Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1340/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən əmlakı 30 iyul 2018-ci il tarixli 20-İP-AİF-1-0-149-18 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında X1 almışdır. Qeyd olunan mənzilin alqı-satqısı həyata keçirilən zaman “elektron notariat” AİS-dən çıxarışa əsasən həmin mənzildə satıcı ilə birlikdə 7 nəfərin qeydiyyatda olduğu məlum olmuşdur. Qeydiyyatda olan həmin şəxslər tərəfindən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmədikləri barədə notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmişdir. 30 iyul 2018-ci il tarixli 20-İP-AİF-1-0-149-18 saylı alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq satıcının üzərinə vəzifə kimi qoyulmuşdur. ünvan 2 ünvanında yerləşən mənzili Azərbaycan Respublikas! Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX1339313 seriya nömrəli çıxarışla rəsmiləşdirmiş və həmin çıxarışa əsasən həmin mənzil onun xüsusi mülkiyyətindədir. Həmin vaxtdan bəri cavabdehlər sözügedən mənzildən köçmüşlər və o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Bildirmək istəyir ki, müraciəti əsasında 16.12.2020-ci il tarixdə ona təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən mənim xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır və onlara dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdehlər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil ona satıldığı gündən oradan istifadə hüquqlarını itirmişlər və o, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə onların onun mənzilində qeydiyyatda qalmaları onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarımı məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə onların razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq başqa yerdə yaşaması, amma mənim mənzilimdə qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər mənzili ona satdığı gündən daimi yaşamaq üçün başqa yerə köçmüşlər. Nəticə etibarilə, cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iş üzrə cavabdehdir, iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştiralçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 30 iyul 2018-ci il tarixli 20-İP-AİF-1-0-149-18 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdır və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 251 nömrəli reyestr kitabının 24593 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 16.12.2020-ci il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dır. - Cavabdeh3 29 iyul 2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və istənilən Banka ipotekaya qoyulmasına etiraz etmir. İpotekanın şərtləri ilə tanışdır. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən Bankın tələbinə əsasən qeyd-şərtsiz tərk edəcəkdir. - Cavabdeh2 29 iyul 2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünürki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına və istənilən Banka ipotekaya qoyulmasına etiraz etmir. İpotekanın şərtləri ilə tanışdır. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən Bankın tələbinə əsasən qeyd-şərtsiz tərk edəcəkdir. - Cavabdeh1 30 iyul 2018-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünürki, qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev-2-də yerləşən 18 nömrəli mənzilin satılmasına və istənilən bankın hər hansı bir filialından götürülən kreditin təminatı kimi ipoteka qoyulmasına etiraz etmir. Banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razıdır və bu halda Bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə gotürür. Məhkəmə iclasında müəyyən olundu ki, X4 özünə məxsus ünvan 1 ünvanında yerləşən mənzili 30 iyul 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil özgəninkiləşdirilərək İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin köhnə sakinləri olan cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışdırlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1340/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1340/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver