Məhkəmə qərarları › İş №2(007)-1367/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1367/2024

12.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1367/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 67 MİKS cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X16 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürmə” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 67 MİKS cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X16 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 67 MİKS cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X16 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızının, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X13 Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsindəki 66 saylı evin 5-ci mənzilindən istifadəsinə yaradılan maneələrin qanunsuz hesab edilməsi və onun ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanı atası X5 1974cü ildə verilmişdir. Həmin mənzildə onlar ailəsi ilə birlikdə son vaxtlaradək yaşamışlar. Sonra cavabdehlər onu yaşadığı mənzilə buraxmayaraq hüquqlarını pozmuşlar. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, cavabdehlər buna imkan verməmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olmuşdur. Cavabdehlərin uzun müddət yaşadığı mənzilə onu buraxmayaraq orada yaşamağına imkan vermədiklərinə görə həmin hallar aradan qaldırılmalı və həmin mənzilə məhkəmə qaydasında köçürülməlidir.

İş materialları :

3. Azərbaycan Respublikası Medalının İ-3056, İ-78982, İ-1142 nömrəli vəsiqələrinin surətindən görünür ki, İddiaçı “Ağdamın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

4. 67 MİKS-nin xx.xx.2011-ci il tarixli arayışından görünür ki, X9 O.Vəliyev küçəsindəki 66 saylı evdə yaşamışdır.

5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) və ya keçmiş Nizami rayon ZDS İK-nin (indiki Nizami RİH) arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Digər tərəfdən bildirilmişdir ki, yataqxanaların sənədləri, o cümlədən vətəndaşların yataqxanada qeydiyyatı alınması barədə Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2-Y-45/2-112/2023-cü il tarixli məktubundan görünür ki, keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai rayon İcra Hakimiyyəti), keçmiş Nizami rayon ZDS İK-nin (indiki Nizami rayon İcra Hakimiyyəti) qərarları Bakı Şəhər icra Hakimiyyətinin arxivində saxlanılmır.

7. Azərbaycan Respublikası Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli 5-16/1-Y-4-112/2024 saylı məktubundan görünür ki, məktubda iddiaçının atası X5 aid xx.xx.1974-cü ilə məxsus olan Sərəncam və qərarın təqdim edilməsi ilə bağlı müraciətə əsasən bildirilmişdir ki, “Milli arxiv fondu" haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlama müddəti 5 ildir. Həmin müddət bitdiyindən 2018-ci ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilmişdir.

8. 67 saylı MKİB tərəfindən Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə verilmiş xx.xx.2022-ci il tarixli məktubdan və həmin məktuba əlavə olan xüsusi qeyddən görünür ki, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsində yerləşən 66 saylı evin 5 nömrəli mənzili Nizami rayonu 67 saylı MKİS-nin balansındadır. Faktiki olaraq həmin mənzildə aşağıdakı şəxlər yaşayırlar: 1-ci ailə - Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3; 2-ci ailə- Cavabdeh8, Cavabdeh4, Cavabdeh5; 3-cü ailə- Cavabdeh6 və X21. Xüsusi qeyd - Nizami rayonu, O.Vəliyev küçəsi ev 66, mənzil 5-də qeydiyyatda olan X9 xx.xx.1976-cı ildən 1993-cü ilə qədər həmin ünvanda qeydiyyatda olmuşdur. 1993-cü ildən yuxarıda adları qeyd olunan Zəngilan və Ağdam qaçqınları həmin ünvanda yaşayırlar. X9 2013-cü ildə vəfat etmişdir. İddiaçı X1 Eldəniz Məhəmməd oğlunun həyat yoldaşıdır. Onların birgə nikahda olan övladı İddiaçı vətən müharibəsi iştirakcısıdır. 3 medal ilə təltif olunmuşdur. ünvan 3 ünvanına 1993-cü ildən məskunlaşan məcburki köçkünlərin yerləşməsinə və yanaşmasına baxmayaraq mənzil kommunal xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Qeyd: 1993-cü ildə həmin mənzili qaçqın və məcburi köçkünlərə köməklik məqsədi ilə müvəqqəti yaşamaq üçün vermişdir. Və 1-ci Qarabağ müharibəsinə könüllü olaraq yollanəkim Kapitan-müharibə veteranı olmuşdur.

9. Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 66, 5 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

10. Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.1995-ci il tarixdən akı şəhəri, Nizami rayonu, köhnə Korelenko 49 ünvanında müvəqqəti qeydiyyatda olmuşlar. Hal-hazırda ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Adları qeyd edilən digər vətəndaşlar Cavabdeh8, Cavabdeh5 və X15 xx.xx.2006-cı il tarixdən ünvan 4 ünvanında müvəqqəti qeydiyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh7 Amid qızının, Cavabdeh6 və X13 yaşadığı ünvan barədə Komitədə rəsmi məlumat yoxdur.

11. Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 216 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri X14, X17, X18, X10, X7 məskunlaşmışdırlar.

12. Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri Cavabdeh5 və X15 məskunlaşmışdırlar.

13. Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin O.Vəliyev 66 (inzibati bina) küçəsində Zəngilən məcburi köçkünləri 15 saylı notariat ofisinin etibarnaməsinə əsasən AR-İ 809859 Cavabdeh7, Cavabdeh3 oğlu və Cavabdeh2 məskunlaşmışdırlar.

14. 67 saylı MKİS tərəfindən verilmiş 154 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda qeyd edilmişdir ki, Nizami rayonu, O.Vəliyev küçəsi ev 66, mənzil 5də qeydiyyatda olan X9 xx.xx.1976-cı ildən 1993-cü ilə qədər həmin ünvanda qeydiyyatda olmuşdur. 1993-cü ildə həqiqi hərbi xidmətə könüllü yollanmışdır, lakin qeydiyyatdan çıxmamışdır. O, 1-ci Qarabağ müharibəsində həkim-kapitan müharibə veteranı olmuşdur. X9 xx.xx.2013-cü ildə vəfat etmişdir. X2 Eldəniz Məhəmməd oğlunun həyt yoldaşıdır. Onların birgə nikahda olan övladı İddiaçı vətən müharibəsi iştirakcısıdır. 3 medal ilə təltif olunmuşdur. ünvan 3 ünvanına 1997-ci ildən məcburi köçkünlərin məskunlaşmalarına baxmayaraq mənzil kommunal xərcləri İddiaçı tərəfindən ödənilmişdir. Qeyd: O.Vəliyev 66 m 5 ünvanında məskunlaşan Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X21 verdikləri ifadəyə görə 1997-ci ildən orada məskunlaşmışlar.

15. Forma “A” sənədindən görünür ki, X9 xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, xx.xx.1983-cü ildə Nəsimi rayonu, Bakıxanov küçəsi ev 23 ünvanından gəlmiş, OBD Şaumyan RİK-də işləyib, xx.xx.1977-ci ildə çıxmışdır.

16. Forma “A” sənədindən görünür ki, X9 xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, 15.11.76-cı ildə Masallı rayonundan gəlmiş, OBD Oktyabrskaya Rika D/m RİK-də işləyib, xx.xx.1974-ci, OBD Şaumyan RİK-də işləyib, xx.xx.1977-ci ildə çıxmışdır.

Tərəflərin izahatları :

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli ev zavodda işləyən şəxslərə verilmişdir. Mərhum atası da Sənaye Tikinti İdarəsində usta kimi işləmiş, həmin evi də oradan ona vermişlər. Atası həmin İdarədə 3 il işləmişdir. Evdə isə 1972-ci il tarixidən yaşamışdır. Sonra tibb təhsili aldığı üçün gedib tələbə yataqxanasında qalmış, 1983-cü ildən X3 işləmişdir. 1985ci il tarixində qardaşı, bacısı mübahisə predmeti olan evdə doğulmuşlar. Atasının qeydiyyat vəsiqəsində də göstərilmişdir ki, mübahisəli mənzildə 1974-cü il tarixindən qeydiyyatdadır. 2003-cü il tarixində atası hərbi xidmətdən qayıtdıqdan sonra Bakıya gəlmişdir. 1991-ci il tarixindən qərar var ki, həmin mənzillərdə yaşayan şəxslər evlərini özəlləşdirə bilərlər. Atası həmin evi mülkiyyətinə keçirtməmişdir. Çünki həmin ərazidə yaşayanların hamısı evdə qeydiyyat vəsiqəsi ilə yaşayırla. Onların heç birinin çıxarışı yoxdur. Belə bir anlayış formalaşmışdır ki, evdə qeydiyyatdayamsa, evin mülkiyyətçisiyəm. O, həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan evin məişət tullantılarına görə kommunal xərcini o ödəmişdir. Belə ki, məcburi köçkünlər 2019-cu ildən sonra bəzi imtiyazlardan məhrum olduqları üçün mübahisə predmeti olan evin məişət tullantılarına görə kommunal xərcləri ondan tələb edilmişdir. O, həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair ona görə kirayə müqaviləsi bağlaya bilməmişdir ki, ona bildirilmişdir ki, müqavilə bağlansa, iki tərəfin hüququ pozulacaq. O, mübahisəli mənzilə qeydiyyata düşmək üçün inzibati məhkəməyə müraciət etmişdir. Lakin o, həmin evdə yaşamadığı üçün İnzibati məhkəmə tərəfindən onun sənədləri geri qaytarılmışdır. Belə ki, qeyd edilmişdir ki, evdə yaşamadığı üçün qeydiyyata düşə bilməz. O, ancaq evə qeydiyyata düşdükdən sonra kirayə müqaviləsi bağlaya bilər. O, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2 dəfə qəbulda olmuşdur. Ona bildirilmişdir ki, bu iş mülki xarakterlidir. Məhkəmə tərəfindən baxılmalı olan məsələdir, onunla müqavilə bağlaya bilməzlər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

19. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

4. Mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir : Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu), Kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu), Mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənziltikinti kooperativinin fondu), Vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir.

6. yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.

48. dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

106. fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

107. yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir.

108. işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yaraqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.

Məhkəmənin mövqeyi :

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

25. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X16 qarşı olan “mənzilə köçürülmə” tələbini atasının iş yeri olmuş Sənayə Tikinti İdarəsi tərəfindən atasına verilmiş mənzildən istifadə etməsinə, yaşamasına cavabdehlər tərəfindən maneə yaradılması ilə əsaslandırmışdır.

26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

27. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən ilk növbədə iddiaçının həmin mənzildə yaşamaq hüququ olub-olmaması, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.

30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

31. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

32. Məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s

33. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı atası X9 70-ci illərdə mübahisə mənzil olan Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzilində qeydiyyata alınmaqla orada yaşamışdır. İddiaçının atası 1993-cü ilədək həmin mənzildə yaşamış və həmin ildə hərbi xidmətə getmişdir.

34. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, atası 1993-cü ildə müharibəyə getmiş və mənzili müvəqqəti yaşamaları üçün məcburi köçkünlərə vermişdir. Onları isə Masallıya köçürmüşdür. Həmin vaxt o təzə anadan olmuş və bir neçə ay həmin mənzildə yaşamışdır. Atası hərbiçi olduğu üçün ayrı-ayrı şəhərlərdə yaşamışlar. 1997- 2003-cü illərdə Naxçıvanda yaşamışlar və 2003-cü ildə isə Bakıya qayıtmışlar. Atası isə 2013-cü ildə vəfat etmişdir.

35. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə etməsi ilə bağlı yaranan münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.

36. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, ev 66, 5 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla, Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in balansındadır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

37. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

38. Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in verdiyi xx.xx.2022-ci il tarixli məktubu və Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzili Nizami rayon MKTB-nin 67 saylı MKİS-in balansındadır.

39. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının atası hərbi xidmətə getdikdən sonra 2003-cü ildə Bakı şəhərinə qayıtmış, lakin qayıtdıqdan sonra mübahisəli mənzildə yaşamamış, həmin mənzildə yaşamaq üçün hər hansı bir tələb irəli sürməmişdir.

40. İddiaçı məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, atası müharibəyə gedərkən həmin mənzili məcburi köçkünlərə verib getmiş, qayıtdıqdan sonra isə həmin mənzildən məcburi köçkünləri çıxarmamışdır.

41. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, məcburi köçkünlər mübahisəli mənzildə iddiaçının qeyd etdiyi kimi 1993-cü ildən deyil, 1995-ci il və daha sonra məskunlaşmışlar və mübahisəli mənzildə müvəqqəti qeydiyyata alınmışlar.

42. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.1995-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, köhnə Korelenko 49 ünvanında müvəqqəti qeydiyyatda olmuşlar. Hal-hazırda ünvan 4 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Adları qeyd edilən digər vətəndaşlar Cavabdeh8, Cavabdeh5 və X15 xx.xx.2006-cı il tarixdən ünvan 4 ünvanında müvəqqəti qeydiyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışlar. Əlavə olaraq bildirilmişdir ki, Cavabdeh7 Amid qızının, Cavabdeh6 və X13 yaşadığı ünvan barədə Komitədə rəsmi məlumat yoxdur.

43. Məhkəmə iclasında cavabdehlər Cavabdeh7 Amid qızı və X21 isə izahatlarında mübahisəli mənzildə 1997-1998-ci illərdə məskunlaşdıqlarını qeyd etmişlər.

44. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı mübahisəli mənzilə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə sübyektiv hüququ yoxdur.

45. İlk öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı izahatında qeyd etmişdir ki, mübahisəli mənzil atasına onun iş yeri olmuş Sənaye Tikinti İdarəsi tərəfindən verilmişdir. Atası 3 il orada usta işləmişdir. Sonra tibb təhsili aldığı üçün gedib tələbə yataqxanasında qalmış, 1983-cü ildən X3 işləmişdir.

46. Məhkəmə icasında tədqiq edilmiş iş materialları və iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçının atası könüllü olaraq həmin idarədə işdən ayrılmış və 1993-cü ildən isə mübahisəli mənzildən könüllü olaraq köçmüşdür. Belə ki, o könüllü olaraq hərbi xidmətə getmiş və ailəsini də başqa rayona köçürmüşdür. Bakı şəhərinə qayıtdıqdan sonra isə 10 il müddətində, yəni vəfat edtiyi tarixədək həmin mənzildə yaşamamış və həmin mənzilə dair hər hansı tələb irəli sürməmişdir. İddiaçının verdiyi izahata əsasən müəyyən edilmişdir ki, onların həmin mənzilə yaxın olan başqa yaşayış evləri var və orada yaşayırlar.

47. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil- Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in rəisi verdiyi izahatda qeyd etmişdir ki, qeydiyyat vəsiqəsi ilə həmin mənzillər özəlləşdirilə bilər. Bunun üçün şəxs öncə qeydiyyata düşməli və İcra Hakimiyyəti ilə kirayə müqaviləsi bağlamalıdır. Şəxs vəfat edibsə, onun vərəsəsi də müqavilə bağlaya bilər. Həmçinin qeyd etmişdir ki, həmin mənzillərdə başqa şəxslərdə qeydiyyat vəsiqəsi əsasında yaşayırlar. Lakin sənədləşmə işləri uzun olduğu üçün özəlləşdirməyiblər.

48. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının atası tərəfindən həmin yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanılmamış və adına sənədləşdirilməsi üçün hər hansı bir hərəkət edilməmişdir. İddiaçı həmin mənzillərdə başqa şəxslərin qeydiyyat vəsiqəsi ilə yaşadığını qeyd etsə də, iddiaçı tərəfindən məhkəməyə həmin mənzillərdə qeydiyyat vəsiqəsi əsasında yaşayan şəxslər tərəfindən həmin mənzillərin özəlləşdirilməsinə dair sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının verdiyi izahata əsasən müəyyən edilmişdir ki, bunun üçün İcra Hakimiyyətinə müraciət etmiş, lakin imtina edilmişdir.

49. Belə ki, izahatında qeyd etmişdir ki, o, mübahisəli mənzilə qeydiyyata düşmək üçün inzibati məhkəməyə müraciət etmişdir. Lakin o, həmin evdə yaşamadığı üçün İnzibati məhkəmə tərəfindən onun sənədləri geri qaytarılmışdır. Belə ki, qeyd edilmişdir ki, evdə yaşamadığı üçün qeydiyyata düşə bilməz. O, ancaq evə qeydiyyata düşdükdən sonra kirayə müqaviləsi bağlaya bilər. O, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2 dəfə qəbulda olmuş, lakin onunla müqavilə bağlamamışlar.

50. Məhkəmə iddiaçının özünə münasibətdə isə qeyd edir ki, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

51. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçının atası 1993-cü ildə həmin yaşayış sahəsini tərk edərək müharibəyə getmiş və ailəsini də başqa rayona köçürmüşdür və iddiaçı isə 1993-cü ilin oktyabr ayında anadan olmuşdur. İddiaçının həmin mənzildə yaşayıb-yaşamaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının qeyd etməsinə əsasən onlar köçəndə o, yeni anadan olumuş imiş.

52. Məhkəmə qeyd edir ki, əgər iddiaçının həmin mənzilə istifadə hüququ yarandığını qəbul etsək belə o, həmin hüququ itirmişdir.

53. Belə ki, Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

54. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 66 saylı evin 5 saylı mənzil üzərində istifadə hüququ mövcud deyildir. Belə ki, onun izahatına əsasən onun həmin mənzildə doğulub və yaşadığını qəbul etsək də, işin mübahisəsiz halı odur ki, iddiaçı uzun müddətdir ki, orada yaşamır, atasının sağlığı dövründə isə belə bir tələb nə atası tərəfindən, nədə özü tərəfindən irəli sürülməmişdir.

56. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığı müəyyən edildiyindən cavabdehlər tərəfindən yaradılan maneələrin qanunsuz olub-olmaması məsələsinə qiymət verilməsinə ehtiyac yoxdur.

Məhkəmə Xərcləri :

57. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

58. Belə olan halda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

59. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 67 MİKS cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh7 Amid qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, X15, Cavabdeh5, Cavabdeh6 və X16 qarşı “mənzilə köçürülmə” tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar