Məhkəmə qərarları › İş №2(007)-1414/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1414/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1414/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8 ünvanında inşa edilən hündürmərtəbəli binadan mənzilinin verilməsi və iddianın qaldırıldığı tarixə qədər olan ödənilməmiş 7000 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "İnşaat Konstruksiyaları” MMC ilə xx.xx.2016-cı il tarixdə 33 nömrəli ikitərəfli notarial qaydada təsdiq olunmuş müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə, o, istifadə və sahibliyində olan ünvan 1 ünvanındakı mənzilini boşaldıb MMC-yə təhvil verməli, MMC isə həmin ünvanda olan mənzilinin söküntüsü və yerində yeni hündürmərtəbəli binanın tikintisini həyata keçirərək mənzilinin ümumi sahəsinə 20% əlavə olaraq tam təmirli vəziyyətdə mənzili təhvil verməyi və müvəqqəti yaşamaq məqsədilə binanın tikintisi başa çatanadək aylıq 350 ( üç yüz əlli) manat kirayə haqqını ödəməsi barədə öhdəlik götürmüşlər. O, müqavilədə nəzərdə tutulan müqavilə öhdəliklərini tam yerinə yetirmiş, lakin MMC müqavilənin bağlanmasından 7 il keçməsinə baxmayaraq mənzilini verməmiş, kirayə haqqım isə 2020-ci ilin fevral ayından dayandırmışdır. Bu barədə o, cavabdehə dəfələrlə müraciət etsə də, həmişə yalan vədlər verərək mənzili verməkdən və kirayə haqqını ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, 2016cı ildən mənzildən çıxarılsalar da onlara mənzil verilməmişdir. Eyni zamanda artıq 3 ildir ki, kirayə haqqı da ödənilmir. Sökülən mənzil yataqxana tipli mənzil olmuş, onlar 1993-cü ildə məcburi köçkün kimi gəldikləri zaman bu mənzildə yerləşdirilmişlər. Mənzillərinin ümumi sahəsi 40-45 kv.m, 2 otaqlı olmuşdur. Amma müqavilədə evin sahəsi 30 kv.m kimi qeyd edilmişdir. Onlara sökülən mənzilin yerinə 60 kv.m yer veriləcəyini demişdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli müqavilənin 1-ci bəndinə görə MMC Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8 ünvanında yerləşən yaşayış sahəsi üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan binanın həmin mərtəbə səviyyəsində Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə olaraq təmirli vəziyyətdə mənzili təhvil verməyi öhdəsinə götürmüş, mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasını, MMC-yə təhvil verilməsini təmin etməli və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil, aylıq 350 (üç yüz əlli) manat kirayə haqqını tələb etmək hüququ vardır. Müqaviləyə qeyddə qeyd edilmişdir ki, MMC hər bir mənzilə əlavə olaraq 10 kv.m sahənin verilməsini öhdəsinə götürür, bina təhvil verilənədək kirayə haqqı ödəniləcək, iki otaqlı mənzil əvəzinə iki otaqlı mənzillə təmin ediləcək. Həmin müqavilənin “Yekun şərtləri” bölməsinin 6.5-ci bəndinə görə bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra qeyri-şərtsiz MMC-yə təhvil verəcəklər. Beləliklə, cavabdeh "xxxx" MMC xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzili iddiaçının istifadə və sahibliyinə verməmiş, o cümlədən aylıq 350 manat olmaqla bütün kirayə haqqını verməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı istifadəsində olan mənzillə bağlı tərtib olunmuş 2016-cı il tarixli aktın surətindən görünür ki, akta imza edən şəxslər tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 8 nömrəli evin 8 saylı mənzilinin mövcud vəziyyətdə ümumi sahəsinin 29,5 kv.m olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8, mənzil 8 ünvanında iddiaçının sökülən mənzilinin yerinə dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20% və mənzilin sahəsinə 10 kv.m əlavə olaraq tam təmirli vəziyyətdə mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin qeyd olunan mənzil iddiaçıya verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə sökülən mənzilinin yerinə onun dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə əlavə 20 faiz və 10 kv.m sahə verilməsi nəzərdə tutulsa da, bu mənzilə dair dövlət reyestrindən çıxarışının olması iş materialları və iddiaçının izahatı ilə təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan ümumi sahəsi 29,5 kv.m olan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8, mənzil 8 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində mənzilin ümumi sahəsinə əlavə 20% və 10 kv.m sahə əlavə edilməklə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixli müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya mənzil 16 ay müddətinə tikinti işlərini başa çatdıraraq təhvil verilməmiş, eyni zamanda müqaviləyə uyğun olaraq 2020-ci ilin fevral ayından xx.xx.2023-cü il tarixli iddia ərizəsi verilən müddətdə aylıq 350 manat olmaqla 20 ay ərzində kirayə haqqı iddiaçıya ödənilməmişdir. Beləliklə, məhkəmə müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “iddianın qaldırıldığı tarixə qədər olan ödənilməmiş 7000 manat kirayə haqqının ödənilməsi” hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC tərəfindən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8, mənzil 8 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 29,5 kv.m mənzilin sökülməsi əvəzində həmin ünvanda mənzilin ümumi sahəsinə 20% və 10 kv.m sahə əlavə edilməklə ümumilikdə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzil İddiaçı verilməli və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş kirayə haqqı qismində 7000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçün iddiaçının ödəməkdən azad olduğu 190 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8, mənzil 8 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 29,5 kv.m mənzilin sökülməsi əvəzində həmin ünvanda mənzilin ümumi sahəsinə 20% və 10 kv.m sahə əlavə edilməklə ümumilikdə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzil İddiaçı verilsin və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş kirayə haqqı qismində 7000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC-dən İddiaçı azad olduğu dövlət rüsumuna görə 190 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar