Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1437/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyri-yaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə iddia icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması, qeyri-yaşayış sahəsinin sökülməsi, yeni qeyri-yaşayış sahəsinin verilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62.1 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində kompensasiya qismində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq qeyri- yaşayış sahəsi verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 177 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi, qeyd edilən torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və kompensasiyanın verilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. Eyni zamanda Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 177 saylı sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və yaşayış sahələrinin mülkiyyətçilərinə müraciətlər edilmiş və Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasının mövcud vəziyyəti barədə məlumatlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X2 İnstitutunun rəyinə əsasən qeyd edilən binaların texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır və bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. Eyni zamanda bildirirlər ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiycv küçəsində yerləşən 42 saylı yaşayış binasının yerində müasir tələblərə uyğun, yeni yüksəkmərtəbəli yaşayış binasının tikilib istismara təhvil verilməsinə 02 il vaxt sərf ediləcəkdir. Yeni yaşayış binası inşa edildikdən sonra, həmin binalardan cavabdehlərə kompensasiya qismində hazırda yaşadıqları mənzillərin ümumi sahəsindən 20% artıq sahəsi olmaqla yeni, tam təmirli mənzillər və qeyri-yaşayış sahəsi veriləcək, habelə bina inşa edilib cavabdehlərə təhvil verilənədək, onların yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün isə hər ay 500 manat kirayə haqqı ödənilir. Buna baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir. Göstərilən sərəncamın icrası ilə bağlı, İddiaçı MMC tərəfindən həmin ərazidə yerləşən sahə mülkiyyətçiləri ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq müvafiq müqavilə bağlanmış və həmin sakinlərə yeni bina inşa edilənədək hər ay kirayə haqqı ödənilir. Lakin cavabdeh hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, fantastik kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və mənzillərin real qiyməti və sahəsi barədə tərəflərindən məhkəməyə rəylər və sübutlar təqdim edilmişdir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən İddiaçı MMC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan aktlardan göründüyü kimi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin istismara yararsız olması və seysmik normalara cavab verməməsinin ətrafdakılara təhlükə yaradır. Bununla belə İddiaçı MMC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və mülkiyyətçilərin malik olduqları yaşayış və qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda inşa ediləcək yeni çoxmərtəbəli binada yaşayış və qeyri-yaşayış sahəsinin ölçülərindən 20% əlavə ölçülərdə tam təmirli yaşayış və qeyri-yaşayış sahələrini onlara verməyi öhdəsinə götürür. Cavabdeh isə bu məzmunda müqavilə bağlamaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tam qəzalı vəziyyətdə olması yaşayış binasının digər mülkiyyətçilərinin hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh mülkiyyət hüquqlarından sui-istifadə etməklə Mənzil Məcəlləsi üzrə vəzifələrinin həyata keçirməkdən yaymır və bu maraqlı şəxs olaraq İddiaçı MMC-nin hüquqlarını pozur və digər sakinlər qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə İddiaçı MMC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. MMC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə güzəştli təkliflər olunmuş, lakin buna baxmayaraq o, əvvəl razılaşsa da sonradan həmin təklifdən imtina etmiş və nəticədə MMC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 177 №-li Sərəncamla verilmiş digər binaların bəzi mülkiyyətçiləri ilə iddiaçı arasında eyni mübahisə ilə bağlı məhkəmə çəkişmələri olmuş və yekun məhkəmə aktlarına əsasən iddiaçının tələbi təmin olunmuş və artıq icra olunmuşdur. Qeyd olunanlara əsasən hesab edirlər ki, Cavabdeh ünvan 1 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62,1 olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ 02 il müddətinə məhdudlaşdırılmalı, həmin qeyri-yaşayış sahəsi sökülməli, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində kompensasiya qismində cavabdehə mülkiyyətində olan qeyriyaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq qeyri-yaşayış sahəsi verilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, sakinlərlə MTK arasında mübahisə söküləcək mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində veriləcək kompensasiya məbləği ilə bağlıdır. Razılaşma ilə bağlı cavabdehlərə təkliflər olunub, burada 100000 dəyəri olan mənzilə görə 300000 manat vəsait istəyirlər. Cavabdehlərin təklif etdikləri şərtləri ədalətsiz mövqeyi kimi qiymətləndirir. Bu binalar artıq 80 ildir tikilib, mübahisəli bina da yararsız vəziyyətdədir. Əks təqdirdə həmin binalarla bağlır Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı, cənab Prezidentin fərmanı olmazdı. Əgər həmin binalar qəzalı vəziyyətdə olmasa, Fövqəladə Hallar Nazirliyi onların yeni lahiyəsini təsdiq etməzdi, orada MTK tərəfindən 9 dənə bina tikilib. Məhkəmənin qərarı ilə mütəxəssis cəlb olunmuş, binaya baxış keçirilmiş, çəkilmiş fotoşəkillərdən də göründüyü kimi bina yararsızdır. Kamil Balakişiyev küçəsində yerləşən 38 saylı bina da hazırda mübahisələndirilən Nəsimi küçəsi 16 saylı bina ilə analoji eyni dövrə aid eyni lahiyəsi olan qəzalı vəziyyətdə olan binadır. İş üzrə və əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin işin uzadılmasına aparıb çıxarmasını ona görə də təmin olunmamasını bildirdi. O, həmçinin zirzəminin qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğunu, cavabdehlərin hamısından soruşduqlarını, qeyri-yaşayış sahəsi zirzəmidə yerləşirsə, zirzəmidə verəcəklərini, 1-ci mərtəbədə yerləşirsə orada verəcəklərini bildirdi. Hər yaşayış yeri üçün kvadrata 2500 manat təklif etdiklərini, lakin onların qəbul etmədiklərini bildirdi. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, REA MMC Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 62,1 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasının zirzəmisində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə (zirzəmidə) kompensasiya qismində ümumi sahəsi 88 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi və yeni qeyri-yaşayış sahəsi tikilənədək 500 manat kirayə pulu verilməsinə razıdır və məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələləbini müdafiə edib izahat verərək bildirdi ki, cavabdehlə aralarında mənzillə bağlı razılıq əldə olunub, aralarındakı mübahisə kompensasiya vəsaiti ilə bağlıdır. Mübahisəli əmlakın ümumi sahəsi 62.1 kvadrat metrdir. İddiaçı tərəfindən cavabdehə sahəsi 20 faiz artıq olan, tam təmirli və əmlakın yerləşdiyi ərazidən əmlak təklif olunur. Həmçinin, iddiaçı tərəfindən cavabdehə mübahisəli əmlakın bir kvadrat metri 1000 manata təklif olunmuşdur. Cavabdeh isə bu məbləğlə razılaşmır. Onlar bu məsələnin həll olunmasına çox çalışmışlar, danışıqlar aparmaq üçün cavabdeh dəfələrlə iddiaçı şirkətə dəvət olunmuşdur, lakin bir nəticə əldə olunmamışdır. Həmin ərazidə 9 bina var. Bütün binaların sakinləri təklif olunan məbləğlə razılaşıblar. Əgər cavabdehə yeni məbləğ təklif olunsa, bütün binaların sakinləri şikayətçi olacaqlar. Bu kateqoriyadan olan işlərlə bağlı Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin bir çox qərarları var, hamısı da iddiaçı təşkilatın xeyrinə həll olunmuşdur. Onlar zirzəmiyə görə mülkiyyətçilərə 1000 manat təklif edirlər. Mülkiyyətçi razılaşmasa, ya da həmin yerdə tam təmirli qeyri-yaşayış sahəsi ilə təmin edirlər. Birinci mərtəbə yaşayış sahəsidir, cavabdehə birinci mərtəbədən mənzil verilə bilməz. Cavabdehin hazırki əmlakı zirzəmidədir, onlar da cavabdehi həmin yerdə tam təmirli, 20 kv.m sahəsi artıq olan qeyri-yaşayış sahəsi ilə təmin edirlər. Cavabdehin zirzəmidə yaşaya-yaşaya 1-ci mərtəbədə yaşayış sahəsindən mənzil istəməsi ədalətli deyil. Cavabdehə hər ay 500 manat kirayə haqqının ödənilməsini cəmiyyət öhdəsinə götürür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 177 nömrəli Sərəncamının surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2013-cü il tarixli 05 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-118/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş xx.xx.2014-cü il tarixli, 14\159 saylı ayrıcı aktına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən 5.5094 hektar ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpas sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 97 nömrəli “Obyektin tikintisinə İcazə”sinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Əzimzadə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2536 və 2537-ci məhəllədə yerləşən obyektlərin tikintisinə icazə verilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestirindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi olan zirzəmi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və X2 İnstitutunun xx.xx.2015-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.balakişiyev küçəsində yerləşən 38 saylı binanı texniki vəziyyəti qeyri-qənaətbəxşdir və bina istismara yararsızdır. Bina qüvvədə olan tikinti normalarının tələblərinə cavab vermir. - “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 234 nömrəli rəyin nəticəsindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti və təqdim olunmuş sənədləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 21 senytabr 2015-ci il tarixli rəyində, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 38 saylı yaşayış binası üzrə qeyd edilərlərlə Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5177 nömrəli rəyin nəticəsindən görünür ki, ünvan 2 ünvanınd ayelrəşən çoxmənzilli yaşayış binasının istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə görə Bakı şəhərinin rayonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməklə, həmin tikinti obyektinin yerləşdiyi ərazi üzrə ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı ilə tikinti obyektlərinin tikintisinə icazə verilməsini, tikinti obyektlərinin istismarına icazə verilməsini Bakı şəhərinin müvafiq rayon icra hakimiyyəti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 482 saylı qərarının 4-cü bəndinə görə Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirməsi tapşırılmışdır. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci bəndi Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə Bakı şəhərinin rayon İcra hakimiyyətlərinə tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümümi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yeridən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərarın 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə eldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün ümumi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını, tikintiyə başlamazdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimyyətlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını həyata keçirməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 177 saylı sərəncamı ilə həyata keçirsə də, sonradan 26 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin bir neçə rayonlarında, o cümlədən Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerinə müasir tələblərə uyğun yenilərinin tikilməsini və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qərara almışdır. Həmin qərar ləğv edildikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 saylı qərarında da mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair Bakı şəhəri rayon icra hakimiyyətlərinə bir sıra tapşırıqlar verilmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı söküləcək binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə qeyri-yaşayış sahəsinin ümumi sahəsindən daha çox, yəni 88 kv.m qeyri-yaşayış sahəsi (20%-dən daha çox) verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ona 500 manat məbləğində kirayə haqq ödənilməsini öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Hazırda tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə mübahisəli binanın qəzalı vəziyyətdə olmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 234 nömrəli rəyin nəticəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı və K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının, mövcud (faktiki) texniki baxımdan, istismar üçün yararsız vəziyyətdə olduğu, Azərbaycan Respublikası Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli rəyində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binalarının mövcud (faktiki) texniki-istismar vəziyyətinin eynilik təşkil etməsi müəyyən olunmuşdur. Belə ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 42 saylı yaşayış binasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan bina faktiki olaraq eyni dövrdə (1955-ci il), daşdan inşa olunmuş, zirzəmisi olan ikimərtəbəli, çoxmənzilli, üç girişli yaşayış binasıdır. Yaşayış binası planda düzbucaq şəklində (rus əlifbası ilə “Г” şəklində) olub, binanın benövrəsi lentvari monolit betondan, mərtəbəarası örtüyün yığma dəmir-beton plitələrdən quraşdırılmış, xarici divarları iki qat mişar daşından, daxili (arakəsmə) divarları isə gips təbəqələrdən hörülmüş, damı çardaq tipli olub, taxta atmalar üzərinə vurulmuş azbest təbəqələrlə örtülmüşdür. Binanın daxili və xarici divarları sement-qum qarışığı məhlul ilə suvanmışdır. Tədqiq olunan yaşayış binasının birinci girişində hər mərtəbəsində iki mənzil, ikinci girişində hər bir mərtəbəsində üç mənzil, üçüncü girişində hər bir mərtəbəsində iki mənzil vardır. Bəzi mənzillər vasitəsilə binanın daxili konstruktiv elementlərinə vizual baxış keçirilmişdir. Qeyd olunur ki, binanın üstü açılmış (sökülmüş) konstruktiv elementlərinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, binanın mərtəbələr səviyyəsində və damda antiseysmik kəmərləri yoxdur. Bundan əlavə, binanın həyət fasadı boyu bəzi hissələrdə əlavə tikintilər aparılmışdır ki, bu da binanın yükdaşıyan konstruksiyalarında əlavə yükləmələr yaradır. Yaşayış binasının xarici yükdaşıyıcı və örtük konstruksiyalarına baxış keçirilən zaman, konstruksiyaların uzun müddət istismarı nəticəsində əksər yerlərdə aşınması, fasad divarlarına vurulmuş suvaq qatının bəzi yerlərdə ovxalanması, çatlaması müşahidə edilmişdir. Göründüyü kimi, hər iki binanın konstruktiv elementəri, o cümlədən yükdaşıyıcı və örtük konstruksiyaları eyni vəziyyətdə olub, binaların inşasında seysmik kəmərlər yerinə yetirilməmiş, binaların fasadı boyu bəzi hissələrdə aparılmış əlavə tikintilərin binanın yükdaşıcı konstruksiyalarında əlavə yükləmələr yaradır və bu yolverilməzdir, binaların yükdaşıyıcı və örtük konstruksiyaları istismar cəhətdən qeyri-qənaətbəxşdir. Yuxarıda qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, tədqiq olunan ünvanlarda yerləşən iki mərtəbəli yaşayış binalarının, texniki baxımdan, istismar üçün qeyri-yararlı dərəcədə olduğu müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5177 nömrəli rəyi ilə də Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 42 saylı binanın istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyləri zamanı binaların bütün predmeti üzrə, faktiki yaşayış olan yerlərə və olmayan yerlərə baxış keçirilmiş, baxış zamanı espertiza əldə edilmiş məlumatlara və mütəxəssis rəyinə əsasən aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunan hallar və iş materiallarında olan materiallar əsasında ekspertiza rəylərini ağlabatan hesab etməklə mübahisəli binanın qəzalı vəziyyətdə olması qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması, yaxud hazırda yaşamasa belə gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən İddiaçı MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində ədalətli təklif edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı qeyri-yaşayış sahəsinin sökülməsinə etiraz edilməmiş, lakin yeni binanın birinci mərtəbəsində mənzilin və 2000 manat pulun verilməsində mübahisəninin olmasını bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin məhkəmə iclasında verdikləri izahatında razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli qeyri-yaşayış sahəsi ilə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20 faizdən də artıq sahəsi olan 88 kv.m qeyri-yaşayış sahəsi hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehin əmlaka görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh İddiaçı MMC tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış və qeyriyaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir.Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstanaqarşı iş). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 saylı evin zirzəmisində yerləşən 62,1 kv.m olan qeyri-yaşayış sahəsinə sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırmalı, həmin qeyri-yaşayış sahəsi sökülməli, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (yerləşdiyi yerdə, yəni zirzəmidə) ümumi sahəsi 88 kv.m olan yeni, tam təmirli müvafiq qeyri-yaşayış sahəsinin verilməli, cavabdehin yeni yaşayış binası tikilənədək, hər ay ona 500 (beş yüz) manat kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 saylı evin zirzəmisində yerləşən 61.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılsın. Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin zirzəmisində yerləşən 61.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən sökülsün. Həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsindən artıq sahəsi olan yeni, tam təmirli ümumi sahəsi 88 kv.m olan müvafiq qeyriyaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə, yəni zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyi İddiaçı MMC-yə həvalə edilsin. Cavabdeh yeni yaşayış binası tikilənədək, ona hər ay 500 (beş yüz) manat kirayə haqqının ödənilməsi vəzifəsi İddiaçı MMC-yə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1437/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1437/2023
07.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver