Məhkəmə qərarları › İş №2(007)-1382/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1382/2023

15.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1382/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsinə xitam verilmiş hesab olunması və bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2020-ci il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, müxtəlif şirkətlərə CV göndərmişdir ki, sürücü kimi işə qəbul olunsun, lakin heç bir şirkət onu işçi kimi qəbul edib işə dəvət etməmişdir. Başqa şirkətə işə qəbul olunmağı ilə bağlı müraciət edib, lakin ona bildiriblər ki, Cavabdeh MMC-də sürücü kimi əmək müqaviləsi bağlanıb. O, həmin şirkətdə işləməmiş və heç bir əmək müqaviləsi bağlamamışdır. Qeyd edir ki, yuxarıda adı qeyd olunan şirkət harada yerləşməsindən və həmin müəssisənin nə işlə məşğul olmasından məlumatı yoxdur, belə bir şirkətdə işləməmiş və heç vaxt həmin müəssisədən əmək haqqı almamışdır. Əmək müqaviləsinə xilam verilməsi ilə bağlı həmin şirkətə müraciət etmək istədi, lakin şirkətin hüquqi ünvanında qeyd olunan ünvan şirkət kimi fəaliyyət göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünücü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 izahatında bildirdi ki, son zamanlar belə hallar baş verir, vətəndaşın şəxsi məlumatlarını əldə edib onun xəbəri olmadan müqavilə bağlayırlar. İddiaçı ərizə ilə Xidmətə müraciət edib və onlar ona rəsmi cavab verərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünücü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, əmək müqaviləsinin olması barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin (ünvan 1 ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlum edilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 mart 2022-ci il tarixli, № MŞB/9-00457 nömrəli arayışından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin iş yerinə dair arayışdan görünür ki, iddiaçı 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də “sürücü” vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi müddətsizdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Asan Xidmət X2 tərəfindən verilən 11 fevral 2023-cü il tarixli, 02/09İS/076735-23 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Gürcüstan Respulikasında, Marneuli rayonunda anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC tərəfindən 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bağlanmış. Müaviləyə əsasən İddiaçı Cavabdeh MMC-də “sürücü” vəzifəsinə işə qəbul edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmamış və Cavabdeh MMC-də işləməmiş, aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən bağlanmış 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi İddiaçı iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanmışdır. İddiaçı Cavabdeh MMC-də müqavilədə qeyd olunan sürücü vəzifəsində işləmədiyindən və əmək müqaviləsi Mülki Məcəllənin və Əmək Məcəlləsinin tələblərinə zidd bağlandığından etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə götürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini onların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir. Göründüyü kimi 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi, müqavilənin hər iki subyektinin, yəni işə götürən və işçinin iştirakı olmadan bağlanmışdır. Beləliklə əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsız olduğundan Cavabdeh MMC tərəfindən bağlanmış 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi 15 dekabr 2020-ci il tarixdən etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi, etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı oğlu ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar