Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-138/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə (Açar sözlər: “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı Şəhəri 50 saylı Notariat Ofisi cəlb edilməklə “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Maraqlı şəxs2 bacısı olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı Şəhəri 50 saylı Notariat Ofisini maraqlı şəxslər siyahısından çıxarılmasını, məhkəməyə təqdim etdiyi iddia ərizəsinin ərizə kimi qəbul edilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi öz mülkiyyətində olan əmlakını bacısı olan maraqlı şəxs X2 bağışlama müqaviləsi ilə mülkiyyətinə keçirmək istəyən zaman notarius bildirmişdir kı, tərəflər arasında qohumluq faktının təsdiq edilməsinə dair sənəd zəruridir. Maraqlı şəxs Rusiya Federasiyası vətəndaşıdır. Maraqlı şəxs Azərbaycana gəldikdə isə bacısı olan ərizəçinin ünvanında yaşayır. Hal-hazırda maraqlı şəxsin doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Doğulduğu ərazi hazırda Ermənistan Respublikasının ərazisi olduğundan müvafiq Qeydiyyat Şöbəsindən doğum haqqında şəhadətnamənin alınması da mümkünsüzdür. Ərizəçi və maraqlı şəxsin hər ikisi sənəddəki adı ilə Ermənistan SSR, Masis rayonu, Dəmirçi kəndində dünyaya gəlmişdir. Ərizəçi 10 oktyabr 1982-ci il tarixdə nikah bağlamış və Əliyeva soyadını almışdır. Maraqlı şəxs isə 11 noyabr 1989-cu il tarixdə nikah bağlamış və Bağırova soyadını almışdır. Hər ikisinin nikahlarından əvvəlki soyadı Abbasova olmuşdur. Hər ikisinin ata adı Cümşüddür. X1 4 fevral 2022-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Ərizəçiyə maraqlı şəxslə bacı olma faktlarının təsdiq edilməsi barədə qətnamə hüquqi sənəd baxımından lazımdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. Ələsgər, Eİmira, Gülüstan, Nərminə, Təhminə və o, hamısı doğma bacıqardaşdırlar. Ermənistan Respublikasında anadan olublar. Nərminə Rusiya Federasiyasının vətəndaşıdır, orada da yaşayır.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, Gülüstan və Nərminə onun baldızlarıdır. Onlar 4 bacı 1 qardaşdırlar. Nərminə və Ələsgər Rusiya Federasiyasının vətəndaşıdır, orada da yaşayırlar.
İş materialları:
9. RUS dövlət kodu 76 № ******* nömrəli pasportun tərcümə olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 Rusiya Federasiyasının vətəndaşıdır. O, 23 oktyabr 1970-ci ildə Ermənistan SSR Masis rayonu Dəmirçi kəndində doğulmuşdur.
10. İİ-HA seriyalı 828557 nömrəli ölüm haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X12 04 fevral 2022-ci il tarixdə vəfat etmişdir.
11. Vİİİ-MЮ seriyalı 331616 nömrəli nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X4 ilə X6 11 noyabr 1989-cı il tarixdə Nikah Sarayı VVAQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5670 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Bağırova” soyadını qəbul etmişdir.
12. İİ-CЛ seriyalı 313469 nömrəli nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X20 ilə X5 10 oktyabr 1982-ci il tarixdə Ermənistan SSR Masis rayonu Dostluq k/sovetində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əliyeva” soyadını qəbul etmişdir.
13. İ-CЛ seriyalı 475951 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X5 xx xxxx 1964-cü il tarixdə Ermənistan SSR, Masis rayonu, Dəmirçi kəndində doğulmuşdur. Ata qrafasında X12, ana qrafasında X13 qeyd edilmişdir.
14. Bakı Şəhəri 50 saylı Notariat Ofisinin 25 may 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs1na müraciət edərək ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllədə yerləşən 60 saylı qeyriyaşayış sahəsini Maraqlı şəxs2 bağışlanmasına dair notariat hərəkətinin aparılmasını, eyni zamanda Maraqlı şəxs2 bacısı olduğuna istinad edərək əmlakın təqdim edilməsinə görə tutulan sadələşdirilmiş vergidən azad edilməsini xahiş etmişdir. Notariat hərəkətinin aparılması üçün təqdim olunmuş sənədlər araşdırılarkən Maraqlı şəxs2 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş, həmçinin həmin sənədlərin “Elektron notariat” informasiya sistemindən əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Həmin Məcəllənin 13.2.7.4-cü maddəsinə əsasən doğma (ögey) bacılar və (qardaşlar) vergi ödəyicisinin ailə üzvləridir. Bununla əlaqədar olaraq bildirir ki, hədiyyə verdiyi şəxslər qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş verginin ödənilməsindən azad olunmasını müəyyən edən normaların tətbiq etməklə əmlakın bağışlanmasına dair notariat hərəkətinin aparılması mümkünsüzdür. Nəzərə çatdırır ki, hədiyyə verdiyi şəxslə qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edildikdən sonra notariat hərəkətinin aparılması həyata keçiriləcəkdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Ermənistan SSR, Masis rayonunun, Dəmirçi kəndində doğulmuşdur. X3, anası X8r. Maraqlı şəxs2 23 oktyabr 1970-ci ildə Ermənistan SSR, Masis rayonunun, Dəmirçi kəndində doğulmuşdur. Hazırda ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 363-364-cü məhəllədə yerləşən 60 saylı qeyri-yaşayış sahəsini bacısı Maraqlı şəxs2 bağışlamaq istəyir, lakin Maraqlı şəxs2 bacısı olduğunu təqdim olunmuş sənədlərdən müəyyən etmək olmur. Belə ki, Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi Ermənistan SSR-də qalmışdır. Maraqlı şəxs2 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilmədiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş verginin ödənilməsindən azad olunmasını müəyyən edən normaların tətbiq etməklə əmlakın bağışlanmasına dair notariat hərəkətinin aparılması mümkün olmamışdır. Doğum haqqında şəhadətnamə Ermənistan SSR-də qaldığı üçün məsələnin həlli başqa yolla mümkün deyil. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Ərizəçi və Maraqlı şəxs2 nikaha daxil olmadan öncə soyadları “Abbasova” və hər ikisinin ata adı “Cəmşid”-dir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər ərizəçi ilə maraqlı şəxsin doğma bacı olduqlarını təsdiq etdilər.
20. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 23 oktyabr 1970-ci il təvəllüdlü Maraqlı şəxs2 xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi bacısı olması barədə hüquqi fakt müəyyən edilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin edilsin. 23 oktyabr 1970-ci il təvəllüdlü Maraqlı şəxs2 xx xxxx 1964-cü il təvəllüdlü Ərizəçi bacısı olması barədə hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova