Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1505/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və qardaşı-Cavabdeh ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadırlar. X1 14 fevral 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının 21 fevral 2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi onlara Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Qardaşı Vasif evli olduğu üçün arvadı X7, oğlu X15 6 ilə yaxındır ki, heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayırlar. O da artıq evlidir, qardaşına otağın birini boşaltmağı, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçüb yaşamalarını təklif etsə də, qardaşı və həyat yoldaşı bunun heç vəchlə mümkün olmayacağını bildirmişlər. X2 30 oktyabr 2020-ci ildə vəfat etmişdir, o vaxta qədər anası hüququ olduğu üçün onunla və qardaşı ilə danışmışdır ki, evi satıb hər ikisinə ayrı-ayrılıqda ev alacaq, onlar da razılaşmışlar. Anası vəfat edəndən sonra qardaşı və arvadı hökmranlıq edir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli yaşayış binası, mənzil 23-ün bir otağında yaşamalarına tam hüquqları olduğunu nəzərə alaraq, həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qardaşı Cavabdeh evli olduğu üçün arvadı X7, oğlu X15 6 ildən çoxdur ki, onun razılığı olmadan və iradəsinin əksinə zidd olaraq heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayırlar, anası rəhmətə getməmişdən əvvəl qapını bağlayıb anasını da mənzilə buraxmamışlar. O, 2019-cu il noyabrın 3-dən evlidir, otağın birində onun yaşamağına imkan vermədikləri üçün bir ildən artıq ayı 300 manata kirayədə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehin hərəkəti nəticəsində mənzildə bir neçə illər ərzində yaşamaq hüququ qanunla təsbit edildiyi halda bu maddi ziyan artmaqda davam etmiş, maddi və mənəvi, psixoloji gərginlik keçirmişdir. Anası 30 oktyabr 2020-ci ildə vəfat etmişdir, o vaxta qədər anası mənzilə hüququ olan şəxs olduğu üçün bildirirmişdir ki, evi satıb hər ikisinə ayrı-ayrılıqda mənzil alacaq, ancaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məktubuna əsasən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsinin mümkün olmadığını bildirmişlər. Qardaşına otağın birini boşaltmalarını, onun da ailəsi ilə birlikdə həmin mənzilin bir otağına köçüb yaşamalarını təklif etsələr də, qardaşı və həyat yoldaşı bunun heç vəchlə mümkün olmayacağını, “bura bizimdir” deyərək onun və ailəsinin dövlət tərəfindən qanunla tanınmış hüquqlarının pozulmasına bilərəkdən və şüurlu rəvac vermişlər. Qardaşı hazırda öz ailəsi ilə həmin mənzildə yaşayır, anasının vəfatından sonra mənzilə görə heç biri ilə müqavilə bağlanmamışdır. Hesab edir ki, iddiası əsaslıdır. İddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, mənzillə bağlı sərəncamı Nizami rayon İcra Hakiyyəti versə də, işin icrası Suraxanı rayon İcra Hakimiyyətinə verilmişdir. Mənzil verilərkən müraciət edənin yanında olan ailə üzvləri həmin mənzilə qeydiyyata düşürlər. Hazırda İddiaçı və Cavabdeh anaları rəhmətə getdiyi üçün, həmçinin mənzil Suraxanı rayonu ərazisində yerləşdiyi üçün onlar həmin rayonun İcra Hakimiyyətinə müraciət etməlidirlər ki, mənzilə dair onlardan birinin adına yeni kirayə müqaviləsi bağlansın. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X-ЖГ seriyalı, 284989 nömrəli və Xİİİ-ЖГ seriyalı, 344462 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh xx xxxxx 1984-cü il tarixdə, İddiaçı xx xxx 1988-ci il tarixdə doğulmuşlar ataları X10, anaları X4r; - AZ seriyalı, 129307 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 fevral 1994-cü il tarixdə ölmüşdür; -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 16 oktyabr 2012-ci il tarixli 150 nömrəli arayışından görünür ki, X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlar zamanı Füzuli rayonunda 14 fevral 1994-cü il tarixdə şəhid olmuşdur; -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2011-ci il tarixli 15 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Nizami rayonu üzrə ayrılmış mənzillər aşağıdakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin adlarına rəsmiləşdirilməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra adlarına mənzil rəsmiləşdirilmiş şəxslərlə sosial kirayə müqaviləsinin bağlanılmasının aidiyyəti MKİS-lərə həvalə edilməsi qərara alınmışdır: Siyahı üzrə 1.9. Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 saylı mənzil - 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X3 adına. - AZ-İİ seriyalı, 132430 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 oktyabr 2020-ci il tarixdə ölmüşdür; -“ASAN 3” xidməti tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 354624 nömrəli arayışdan görünür ki, X8 10 oktyabr 2011-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi ev 23, mənzil 405-də qeydiyyatdadır, onunla bərabər mənzildə İddiaçı, Cavabdeh və X12 da qeydiyyatdadırlar; -Bakı şəhəri 103 saylı MKİS-nin 30 mart 2021-ci il tarixli 256 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli evin 23 nömrəli mənzilində yaşayır, qonşuların aktına əsasən X7 və X15 göstərilən ünvanda pasport qeydiyyatsız yaşayırlar; -Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin 21 aprel 2021-ci il tarixli 1/520 nömrəli məktubundan görünür ki, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 103 saylı Mənzil Kommunal istismarı sahəsindən alınmış 16 aprel 2021-ci il tarixli x/27 nömrəli arayışda Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 14A, 23 nömrəli mənzildə heç kəsin yaşayış üzrə qeydiyyatda olmadığı və həmin mənzilin Nizami rayon İcra Hakimiyyətinin 21 fevral 2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən X3 adına rəsmiləşdirildiyi bildirilmişdir; -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(010)- 5574/2020 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilərək, ərizə və sənədlər ona geri qaytarılmışdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ataları X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı hərbi əməliyyatlar zamanı 14 fevral 1994-cü il tarixdə Füzuli rayonunda şəhid olmuşdur, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2011-ci il tarixli 15 nömrəli Sərəncamına əsasən Nizami rayonu üzrə ayrılmış mənzillərin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin adlarına rəsmiləşdirilməsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edildikdən sonra adlarına mənzil rəsmiləşdirilmiş şəxslərlə sosial kirayə müqaviləsinin bağlanılmasının aidiyyəti MKİS-lərə həvalə edilməsi qərara alınmışdır: Siyahı üzrə 1.9-cu sırada Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 saylı mənzilin - 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu Cavabdeh, 1988-ci il təvəllüdlü oğlu İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X8 qeyd olunmuşdur. X8 30 oktyabr 2020-ci il tarixdə ölmüşdür, hazırda iddiaçı cavabdeh qardaşı tərəfindən yaradılan maneələrə görə mənzilə köçüb yaşaya bilmir, ona görə bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu - dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında istifadə məqsədi ilə vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən mənzil iddiaçı və cavabdeh ailə üzvləri olmaqla, onların anaları X5, həyat yoldaşı X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı hərbi əməliyyatlar zamanı şəhid olduğuna görə, rayon İcra Hakimiyyətinin sərəncamına əsasən verilmişdir, belə olan halda həmin mənzil sosial kirayə müqaviləsi əsasında istifadə məqsədi ilə dövlət mənzil fondundan ayrılmış sosial təyinatlı mənzildir. Habelə mənzil miras əmlak kütləsinə daxil deyildir, qanun üzrə və ya vərəsəlik hüququ əsasında keçməmişdir. Ona görə məhkəmə hesab edir ki, mübahisəyə hüquq münasibətlərinin yarandığı dövrdə və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinin İ hissəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir; 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur; 5.1 və 5.3-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz; bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. ...Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı dövlət mənzil fondundan sosial təyinatlı mənzil olaraq ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilinə sosial kirayə müqaviləsi adına bağlanmış mərhum X2 ilə brilikdə köçürülmüş və orada yaşamışdır, hansı ki, bu barədə sərəncamda o və qardaşı olan Cavabdeh kirayəçinin ailə üzvləri kimi müəyyən edilmiş və göstərilmişdir, onların hər ikisi sözügedən mənzilə münasibətdə bərabər hüquq və vəzifələrə malik olmuşlar. Mənzilin kirayəçisinin 30 oktyabr 2020-ci il tarixdə vəfatından sonra sosial kirayə müqaviləsi onlardan hər hansı birinin adına dəyişdirilməmişdir və ya digər səbəbdən ləğv edilməmişdir. Belə olan halda, məhkəmənin gəldiyi hüquqi qənaətə görə, Cavabdeh onunla eyni statusda olan İddiaçı qarşı törətdiyi məhrumetmə, yəni dövlət mənzil fondundan sosial təyinatlı mənzil olaraq ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilində yaşamasına, ora köçürülməsinə mane olması, qanunsuzdur. Sosial kirayə müqaviləsi üzrə kirayəçi X8 ilə birlikdə yaşayan, ailə üzvü (oğlu) olan iddiaçının müvəqqəti başqa yerə getməsi, onun sosial kirayə müqaviləsi üzrə kirayəçi ilə bərabər hesab olunan hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmamışdır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunmaqla, o, mübahisələndirilən mənzilə köçürülməlidir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində “mübahisələndirilən mənzilə köçürülmələri” barədə qətnamə çıxarılmasını xahiş etsə də, bu tələbini konkret göstərməmiş, sonradan davam edən proseslər zamanı tələbini dəqiqləşdirməmişdir. Nəzərə alınsa ki, o, X12 ilə birgə nikahdadır, həmin şəxs fəaliyyət qabiliyyətli şəxs olaraq öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müstəqil müraciət edə bilər, İddiaçı həmin şəxsə münasibətdə, onun mənzilə köçürülməsini xahiş etməkdə, səlahiyyətli şəxs olmamışdır. Məhkəmə hesab edir ki, tələbi həmin qaydada qoyulması yalnız “sətri ifadə”dir, ona görə bu ifadə tələb kimi qəbul edilməməli və hüquqi qiymətləndirmə aparılmamalıdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilinə köçürülsün. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1505/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1505/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver