Məhkəmə qərarları › İş №2(007)-1324/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1324/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1324/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 saylı evin 26 saylı mənzili üzrə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 onun xüsusi mülkiyyətidir. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Mənzili 0, alqı-satqı müqaviləsi ilə almışdır. Onun mənzilində onlardan başqa mənzilin əvvəlki sakini Cavabdeh hələ də qeydiyyatdadır. O, bu mənzildə qeydiyyatda olsa da orada yaşamır və harada yaşaması məlum deyil. Onun qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, zərfin üzərində köçüb qeydi yazılaraq geri qaytarılmış və cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşamadığından bildirişin ona təqdim edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 23.06.2008-ci il tarixdə AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qayda da təsdiq edilmiş surətindən görünür ki, X2 Bakı şəhəri, Nizami rayonu, ünvan 1-i İddiaçı satmışdır və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.07.2008-ci il tarixli Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** №-si ilə qeydiyyata alınmışdır. - 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 313 №-li 10.08.2020-ci il tarixli arayışından görünür ki, köhnə sakin Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, X2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1-i İddiaçı 23.06.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil özgəninkiləşdirilərək İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin köhnə sakini olan cavabdeh mənzildən köçsə də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışdır, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 saylı evin 26 saylı mənzili üzrə istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 73 saylı evin 26 saylı mənzili üzrə istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar