Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1155/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirkı ilə, İddiaçı Cavabdeh qarşı tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması barədə iddia qaldıraraq, Cavabdeh onun evinə bitişik olaraq tikdiyi quruluğun sökülməsi, otun, samanın oradan çıxarılması, tkinti normalarına uyğun tikilməyən tövlənin və təndirin sökülməsi və cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş İddiaçı iddianı müdafiə edərək izahat verib göstərdi ki, Şamaxı rayonu Adnalı kəndində yaşayır. Cavabdehlə qonşudur, bir neçə il əvvəl Fizuli evinin arxasında evinə bitişik tövlə tikmişdir. Nə qədər desə də xeyri olmamış, sonra isə quruluq tikmiş, demişdir ki, quruluğun altında özləri oturacaq. Amma quruluq hazır olandan sonra altına ot, saman yığmışdır.Dəfələrlə söz söhbət olsa da, Fizuli otu, samanı oradan yuğışdırmamış, üstəlik tövlədən aşağı gətirib evinə bitişik təndir də qoymuşdur. Dəfələrlə başa salmışdır ki, bu quruluq, təndir bir başa onun evi üçün təhlükədir. Tövlənin peyininin iyindən evin içərisində oturmaq mümkün deyil. Bunları onun evindən kənarlaşdırsın, amma Fizuli onun danışıqlarına ümümiyyətlə heç əhəmiyyət verməmişdir. O, yanğından mühafizə idarəsinə müraciət etmiş, onlar da gəlib baxmışlar, dedikləri tamamilə öz əksini tapmışdır. Hazırda cavabdeh tərəfindən onun evinə bitişik olaraq tikdiyi quruluğun sökülməsi, otun, samanın oradan çıxarılması, tkinti normalarına uyğun tikilməyən tövlənin və təndirin sökülməsi və cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 sentyabr 2021-ci il tarixli 142 saylı arayışından görünür ki, İddiaçı 1940-cı ildə Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, hazırda Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Adnalı kəndində yaşayır. İş materiallarında olan 10 avqust 2015-ci il tarixdə Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x mayoru Əmir Səmədov, DYN-nin inspektoru d\x leytenantı Ramin Həsənov və İddiaçı iştirakı ilə tərtib edilmiş aktda göstərilir ki, keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi bir mərtəbədən ibarət olmaqla 7,5x12,5 metrdir. Fərdi yaşayış evinin divarları mişar daşından hörülmüş üst örtüyü taxta materialdan və azbes şiferdən ibarətdir. Fərdi yaşayış evi Şimal tərəfdən 6 m aralı küçə yolu ilə cənub tərəfdən öz həyətyanı sahəsi ilə, şərq tərəfdən bitişik qonşu quruluq yolu ilə Qərb tərəfdən isə boş həyətyanı sahə ilə həmsərhəddir. Yaşayış evinin şərq tərəfində bitişik olan qonşu Cavabdeh məxsus quruluğun altında ot və saman bağları yığılmışdır. Fərdi yaşayış evinin isidilməsi tələbi qazla, işıqlandırlması isə elektrik təsərrüfatı ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X2 xidməti X1 Yanğın nəzarəti idarəsinin İddiaçı ünvanlanmış 11 avqust 2015-ci i tarixli 25/26- 0633 saylı məktubunda göstərilir ki, 10 avqust 2015-ci il tarixdə həmin ünvanda müayinə keçirmişlər. Müayinə zamanı Cavabdeh məxsus altıaçıq (qurqlıq) mövcuddur və həmin quraqlığa quru ot yığıldığı müəyyən edildi. Qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar olaraq sahibkarlıq və kənd əhalisi tərəfindən ot, küləş, yonca və sair tədarükü görülərək həyətyanı sahələrdə talvarda, tayalara yerləşdirilməsi qadağan edilməsi barədə Şamaxı RİHB-nın müavininə X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən məktub ünvanlanmışdır. Bu cür quru yem tədarükünün yerləşdirilməsi zamanı yanğın təhlükəsizliyi norma və qaydalarına ciddi riayət olunması X2 orqanı tərəfindən tövsiyyə və tələb olunduğu, mövcud şəraitlə bağlı münaqişəli məsələlərin müsbət həll edilməsi ilə bağlı məhkəməyə şikayət etmək hüqununun olduğu bildirilmişdir. İş materiallarında olan JN-056A kod 41016038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1997-ci il tarixi 14 saylı qərarı ilə İddiaçı və onun ailə üzvünə fərdi yaşayış evi tikmək üçün 0,16 ha torpaq sahəsi verilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanına göndərilmiş 04 avqust 2020-ci il tarixli 37/A-01028 saylı məktubunda göstərilir ki, “müraciətdə qeyd etdiyiniz məsələ, yəni fərdi yaşayış evinə yaxın məsafədə movcud olan talvar binasının yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cavabdeh və onun ailə üzvləri təlimatlandırılmışdır. Qeyd edilən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Şamaxı rayon İcra Hakimiyyətinə müvafiq məktub ünvanlanmışdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı sökülməsini tələb etdiyi tövlənin, ot və saman yığılmış quruluğun, təndirin onun evinə bitişik tikildiyini iddia etsə də, bu barədə “əsaslı şübhədən kənar” sübut təqdim etməmişdir. Belə ki, yanaşı yoxlanılmış 10 avqust 2015-ci il tarixli aktda cavabdehə məxsus quruluğun yaşayış evinin şərq tərəfində bitişik olduğu göstərilsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin 04 avqust 2020-ci il tarixli 37/A-01028 saylı məktubunda bunun əksinə olaraq talvar binasının fərdi yaşayış evinə yaxın məsafədə olduğu göstərilmişdir. Hər iki sübutda, tövlə tikintisi və təndir qurğusunun evin yaxınlığında və ya ona bitişik yerləşdirilməsi halı təsdiq edilməmişdir. Məhkəmə həmin akt və məktubda quruluq (talvar binası) tikilisinin yeri barədə qeyd edilənlərin birinin digərini tamamlamadığını, əksinə təkzib etdiyini nəzərə alaraq, bu sənədləri quruluq (talvar binası) tikilisinin yerləşmə yerinə dair hissədə “əsaslı şübhədən kənar” sübut saymır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə “əsaslı şübhədən kənar” sübutlarla iddiaçının sökülməsini tələb etdiyi tövlənin, ot və saman yığılmış quruluğun, təndirin onun evinə bitişik tikilməsi halı təsdiq edilməmişdir. Bundan başqa, iddiaçı tikintinin cavabdeh tərəfindən aparılması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla sökülməsi tələb olunan tikinti və qurğunun cavabdeh tərəfindən aparılması halları təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, iş üzrə sübutlarla sökülməsi tələb olunan tövlənin, ot və saman yığılmış quruluğun, təndirin iddiaçının maraqlarına toxunması, tikintinin cavabdeh tərəfindən aparılması, bununla da cavabdehin götürmədən və ondan məhrum etmədən iddiaçının mülkiyyətinə qəsd və maneələr törətməsi təsdiq edilmədiyindən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun evinə bitişik olaraq tikdiyi quruluğun sökülməsi, otun, samanın oradan çıxarılması, tkinti normalarına uyğun tikilməyən tövlənin və təndirin sökülməsi və cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1155/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1155/2021
16.11.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver