Məhkəmə qərarları › İş №2(007)-1433/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1433/2023

29.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1433/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli binadan mənzilin verilməsi və aylıq 350 manat olmaqla 2020-ci ilin fevral ayından bu günədək hesablanmış kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli binadan mənzilin verilməsi və aylıq 350 manat olmaqla 2020-ci ildən, yəni xx.xx.2020-ci il tarixdən 10 ay müddətinə hesablanmış kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra MMC) ilə 28 iyul 2016-cı il tarixdə 35 nömrəli ikitərəfli notarial qaydada təsdiq olunmuş müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə, o, istifadə və sahibliyində olan ünvan 2 ünvanındakı mənzilini boşaldıb MMC-yə təhvil verməli, MMC isə həmin ünvanda olan mənzilin söküntüsü və yerində yeni hündürmərtəbəli binanın tikintisini həyata keçirərək mənzilin ümumi sahəsinə 20% əlavə olaraq tam təmirli vəziyyətdə mənzili təhvil verməyi və müvəqqəti yaşamaq məqsədilə binanın tikintisi başa çatanadək aylıq 350 (üç yüz əlli) manat kirayə haqqını ödəməsi barədə öhdəlik götürmüşlər. O, müqavilədə nəzərdə tutulan müqavilə ödəliklərini tam yerinə yetirmişdir. Lakin, MMC müqavilənin bağlanmasından 6 il keçməsinə baxmayaraq mənzilini verməmiş, kirayə haqqını isə 2020-ci ilin fevral ayından dayandırmışdır. Bu barədə o, cavabdehə dəfələrlə müraciət etsə də, həmişə yalan vədlər verərək mənzili verməkdən və kirayə haqqını ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən imtina etdiyi üçün MMC-nin həmin hərəkətləri qanunsuz sayılmalı və Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi 22, 4 nömrəli evin yerində tikilmiş hündürmərtəbəli binadan ona mənzil verilməsi və aylıq 350 manat olmaqla bugünədək hesablanmış cəmi məbləğdə kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən "xxxx" MMC-nin vəkili və nümayəndəsi mülki işlə tanış olmağa vaxt istəsə də məhkəmənin sonrakı iclaslarında iştirak etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 28 iyul 2016-cı il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə təmirli mənzilin “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, “Mülkiyyətçi”nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 350 manat kirayə haqqını və müqavilədə göstərilən müddətdə MMC-dən müqavilə ilə razılışdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək hüququ, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verilməsi, bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzili qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. - AA 058952 seriyalı “Məcburi Köçkün” vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildə Füzuli rayonundan məcburi köçmüşdür. Vəsiqə ona xx.xx.2002-ci il tarixdə verilmişdir. - Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2016-cı ilin iyul ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin aprel ayına kimi 10 ay üçün hər ay üçün 350 manat kirayə haqqı olmaqla (10x350) ümumilikdə 3500 manat olmaqla kirayə haqqı ödənilməmişdir. - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Füzuli şəhərindən məcburi köçkünlər - İddiaçı, həyat yoldaşı X2, X4 və X5 cəmi 4 (dörd) nəfər olmaqla (Pilot Layihəyə düşməsi səbəbindən sökülən) Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən 22 saylı iki mərtəbəli evdə müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. İddiaçı ilə telefon əlaqəsi saxlanıldı və məlum oldu ki, məskunlaşdığı 22 saylı yataqxana Pilot Layihəyə düşməsi səbəbindən söküldüyü üçün şirkət tərəfindən onlara digər ailələr kimi də aylıq 350 AZN məbləğində kirayə pulu ödənilir. İddiaçı və həyat yoldaşı X1 məcburi köçkün kimi müvəqqəti qeydiyyatları Nazami rayonu üzrədir. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahı üzrə İddiaçı adı da ailə üzvləri ilə birgə Füzuli şəhəri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcədə Erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Füzuli şəhərinin yenidən bərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülübdür. Odur ki, Böyük Qayıdışla bağlı Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı İddiaçı da ailə üzvləri ilə birgə öz doğma yurduna köçürülərək mənzillə təmin olunacaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 28 iyul 2016-cı il tarixli müqavilə bağlanmşdır. Həmin müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək İddiaçı istifadəsinə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzil verməyi, İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 350 manat kirayə haqqını verməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən ona mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüş və bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzilin qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı 2016-cı ilin iyul ayından sonrakı aydan 2023-cü ilin aprel ayına kimi 10 ay üçün hər ay üçün 350 manat kirayə haqqı olmaqla ümumilikdə 3500 manat olmaqla kirayə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.3-cü maddəsinə əsasən-istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə 28 iyul 2016-cı il tarixli müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tələbin “mənzilin verilməsi” hissəsinə münasibətdə İddiaçı ilə "xxxx" MMC arasında 28 iyul 2016-cı il tarixli müqavilə bağlanmşdır. Həmin müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək İddiaçı istifadəsinə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin yekun şərtlərinə əsasən “bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzili qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir.” Lakin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 17 iyul 2023-cü il tarixli, 3-36/2-2002/2023 nömrəli sorğuya cavabından görünür ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahı üzrə İddiaçı adı da ailə üzvləri ilə birgə Füzuli şəhəri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcədə Erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Füzuli şəhərinin yenidən bərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülübdür. Odur ki, Böyük Qayıdışla bağlı Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı İddiaçı da ailə üzvləri ilə birgə öz doğma yurduna köçürülərək mənzillə təmin olunacaqdır. Göründüyü kimi İddiaçı ailə üzvləri ilə birlikdə Füzuli şəhəri üzrə qeydiyyata alınmışdır və başqa mənzillə təmin olunmamışdır. Ona görə tələbin bu hissəsi təmin olunaraq İddiaçı ailə üzvləri ilə birlikdə öz doğma yurduna köçürülərək mənzillə təmin olunanadək, yaxud dövlət tərəfindən başqa bir mənzillə təmin olunanadək cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərə əməl olunaraq, qeyd olunan mənzil iddiaçının sahiblik və istifadəsinə verilməlidir. . Tələbin “kirayə haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə bildirir ki, "xxxx" MMC İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 350 manat kirayə haqqını verməyi və 16 ay müddətinə tikintini başa çatdıraraq müqavilə şərtlərinə əsasən ona mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə olunmuş bank çıxarışlarından görünür ki, İddiaçı 2016-cı ilin iyul ayından 2023-cü ilin aprel ayına kimi 10 ay üçün hər ay 350 manat ümumilikdə 3500 manat olmaqla kirayə haqqı ödənilməməsi müəyyən olunmuşdur. Bu səbəbdən tələbin bu hissəsi də təmin olunaraq "xxxx" MMC-dən 3500 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad olduğu 55 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin təmin edilməli, "xxxx" MMC tərəfindən aralarında bağlanılmış 28 iyul 2016-cı il tarixli müqavilə üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil İddiaçı sahiblik və istifadəsinə (məcburi köçkünlər öz yerlərinə qayıdanadək və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edilənədək) verilməli və "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 3500 manat vəsait tutulmalıdır. Həmçinin cavabdeh "xxxx" MMC-yə izah edilməlidir ki, İddiaçı veriləcək mənzili məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud iddiaçı dövlət tərəfindən başqa bir mənzillə təmin edildikdən sonra "xxxx" MMC-yə qaytarılmasını iddiaçıdan tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı ilə aralarında bağlanılmış 28 iyul 2016-cı il tarixli müqavilə üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil İddiaçı sahiblik və istifadəsinə (məcburi köçkünlər öz yerlərinə qayıdanadək və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edilənədək) verilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 3500 manat vəsait tutulsun. "xxxx" MMC-dən İddiaçı azad olduğu dövlət rüsumuna görə 55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar