Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1388/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzilə sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh X3 və yetkinlik yaşına çatmayan uşaqları X4, X8, X7 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 55 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 55 saylı evin, 34 saylı mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 fevral 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Cavabdeh X9 onun keçmiş gəlini olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(007)-2223/2024 saylı qətnaməsi ilə oğlu X5 ilə X9 arasında olan nikah pozulmuşdur. Cavabdeh X9 onun mükiyyətində olan mənzilə gəlin gəlsə də, onlarla yaşamaq istəmədiyi üçün ayrı yaşamaq qərarına gəlmişdir. Ona görə də bütün cehiz əşyalarını da götürüb kirayəyə çıxmışdır. Bir neçə il kirayədə yaşadıqdan sonra oğlu ilə ayrılmaq qərarına gəlmiş və nəticədə ayrılmışlar. Oğlu ilə ayrılandan sonra atası evinə Ağsu rayonuna köçmüş və bugünə kimi də orada yaşayır. Ona məxsus heç bir əşya onun mənzilində qalmamışdır. Cavabdeh onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
İş materialları :
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 55 nömrəli evin 34 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2443 nömrəli reyestr kitabının 227375 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X16 Bakı şəhəri, E.Süleymanov küçəsində yerləşən 55 nömrəli evin 34 saylı mənzilində qeydiyyatdadırlar.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2223/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, X9 ilə X5 arasında 03 mart 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 211 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş 26 aprel 2011-ci il təvəllüdlü X16, 11 may 2016-cı il təvəllüdlü X14 və 28 iyul 2019-cu il təvəllüdlü X4 anaları X3 yanında saxlanılması qət edilmişdir.
6. 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 101 nömrəli arayışından görünür ki, X2 rayonu, E.Süleymanov küçəsi, 55 saylı evin 34 saylı mənzilində qeydiyyatda olsa da, 2022-ci il tarixdən bu ünvanda yaşamır.
7. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, nikaha 2010-cu ildə daxil olduğunu, nikaha daxil olduqdan sonra 15 il orada yaşadığını, aralarında problem olduğuna görə bir müddət kirayəyə çıxıb sonra mübahisə predmeti olan mənzilə qayıtdığı, daha sonra yenidən kirayə çıxdığını, 2024-cü ildə yenidən əri ilə nikaha daxil olmaq və ərinə kömək etmək məqsədi ilə nikahlarının pozulduğunu,ərinin onu aldadaraq başqa qadınla nikaha daxil olduğunu, nikah pozulduqdan sonra atası ilə birlikdə yaşadığını, atasının evinin balaca olduğunu, uşaqların rayonda təhsil alması və imkanının olmaması səbəbindən mənzilə köçürülmə ilə bağlı iddia qaldıra bilmədiyini bildirmişdir.
11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İşin faktiki halı :
12. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələmndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 55, 34 saylı mənzil xx.xx.2016-cı il tarixdən İddiaçı mülkiyyətindədir.
13. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamış və iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına alınmışdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
18. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbini cavabdehin 2022-ci ildən mübahisəli mənzildə yaşamaması, lakin qeydiyyatda qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırmışdır.
19. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 55, 34 saylı mənzil dair xx.xx.1994-cü il tarixdə iddiaçıya order verilmiş, daha sonra xx.xx.2016-cı il tarixdə iddiaçının ailə üzvlərinin razılığı əsasında iddiaçının adına özəlləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla Çıxarış verilmişdir.
21. Cavabdeh iddiaçının oğlu ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə paport qeydiyyatına alınmışdır. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
22. Belə olan halda məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
25. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri (arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
28. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
29. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçının oğlu X5 ilə rəsmi nikah bağlamışdır. Tərəflərin birgə nikahlarından 26 aprel 2011-ci il təvəllüdlü X16, 11 may 2016-cı il təvəllüdlü X14 və 28 iyul 2019-cu il təvəllüdlü X10 doğlumuşdur. Tərəflər arasında olan nikaha məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmiş və 26 aprel 2011-ci il təvəllüdlü X16, 11 may 2016-cı il təvəllüdlü X14 və 28 iyul 2019-cu il təvəllüdlü X10 anası Cavabdeh himayəsində saxlanılmışdır.
30. Yuxarıda qeyd edilən qanunvericilik normalarının mahiyyətindən göründüyü kimi keçmiş gəlin olan Cavabdeh keçmiş qaynatası olan İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
31. Cavabdeh hazırda mənzildə formal olaraq qeydiyyatda qalması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır.
32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
33. Ona görə də Cavabdeh mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddiaçının ona qarşı da istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilə bilməz.
34. İddiaçı həmçinin nəvələri 26 aprel 2011-ci il təvəllüdlü X8, 11 may 2016-cı il təvəllüdlü X7 və 28 iyul 2019-cu il təvəllüdlü X4 da mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sürmüşdür.
35. Məhkəmə qeyd edir ki, 26 aprel 2011-ci il təvəllüdlü X8, 11 may 2016-cı il təvəllüdlü X7 və 28 iyul 2019-cu il təvəllüdlü X4 mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
36. Belə ki, 26 aprel 2011-ci il təvəllüdlü X16, 11 may 2016-cı il təvəllüdlü X14 və 28 iyul 2019-cu il təvəllüdlü X10 iddiaçının oğlu ilə cavabdeh arasında olan nikahı pozulduqdan sonra məhkəmə tərəfindən anası olan Cavabdeh himayəsinə verilmiş və hazırda anası ilə birlikdə yaşayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 16 oktyabr 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq onun Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan “ailə üzvləri” anlayışına daxil olan şəxs deyildir.
38. Belə olan halda onun həmin mənzilə istifadə hüququ yaranmadığı üçün onun istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilə bilməz.
39. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehlərin mənzildə pasport qeydiyyatda qalmaları iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır.
40. Məhkəmədə iddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildə formal qeydiyyatda qalmaları səbəbindən mülkiyyətində olan mənzilə sərəncam. sahiblik hüquqlarını həyəta keçirə bilməməsi ilə əsaslandırmışdır.
41. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
42. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.
43. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
44. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir.
45. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər.
Nəticə :
46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı X6 qarşı olan X9 və yetkinlik yaşına çatmamış uşaqları X4, X8, X7 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 55 saylı evin, 34 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. X1 və yetkinlik yaşına çatmamış uşaqları X4, X8, X7 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 55 saylı evin, 34 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva