Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1419/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2/4 savlı evin, 41 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2/4 saylı evin, 41 saylı mənzili onun şəxsi mülkiyyətindəir. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarkışdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 13 aprel 2002-ci il tarixli, ÖM seriyalı, №-li 108969 nömrəli qeydiyyat vəsiqəsi alıb. Cavabdeh onun keçmiş gəlini olub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(007)- 392/2024 saylı qətnamə ilə oğlu Məmmədov Sahil oğlu ilə Cavabdeh arasında olan nikah pozulub. Cavabdeh boşandıqdan sonra onun mülkiyyətində olan mənzilə köçüb gelib. Cavabdeh onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarım məhdudlaşdırılır. Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 2/4 saylı evin, 41 saylı mənzili xüsusi mülkiyyətçisi o olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə elmək və ayrıca sərəncam vermək üçün cavabdehin də razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur.
İş materialları:
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM № 108969 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 1206 saylı reyestr kitabının 181176 nömrəli vərəqində 30/8038 №si ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır;
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-17620/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 2/4, 41 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4Ə/1-89 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. .
5. AZ-İİ seriyalı, 467059 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 22 may 2010-cu ildə doğulmuşdur, atası X4, anası Cavabdehdır.
6. AZ-İİİ seriyalı, 096107 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 02 may 2013-cü ildə doğulmuşdur, atası X4, anası Cavabdehdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-392/2025 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X4 ilə Cavabdeh arasında 03 noyabr 2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1025 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 22 may 2010-cu il təvəllüdlü X6 anası Cavabdeh yanında, 02 may 2013-cü il təvəllüdlü X2 atası X3 yanında qalması qət edilmişdir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Basport, Qeydiyyat və Mirqasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-14145 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Tovuz rayonu, Böyük Qışlaq kəndində, xx.xx.2016-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatdadır. İddiaçının oğlu ilə cavabdeh arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 03 noyabr 2009-cu il tarixdə nikah bağlanmış və onların birgə nikahından 22 may 2010-cu il təvəllüdlü X6 və 02 may 2013-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan nikah pozulub və cavabdeh mübahisəli mənzildə yaşamır. Hazırda cavabdehin iddiaçının mülkiyyətindəki mənzildə qeydiyyatda olması onu mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolu:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının oğlu X4 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Bundan sonra cavabdeh xx.xx.2009-cu ildə mübahisəli mənzilə qeydiyyata alınmışdır.
20. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı yaranmış hüquq münasibətləri 2009-cu sonra, yəni cavabdeh mübahisəli mənzilə qeydiyyatda alındıqdan sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir.
23. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir.
25. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
26. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı).
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
28. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
30. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin Cavabdeh iddiaçının ailə üzvü olmadığından o, qanunverilik tərəfindən müəyyənləşdirilən ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə daxil deyil.
31. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdeh orada yaşamadığından və qeydiyyatı formal olduğundan onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
32. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xotam verilə bilməz söhbət gedə bilməz.
33. Məhkəmə qanunvericiliyin müvafiq normalarına istinadən vurğlayır ki, Cavabdeh mübahisəli mənzildə yaşamır, onun mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır və bununla belə hüquqi nəticə etibarı ilə onun mübahisəli mənzilə dair istifadə hüququ yaranmamışdır. Bu səbəbdəndə olmayan hüquqa xitam verilə bilməz bilməz.
34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hərhansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır.
35. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzildə pasport qeydiyyatında olmaları həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.
36. Bununla yanaşı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir.
37. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsinə bərabər tutulur və onun qeydiyyatdan çıxarılmasına əsas verir.
Nəticə:
38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməli, bu Qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır.
39. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Bu Qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva