, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Daha sonra 31.08.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 175000 (bir yüz yetmiş min) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaranmış vəziyyətdə tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməli, Cavabdeh1 öhdəliyi vaxtında icra etmədiyi üçün ona ödənilmiş 175000 (bir yüz yetmiş beş min) manat kompensasiya geri alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. ünvan 1 ünvanında inşa edilən qanunsuz tikili dəmir yolunun mühafizə zonasında yerləşir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 təxirəsalınmadan həmin zəbt olunmuş sahədən çıxarılmalı və qanunsuz tikili cavabdehlərin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir you nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarf'nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilrıəsinə və tikilməsinə yol verilmir. əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilrıəsinə və tikilməsinə yol verilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(007)- 227/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun "xxxx" QSC-yə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-227/2020 saylı iş üzrə 23.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, 1960-cı il tarixdən ailə üzvləri ilə birlikdə Nizami rayonu P.Fərzəliyev küçəsi 39B saylı evdə yaşayırlar. Yaşadıqları evin ümumi sahəsi 154.08 kv.m ibarətdir. Yaşadıqları ev 2 mərtəbədən ibarət olmaqla iki ayrıayrı təsərrüfatlı olan qardaşı ilə birlikdə yaşayırlar. Qardaşı Cavabdeh6 1 mərtəbədə ailə üzvləri ilə birlikdə o, isə 2-ci mərtəbədə ailə üzvləri ilə birlikdə yaşayırlar. Evlər biri birindən təcrid olunmaqla inşaat norma və qaydalarına uyğun olaraq inşa olunmuşdur. Yaşadıqları evin bütün sanitar qovşaqları tamamilə ayrıdır. Lakin iddiaçı əsassız olaraq yalnız onunla müqavilə imzalamaqla Cavabdeh6 hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəf kompensasiyanın məbləğini nəzərdə tutulmuş məbləğdə hesablamadan həddindən artıq az hesablamışdır. Əslində isə hər kv.m üçün 1500 manat ödəməli olduğu halda hər kvadrat metr üçün 1130 manat hesablamışdır. Hesab edir ki, ödənilən kompensasiyanın məbləği həddindən artıq azdır. Nizami rayon məhkəməsinin hakimi isə bütün bu nüansları nəzərə almamalqa maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan “Birinci tərəf” Cavabdeh1 ilə “ikinci tərəf” "xxxx" QSC arasında bağlanmış 31.08.2018-ci il tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 1165 olan 01.08.2018-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 175000 (bir yüz yetmiş beş min) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşmaya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx"Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh6 01.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Cavabdeh2 01.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Cavabdeh3 01.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Cavabdeh4 01.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Cavabdeh5 02.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə görə veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Cavabdeh4 01.08.2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan "xxxx" QSC-nin Cavabdeh1 ünvanlanmış 09.04.2019-cu il tarixli İD-637/1 saylı pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh1 31.08.2018-ci il tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması tələb olunmuşdur. Qeyd olunan pretenziya tələbi icra olunmadığı təqdirdə aidiyyəti üzrə prokurorluq və məhkəmə orqanlarına müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş 01.08.2018-ci il tarxili 1165 saylıarayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, 2002-ci il təvəllüdlü X5 və 2007-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 03.06.2019-cu il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Daha sonra 31.08.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 175000 (bir yüz yetmiş min) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra): 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-cü maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. 422.2.4-ci madəsinə əsasən işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və tərəflərə hər hansı bir təzyiq göstərilməmişdir. Müqavilələrin əsas şərti Cavabdeh1 uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçörülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 175000 (bir yüz yetmiş beş min) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı tərəfindən könüllü surətdə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 175000 (bir yüz yetmiş beş min) manat məbləğində kompensasiya ödənilmiş və müqavilə üzrə üzərlərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Belə ki, 31.08.2018-ci il tarixli razılaşma üzrə hər iki tərəf öz iradələrini ifadə etməklə könüllü surətdə müqavilə bağlamışlar, məhkəmə tərəfindən qeyd olunan razılaşmanın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə koollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 ilə arasında imzalanmış və 31.08.2018-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşma ləğv olunması barədə tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, Cavabdeh1 ödənilmiş 175000 (bir yüz yetmiş beş min) manat kompensasiya məbləğinin geri alınaraq iddiaçı “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamış və müqavilə şərtlərinə öz razılıqlarını ifadə etmişlər. İddiaçı tərəf özü ilk olaraq 31.08.2018-ci il tarixli müqavilənin bağlanmasına təşəbbüs etmiş, müqavilənin şərtlərinə, o cümlədən, Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinə razılıq vermiş, məhkəmə tərəfindən bu razılığı etibarsız hesab etmək üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxarılması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları nəzərə alır. Belə ki, Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan normaların məzmunundan görünür ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 istifadəsindədir. Lakin həmin yaşayış sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Eyni zamanda, Cavabdeh1 razılaşma ilə məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacağına dair öhdəlik götürmüş, lakin hazırkı vaxtada müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri birtərəfli şəkildə icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, müqavilə ilə cavabdehin öz öhdəliyini yerinə yetirməsi üçün konkret vaxt müəyyən edilmiş və cavabdeh bu öhdəlikləri yerinə yetirəcəyini öz üzərinə götürərək müavilənin tələbləri ilə razılaşmışdır. Belə ki, məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmiş və müqavilə ilə tərəflər bir-birilərinə münasibətədə qarşılıqlı öhdəlik götürmüş və cavabdehin müqavilədə qeyd olunan öhdəliklərinin yerinə yetirilməsindən birtərəfli qaydada imtina etməsi hazırkı halda onun mübahisə predmeti olan sahədən çıxması və öhdəliyin icrası üçün mane deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6"xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan tikilidə qanunsuz yaşadığından ünvan 1 ünvanında yerləşən tikilidən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası iddia tələbinin “ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edimiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 31.08.2018-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 175000 (bir yüz yetmiş beş min) manat kompensasiya məbləği müqavilində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən imtina etmiş və digər cavabdehlər Cavabdeh2 Atamalı qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6isə Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və veriləcək kompensasiyanın Cavabdeh1 veriməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Göründüyü kimi həmin razılaşmada mübahisəli yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissəyə münasibətdə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Atamalı qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılmakarı, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiyya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(007)- 227/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar