Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1414/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzildən cavabdeh, yəni oğlu Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh, yəni oğlu Cavabdeh onun mənzilində qeydiyyatdadır. Lakin Cavabdeh qeydiyyatda olduğu, yəni onun mülkiyyətində olan mənzildə yaşamır. Yəni onun həmin mənzildən istifadə hüququ mövcud deyil. Oğlu 13 ildir ki, Bərdə şəhərində ailəsi ilə birlikdə yaşayır və orada işləyir. Oğlu ilə heç bir ünsiyyətləri yoxdur. Ona məxsus həmin mənzillə bağlı notarial qaydada hərəkət etmək istədikdə isə oğlunun razılığını almalı olur. Buna görə də məhkəməyə müraciət etməkdə məqsəd Cavabdeh ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, sözügedən mənzili yoldaşı onun adına almışdır. Həyat yoldaşı 2008-ci il tarixdə rəhmətə getmiş, həyat yoldaşı rəhmətə gedəndən sonra cavabdeh həyat yoldaşının olan hər şeyi satıb pulunu xərcləmiş, hətta ona bu mənzili də əlindən alacağını demişdir. Onun 2 oğlu, 1 qızı var. Cavabdeh onun oğludur və həmin mənzildə yaşamır, sadəcə olaraq qeydiyyatdadır. Oğlu 13 ildir ki, işlədiyi üçün Bərdə şəhərində ailəsi ilə birlikdə yaşayır, 2007-ci il tarixdə ailə qurmuşdur. Cavabdeh özünə ev almış, amma başqasının evinə qeydiyatada düşmüş, uzun müddətdir ki, Bərdədə yoldaşının adına olan evdə yaşayır, Bərdədəki evin çıxarışını götürüb vermir və nə onu, nə də digər oğlu və qızını Bərdədəki evə qoymur. Oğlunun uşaqları yoldaşı ilə birlikdə Sumqayıtda qeydiyyatdadırlar. O, həmçinin qeyd etdi ki, kompensasiya verməyə imkanı yoxdur, xəstədir, onu qardaşları müalicə etdirir, 130 manat pensiya alır. Onlar Keşlədəki ev ilə hazırki evi dəyişmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM seriyalı, 053775 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır, eyni zamanda onunla bərabər X2 qızı, X17 Kadir Fahrettin, X1 Fatimə İmran qızı, X11 və Cavabdeh da qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, 1 saylı mənzil xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - 67 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında yaşayır və 2001-ci ildə oraya qeydiyyata alınmışdır. Eyni zamanda Cavabdeh da 2001-ci ildən həmin ünvanda daimi qeydiyyatdadır. - Bərdə şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında faktiki olaraq yaşayır. - Bərdə şəhərində yaşayan X9, X4, X12, X3 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2008-ci ildən bəri ünvan 2 ünvanında yaşayır. - İşdə mövcud olan xx.xx.2021-ci il tarixli telefonoqramın məzmunundan görünür ki, Cavabdeh məxsus (050)-070 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış məhkəmə iclasına gəlmələri ilə bağlı maraqlanılmış, cavabdeh məhkəmə proseslərə gəlməyəcəyini və mübahisəli mənzildən çıxmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, 14 saylı mənzil xx.xx.2000-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, hazırda onun mülkiyyətindədir və o, orada yaşayır. Həmin mənzildə onunla bərabər qeydiyyatda olan digər oğlu X10, onun övladları, qızı X2 qızı və onun qızı ilə yanaşı Cavabdeh da 2001-ci il tarixdən qeydiyyatdadır. Hazırda cavabdeh mübahisəli mənzildə deyil, ünvan 2 ünvanında faktiki olaraq yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri Cavabdeh 2001-ci ildən Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyata alındığından və tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1dən sonra yarandığından hesab edir ki, hazırki halda mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh 2001-ci ildən ünvan 4 ünvanda qeydiyyatda olmuş, iddiaçı mülkiyyətçi olduğu mənzilə cavabdehin qeydiyyata alınmasına etiraz etməmişdir. Cavabdeh 2007-ci ildən ailə həyatı qurmuş və hazırda ünvan 2 ünvanında faktiki olaraq yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh faktiki olaraq başqa ünvanda yaşadığından, mübahisəli mənzilə ehtiyac aradan qalxmadığından, hələ də mübahisəli mənzildə qeydiyyatda olduğundan, uzun müddət burada yaşadığından onun mənzilə olan istifadə hüquqlarına xitam verilməməlidir. Məhkəmə cavabdehin kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməsi ilə bağlı iddiaçıya təklif etsə də, bununla bağlı İddiaçı kompensasiya vermək imkanı olmadığını, eyni zamanda cavabdeh də həmin mənzildən qeydiyyatdan çıxmağa razı olmadığını bildirmişdir. Məhkəmə eyni zamanda iddiaçının cavabdehin özünə ev alması, amma başqasının evinə qeydiyyata düşməsi, cavabdehin Bərdədə həyat yoldaşının adına olan evdə yaşaması dəlili ilə bağlı bildirir ki, iddiaçı bununla bağlı, cavabdehin həmin mənzilə olan ehtiyacının aradan qalxması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ona məxsus Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzildən cavabdeh, yəni oğlu Cavabdeh istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ona məxsus Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsi, ev 14-də yerləşən 1 nömrəli mənzildən cavabdeh, yəni oğlu Cavabdeh istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1414/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1414/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver