Məhkəmə qərarları › İş №2(007)-1314/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1314/2025

04.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1314/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar sözlər: “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı ”mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilinə istifadə hüququnun olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzili atası X1 mülkiyyətində olub. 23 fevral 2007ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin məzil ona bağışlanmış və ailə üzvləri buna razılıq vermişdir. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh isə onun bacısıdır. Cavabdeh 25 il olar ki, ailə həyatı qurub başqa və Bərdə rayonuna gəlin köçmüşdür. Həmin vaxtdan da o, Bərdə rayonu, R.İsmayılov küçəsi, döngə 8, ev 8-də yaşayır. Cavabdeh məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdeh Bərdədə yaşayır və öz adına mənzil var. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş (videokonfrans vasitəsilə) Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. 2000-ci il tarixdən ailə qurandan Bərdədə yaşayır.

6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilində qeydiyyatdadır.

10. 23 fevral 2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilini İddiaçı bağışlamışdır.

11. Seriya MH, ******* reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının atası X2 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilini İddiaçı bağışlamışdır. Həmin mənzil xx.xx.2007-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilində yaşamır, ailə qurub Bərdə rayonunda yaşayır. Məhkəmənin əvvəlki iclasında (videokonfrans vasitəsilə) bildirmişdir ki, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

15. Göründüyü kimi cavabdeh iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

17. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar