Məhkəmə qərarları › İş №2(007)-1506/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1506/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1506/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 15,0 kv.m bir otaq 28.01.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Cavabdeh2 08 iyun 2020-ci il tarixdə icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 17 kv.m qeyri-yaşayış sahəsini digər Cavabdeh1 icarəyə vermişdir. Lakin Cavabdeh1 icarə bağladığı qeyri-yaşayış sahəsində deyil, ona məxsus sahəsi 15 kv.m olan otaqdan və həmin otağın qarşısında olan qeyriyaşayış sahəsində “FORD” avtomobilinin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus qeyri-yaşayış sahəsini Cavabdeh1 icarəyə vermiş və hər ay 200 manat icarə haqqı alır. Cavabdeh onun mülkiyyətində olan 15 kv.m yaşayış və qeyri yaşayış obyektindən istifadə etdiyinə görə həmin icarə haqqı ona ödənilməli idi. Cavabdeh2 səkkiz ay müddətində onun mülkiyyətində olan sahə üzrə 200 manat olmaqla 1600 manat icarə pulu almışdır. Həmçinin Cavabdeh1 ona məxsus yaşayış və qeyri yaşayış sahəsindən çıxmasını tələb etsə də buna əməl etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh1 onun mülkiyyətində olan ünvan 1 ünvanında olan sahəsi 15 kv.m sahədən ibarət otaqdan və həmin otağın qarşısındakı qeyri-yaşayış sahəsindən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada icarə haqqına görə 1600 (min altı yuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər İddiaçı məxsus yaşayış və qeyri yaşayış sahəsindən çıxmaları ilə bağlı xəbərdarlıq olunmalarına baxmayaraq bu zamana qədər həmin qeyri yaşayış sahəsindən çıxmamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmədən Cavabdeh1 İddiaçı məxsus 15,0 kvardat metrlik yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılmasını, icarə haqqına görə 1.600 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanı paylı mülkiyyət olaraq 1 otaq – 15 kv.m. sahə İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 28.01.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.06.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə ilə icarəyə verən ümumi sahəsi 17 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını icarəçiyə öz ticarət fəaliyyətini həyata keçirmək məqsədilə icarəyə verir. Sahənin aylıq icarə haqqı 200 manat təşkil edir. Müqavilə 03.06.2020-ci il tarixdə qüvvəyə minir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən Nümayəndə ünvanlanmış 30.12.2020-ci il tarixli 08812591H nömrəli məktubun surətindən görünür ki, 02.12.2020-ci il tarixli 088-12591H-3120 nömrəli ərizədə qeyd olunan xüsusatlarla bağlı müvafiq araşdırma aparılmış, şikayətçi olduğu oğlu Cavabdeh2 izahatı alınmış, sonuncu izahatında Bakı şəhəri, Nizami rayonu İ.Həbibov küçəsi ev 51, mənzil 9 ünvanının qeydiyyatda olduğunu, həmin mənzilin bir hissəsinin ona, bir hissəsinin isə əmisi İddiaçı məxsus olduğunu, heç bir qeyri-qanuni iş aparılmadığını, həmin yeri icarəyə Cavabdeh1 verdiyini bildirmişdir. Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu İ.Həbibov küçəsi ev 51, mənzil 9 ünvanında tikinti işləri aparıb-aparmamasının, hər hansı bir tikinti işləri aparılırsa aparılan tikintinin, yaradılan mağazaların qanuni olub-olmamasının araşdırılması üçün aidiyyəti üzrə Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmışdır. Məktuba cavab gəldikdə əlavə məlumat verilməsi təmin ediləcəkdir. Odur ki, 02.12.2020-ci il tarixli 088-12591 H-3120 nömrəli ərizəniz əsasında toplanmış material Nizami RPİ-nin 23-cü PB-nin dəftərxanasında işə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən sahəsi 15,0 kv.m bir otaq 28.01.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən paylı mülkiyyət olaraq İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 08 iyun 2020-ci il tarixdə icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 17 kv.m qeyri-yaşayış sahəsini digər Cavabdeh1 icarəyə vermişdir. Lakin Cavabdeh1 icarə bağladığı qeyri-yaşayış sahəsində deyil, ona məxsus sahəsi 15 kv.m olan otaqdan və həmin otağın qarşısında olan qeyriyaşayış sahəsində “FORD” avtomobilinin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus qeyri-yaşayış sahəsini Cavabdeh1 icarəyə vermiş və hər ay 200 manat icarə haqqı alır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı ilə mübahisəli yaşayış və qeyriyaşayış yerinə yerli baxış keçirərək müəyyən etmişdir ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşir. Həmin mənzil köhnə tikili binadır. Mübahisəli yaşayış sahəsi və onun önündə inşa edilmiş qeyri-yaşayış sahəsi yolun kənarında yerləşir. İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında olan sahəsi 15 kv.m sahədən ibarət otaqdan və həmin otağın qarşısında olan qeyri-yaşayış sahəsində “FORD” avtomobilinin ehtiyyat hissələrinin satışı ilə məşğul olan obyekt fəaliyyət göstərir. X1 həmin obyektdə müvəqqəti satıcı qismində işləyir. Mulki iş üzrə cavabdeh olan Cavabdeh1 onun dayısıdır. Cavabdeh1 hal-hazırda Füzuli rayonunda olduğuna görə, P.Babakişiyev həmin obyektdə satışa nəzarət edir. Yerli baxış zamanı mübahisə predmeti olan ünvan 5 ünvanında olan sahəsi 15 kv.m sahədən ibarət otağın anbar kimi istifadə olunması aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, iddiaçının mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İş materiallarından da göründüyü kimi, ünvan 5 ünvanında yerləşən mənzilin 15 kv.m sahədən ibarət olan 1 otağı paylı mülkiyyət olaraq İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı “yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinin qeyri-yaşayış sahəsinə aid hissədə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı həmin qeyri-yaşayış sahəsinə subyektiv hüququ yoxdur. Belə ki, həmin mənzilin önündə inşa edilmiş qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydə alınmamışdır. Belə olduğu halda iddiaçının həmin qeyri-yaşayış sahəsinə heç bir hüququ yarana bilməz. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.06.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ümumi sahəsi 17 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzili icarəçiyə öz ticarət fəaliyyətini həyata keçirmək məqsədilə icarəyə verir. İcarəyə verilən yaşayış sahəsi Cavabdeh2 anası X2 xüsusi mülkiyyətindədir. Qeyd olunan müqavilədən də göründüyü kimi icarə müqaviləsi ünvan 1 ünvanında yerləşən X2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 17 kv.m olan mənzilə dair bağlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanı paylı mülkiyyət olaraq 1 otaq – 15 kv.m. sahə İddiaçı xüsusi mülkiyyətindədir. Belə olan halda İddiaçı “yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair iddiasının icarə haqqının tələb edilməsi hissəsində iddiası əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 15 kv.metrlik yaşayış sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 05 manat məbləğində dövlət rüsumu iddiaçıya, 25 manat məbləğində dövlət rüsumu isə Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 15 kv.metrlik yaşayış sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 05 manat məbləğində dövlət rüsumu iddiaçıya, 25 manat məbləğində dövlət rüsumu isə Cavabdeh1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar