Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1341/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildən əmək fəaliyyəti keçmiş Dövlət Yanacaq Komitəsi (indiki ARDNŞ) Əli Bayramlı (indiki Şirvan) şəhər Neft Bazası ilə bağlı olmaqla müxtəlif vəzifələrdə işləmişdir. Bu müəssisədə sonuncu vəzifəsi xx.xx.2022ci il tarixli 9 nömrəli müqavilə ilə mexanik vəzifəsi olmuşdur. İşlədiyi müddət ərzində əmək qanunvericiliyi və sahə normativ hüquqi sənədlər əsasında əmək kontraktı (müqaviləsi) ilə üzərinə düşən vəzifə və tələbləri vicdanla yerinə yetirməklə heç bir tənbeh cəzasına məruz qalmamışdır. Ona həyatında dəyən ən böyük mənəvi zərbə yeganə gözünün ağı-qarası qızının valideyndən xəbərsiz evə qayıtmaması və anasının ona verdiyi xəbərə görə cənub bölgəsindəki bir rayona kimsə tərəfindən qoşulub-qaçması olmuşdur. Bu xəbəri eşidən axşam ən yaxın dostu ilə həmin şəxsin yaşadığı bölgəni, kəndi qarış-qarış axtarmaq üçün gecə ilə yola düşüb getmişdir. Mobil telefonu evdə unutduğundan bu barədə rəhbərliyə məlumat verə bilməmişdir. Amma ki, elə bil onun işlədiyi 2 saylı X1 sahəsinin rəhbəri Rüfət Məlikovun, indi də bilmədiyi hansısa “subyektiv səbəblər”dən onu dindirmədən, ondan yazılı və yaxud izahat almadan birbaşa Baş İdarəyə müraciət edib komissiya istəməsi olmuşdur. X2 Sahəsinin rəisi Rüfət Məlikovun “sifarişi” ilə yoxlamaya gələn komissiya onun qarşısında 2 dilemma qoymuşdur: Ya Əmək Məcəlləsinin 70.c və 72.a maddəsi ilə işdən çıxarılmalı, ya da onların verdikləri “standart formalı” ərizənin özünə aid olan hissələrini doldurub onlara təqdim etməlidir. Bundan sonra komissiyanın təkidi ilə nə yazdığını və necə yazdığını, yazılmış şablon formalı ərizənin surətinin işə götürən tərəfindən xüsusi poçtla onun teleqramları əsasında ona xx.xx.2023-cü ildə göndərilməsinə qədər, stress və ruh düşkünlüyü vəziyyətində olan bir valideyn kimi xatırlaya bilmirdi. İndi özü düşünüb müzakirə edir ki, işlədiyi 2 saylı X1 sahəsinin rəisi Rüfət Məlikov nə üçün onu rəhbərlik etdiyi əmək kollektivinin bir üzvü kimi qəbul edib, dərdi ilə, başına gələn müsibətlə maraqlanmadan ildırım surəti ilə Baş İdarədən Komissiya istəmişdir. Heç məhkəməxətşünaslıq ekspertizasına da ehtiyac yoxdur ki, onun özünə məxsus, normal xətti ilə, ailə problemlərinə görə stressə düşdüyü şəraitdə yazdığı xətti arasındakı fərqi görməsin. Ona xüsusi poçtla göndərilmiş işdənçıxarma ərizəsində və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə qanunvericiliyin heç bir tələbinə əməl edilməmişdir. Göstərilənlərə əsasən, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında "xxxx" QSC-nin qəbul etdiyi xx.xx.2023-cü il tarixli KƏ-1333-2023 saylı əmrin ləğv edilməsi, QSC-nin 2 saylı X2 sahəsində 12 dərəcə üzrə mexanik vəzifəsinə işə bərpa edilməsi və işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra-Cəmiyyət) qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, guya Cəmiyyət tərəfindən İddiaçı təzyiq edilərək işdən çıxması barədə ərizə yazdırılmış, ərizə yazan zaman nə yazdığını bilməmişdir, telegram vasitəsilə işdən azad olunma əmrini aldıqdan sonra nə baş verdiyini anlamış və işdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı QSC-nin baş icraçı direktoruna ünvanlamış olduğu 02 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və onun ərizəsi əsas götürülərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, yəni əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdir. Bundan əlavə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 1341/2024 nömrəli qərardadından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə iclaslarına gəlmədiyindən ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının məhkəməyə gəlməməsi, çəkişmə prinsipinin pozması bir daha sübut edir ki, onun tərəfindən verilmiş iddia əsassız olmaqla formal xarakter daşıyır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya qarşı hər-hansı hüquqazid əməl törədilməmiş, onun əmək hüquqları pozulmamışdır və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. İddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə və xx.xx.2024-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, səhhətindəki problemlər və maddi imkansızlığı səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddia ərizəsinin əsaslandırıcı və tələb hissələrini tam həcmdə müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, etirazında göstərilənləri müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı Cəmiyyətin Şirvan şöbəsində işləyib. Özü ərizə ilə müraciət edərək işdən çıxıb. Sonradan ərizə yazaraq bildirib ki, qızı qaçdığı üçün affekt vəziyyətində olub və əvvəlki ərizəni də o halda yazmışdır, bunu nəzərə alaraq işə bərpa olunmasını xahiş etmişdir. Lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddia tələbi tam əsassızdır, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, 02 saylı X1 Sahəsinin mexaniki İddiaçı ərizə ilə "xxxx" QSC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. - "xxxx" QSC-nin Baş icraçı direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli KƏ- 1333-2023 nömrəli əmrin surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi əsasında QSC-nin 2 saylı X2 sahəsində 12-ci dərəcə mexanik vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, XO-xx-xx-0898-2023 saylı məktubundan görünür ki, İddiaçı ilə QSC-nin arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən KƏ-1333-2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir və ərizənin geri götürülməsi barədə müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək kitabçasının götürülməsi tövsiyyə edilmişdir. - MŞS/MT023/2023-02634 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" QSC ilə xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi bağlayaraq, "xxxx" QSC-nin 2 saylı X2 sahəsində 12-ci dərəcə mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə, 02 saylı X1 Sahəsinin mexaniki İddiaçı ərizə ilə "xxxx" QSC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. "xxxx" QSC-nin Baş icraçı direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli KƏ-1333-2023 nömrəli əmrə əsasən, xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi əsasında QSC-nin 2 saylı X2 sahəsində 12-ci dərəcə mexanik vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq "xxxx" QSC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən xx.xx.2012-ci il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı mexanik vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Beləliklə, işəgötürən "xxxx" QSC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən işçinin öz ərizəsi əsasında xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Buna görə də, iddia tələbi əsassız olduğundan, “əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər “əmrin ləğvi” tələbindən törəmə tələblərdir, əmrin ləğvi hissəsində iddia tələbi əsassız olduğundan, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1341/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1341/2024
07.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver