Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1395/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 1 il əvvəl Cavabdeh 1515 (min beş yüz on beş) manat dəyərində “Tufan” markalı motosiklet satmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh 1800 manat məbləğində pulu hissə-hissə ödəməklə ödəməli idi. O isə 1800 manat puldan cəmi 285 manat pul ödəmişdir. Hal-hazırda isə 1650 manat borc qamışdır. O, dəfələrlə cavabdehə pulun ödənilməsi üçün müraciət etsə də, o qalan pulu ödəməkdən boyun qaçırır. Bununla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsinə izahatında bildirmişdir ki, ona 1650 manat deyil, 1550 manat məbləğində borcu qalmış, bu borcu isə hər ay 50 manat olmaqla qaytaracağına söz vermişdir. 25-ci Polis Şöbəsinin verdiyi arayışda göstərilmişdir ki, AR DİN-nin 2011-ci il tarixli 680 saylı əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alınır və mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alındığına görə ərizə əsasında araşdırma dayandırılır. Bu səbəbdən ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 1515 (min beş yüz on beş) manat məbləğində pulun habelə, tərəfindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin yazılması üçün ödənilmiş 50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Nizami RPİ-nin 25-ci Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Bir il əvvəl öz evinin yanında Kamil adlı şəxsdən 1800 manata nisyə olaraq “Tufan” markalı motosiklet almışdır. 250 AZN vermişdir, hazırda 1550 manat motosikletə görə borcu qalmışdır. Maddi imkanı çox aşağı olduğu üçün borcunu bağlaya bilməmişdir. Söz vermişdir ki, hər ay 50 manat qaytara bilər. Qeyd edir ki, Kamil yalan deyir. Onun Kamilə 1650 manat deyil, 1550 manat borcu var. Onu da hər ay 50 manat olmaqla qaytaracaqdır; - 05.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət üçün X1 (fərdi qaydada fəaliyyət göstərən vəkil) 50 manat pul ödənilmişdir; - 15.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında olan razılığa əsasən iddiaçı “Tufan” markalı motosikileti 1800 manata satmış, cavabdeh isə malın dəyərini hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hazırkı vaxtadək cavabdeh tərəfindən 285 manat ödəniş edildiyini bildirmişdir. Hazırda iş üzrə cavabdehdən qalan borcun tutulması məqsədi ilə məhkəməyə müracaiət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı 1800 manat dəyərində motosikilet almışdır. İddiaçı Nizami RPİ-nin 25-ci Polis Şöbəsində verdiyi izahatında cavabdeh tərəfindən 150 manat ödəniş edildiyini bildirmişdir. Cavabdeh isə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində verdiyi izahatında borcundan 250 manat ödəniş etdiyini və hazırda 1550 manat borcu olduğunu bildirmişdir. Hazırda isə iddiaçı iddia tələbində cavabdeh tərəfindən 285 manat ödəniş edildiyini bildirərək ödənilməmiş 1515 manat borcun cavabdehdən tutulmasını xahiş edir. Qeyd etmək lazımdır ki, cavabdeh məhkəmə proseslərinə iştirak etməyərək məhkəməyə borcun tam şəkildə ödənilməsinə dair heç bir sübut təqdim edilməmiş və məhkəmə tətqiqi zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan aldığı malın dəyəri olan 1800 manat məbləğində pulun qaytarılması halını sübut edə bilməmiş, borcun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh tərəfindən borcun ödəməsi halı müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcun qaytarılması ilə bağlı öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsaəsn hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırda iddiaçı cavabdeh tərəfindən borcdan 285 manat ödəniş edildiyini bildirərək 1515 manat pulun cavabdehdən tutulmasını xahiş etdiyindən və cavabdeh tərəfindən borcun ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1515 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinin məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və hüquqi yardım (iddia ərizənin tərtib edilməsi) üçün ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1515 manat məbləğində pul, ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun və 50 manat hüquqi yardım üçün ödənilmiş pulun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1395/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1395/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver