Məhkəmə qərarları › İş №2(007)-1516/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1516/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1516/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən müqavilədən gələn öhdəlikləri yerinə yetirmədiyinə görə Cavabdeh kommunal xidmətlərə görə işiq 2.96 manat, su 9 manat, kirayə haqqı 50 manat, qapı şüşəsinin bərpasına görə 20 manat, karniz və pərdəyə görə 40 manat, taxt matrosuna görə 50 manat, kreslo və divanın təmirinə 50 manat, mənzil aboylarına görə 240 manat, qapının açarı 10 manat, təmizlik xidmətinə 40 manat, əldən çıxmış faydaya görə 300 manat və dövlət rüsumu 30 manat olmaqla, cəmi 841 manat 96 qəpik pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən evini Cavabdeh qızna yaşamaq üçün kirayəyə vermişdir. Cavabdeh qeyd olunan mənzildə 6 ay yaşayacağını və evdən çıxmağına 10 gün qalmış xəbərdar edəcəyini, kommunal xərclərini ödəyəcəyini ona bildirmişdir. Cavabdeh fevral ayının 22-də (*** *** ** **) whatsapp nömrəsi ilə ona səs yazısı ilə yazaraq növbəti kirayə haqqını ödəmək üçün mart ayının 5-nə qədər möhlət istəmişdir. 27 fevral 2024-cü il tarixdə ona zəng edərək bank kartı nömrəsini atmağını xahiş etmişdir və öncədən kirayə haqqının 2 aylığını ödəyəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə cavabdeh ona whatsapp nömrəmə səs yazısı ilə yazaraq evdən çıxdığını və kommunallara olan borcunu, 5 günün də pulunu ödəyəcəyini bildirmişdir. Cavabdehin mobil telefonuna dəfələrlə zəng etsə də, telefonuna cavab verməmişdir. Eyni zamanda cavabdehə səs yazısı ilə evin açarını niyə qaytarmadığını və hara qoyduğunu soruşsa da, o, iddiaçıya bu haqda heç bir məlumat verməmişdi. Telefon nömrəsini bloka atmışdır. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Qaraçuxurda, 4048-ci məhəllə bina 14 mənzil 84 ünvanında yerləşən evinə getmişdir. Qapını açan zaman mənzilin yararsız və natəmiz halda olduğunu görmüşdür. Mənzilin mətbəxdən balkona keçən qapısının şüşəsi tamamilə sındırıldığını, otaq pərdə karnizinin sındırılıb çıxarıldığını, pərdənin cırıldığını, ümumi evin aboylarının cırılıb yararsız hala salındığının və taxt matrosunun yararsız vəziyyətdə olduğunun şahidi olmuşdur. Elə bil bu evdə insan yaşamamışdır. Evin döşəməsində pişik yemləri və pişik nəcisləri var idi. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun mənzilində pişik saxlamışdır. Cavabdeh ona kommunal borclarına görə işiğa 2.96 (iki manat doxsan altı qəpik), suya 9 (doqquz) manat, kirayə haqqı beş günə görə 50 (əlli ) manat, balkon qapısının şüşəsi sındırıldığına görə 20 (iyirmi) manat, sındırdığı karniz və pərdəyə görə 40 (qırx) manat, taxt matrosuna görə 50 (əlli) manat, otaq və kalidor aboylarını cırdığına görə 240 ( iki yiiz qırx) manat, qapı açarının yenisi ilə əvəz olunmasına görə 10 (on) manat, evin təmizlənməsinə görə də 40 (qırx) manat ziyan vurmuşdur. O, hesab edir ki, cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur.

İş materialları :

3. MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4048-də istifadədə olan 0.07458 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 84 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 979 nömrəli reyestr kitabının 87802 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. xx.xx.2023-cü il tarixli, kirayə müqaviləsindən görsənir ki, İddiaçı ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina 14, 84 nömrəli mənzili Cavabdeh kirayəyə vermişdir.

5. ”Azərişıq” ASC tərəfindən verilmiş nin xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina 14, 84 nömrəli mənzildə işiqdan istifadəyə görə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən dövr üçün borcu 2.96 manat təşkil edir.

6. ”Azərsu” ASC Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi yerləşən mənzildə sudan istifadəyə görə xx.xx.2024xx.xx.2024-cü il tarixli dövr üçün borcu 9 manat təşkil edir.

7. İnşaat Mallarının qəbzindən görünür ki, “Barel 7 sm akpeks” alınması üçün 4 manat məbləğində vəsait ödənilmişdir.

8. İş materiallarına 5 ədəd fotoşəkil və 3 ədəd cv disk əlavə edilmişdir.

9. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı ilə məhkəmə baxış iclasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü telefon əlaqəsi saxlanılmışdır. O, izahatında bildirmişdir ki, cavabdeh ilə razılığa gəlmişdilər ki, cavabdeh 600 manat ödəniş etsə o, iddia tələbini geri götürəcək. Lakin cavabdeh tərəfindən 500 manat ödəniş edildiyi üçün o iddia tələbini müdafiə edərək məhkəmədən tam təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən cavabdehin 500 manat ödəniş etməsinin nəzərə alınmasına etirazı olmadığını bildirmişdir. Həmçinin onu da əlavə etmişdir ki, 300 manat əldən çıxmış faydanı cavabdehin evdə pişik saxlaması nəticəsində evdən qoxu gəlməsi ilə əlaqədar evi kirayəyə verə bilməməsi ilə bağlı tələb etdiyini bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o iddiaçı ilə 600 manat ödəniş edilməsi barədə razılığa gəlmişdir. Razılıq üzrə onun tərəfindən iddiaçıya 500 manat ödəniş edilmiş, lakin xalası rəhmətə getdiyi üçün 100 manat ödənişi edə bilməmişdir. Hazırki vəziyyətdə isə onun 50 manatdan artıq ödəniş edə bilməyəcəyini bildirmişdir. 500 manat ödənişin qəbzi cavabdehdədir. Həmçinin qeyd etmişdir ki, o, dəymiş maddi ziyanının ödənilməsi hissəsində iddia tələbini qəbul edir, lakin əldən çıxmış fayda hissəsi ilə razı deyildir. O, qeyd etmişdir ki, ev şəraitsiz ev olduğu üçün kirayəçilər evdə qalmaq istəmirlər. O evdə pişik saxlamışdır. Lakin həmin pişik oboyları cırmamışdır. O, Bakıya gələndən bəri günü 40 manata hoteldə qalır, əgər pişik oboyları cırırsa, həmin hoteldə də oboyu cırardı.

12. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında kirayə müqaviləsi bağlanmışdır.

14. Cavabdeh xx.xx.2024-cü il tarix də məhkəməyə ərizə təqdim edərək iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Belə ki, o, iddia tələbini dəymiş ziyanla bağlı hissədə qəbul etmiş, lakin əldən çıxmış fayda qismində 300 manat məbləğində pul vəaitinin tutulması hisəsində qəbul etməmişdir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. İddiaçı Cavabdeh qarşı olan “pul” tələbini cavabdehin kirayə müqaviləsi üzrə kirayə haqqını ödəməməsi və kirayəyə götürdüyü mənzilə zərər vurması ilə əsaslandırmışdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

21. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlanmışdır.

23. Belə ki, məhkəmə iclasında Cavabdeh İddiaçı ilə kirayə müqaviləsi bağladığını, həmin kirayə müqaviləsi üzrə iddiaçıya kirayə haqqı borcu olduğunu və işıq pulunu ödəməməklə, mənzilə ziyan vurmaqla vəs. hərəkətlər ilə iddiaçıya maddi ziyan vurduğunu etiraf etmişdir.

24. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 1096, 1097-ci maddələri təşkil edir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

26. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə yazılı formada tərtib edilmiş kirayə müqaviləsi bağlanmış və həmin kirayə müqaviləsi üzrə Cavabdeh iddiaçıya 50 manat kirayə haqqı borcu yaranmışdır.

27. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə ayda 300 manat ödəmək şərtilə kirayə müqaviləsi bağladığını və 26 noyabr 2023-cü il tarixdən 30 mart 2024-cü il tarixədək həmin mənzildə yaşadığını və 5 günə görə 50 manat kirayə haqqı borcunu olduğunu bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı kirayə müqaviləsi bağlanmışdır.

28. Məhkəmə qeyd edir ki, Cavabdeh kirayə müqaviləsi üzrə 50 manat məbləğində kirayə haqqı borcunun qalması işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 50 manat məbləğində kirayə haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

29. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etirafı ilə müəyyən edilmişdir ki cavabdehin kirayə götürdüyü mənzildən istifadə nəticəsində yaranmış işıq, su pulunu ödəməməsi, mənzilin karnizi, pərdəsinə zərər vurması, mənzilin açarını iddiaçıya geri qaytarmaması, mənzildə pişik saxlaması və s. hərəkətlər nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur.

30. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

31. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

33. Cavabdeh məhkəməyə ərizə təqdim edərək (xx.xx.2024-cü il tarixində) iddia tələbini qismən, vurulmuş ziyana görə pul vəsaitinin tutulması hissəsinidə qəbul etdiyini, lakin əldən çıxmış faydaya görə 300 manat pul vəsaitinin tutulması hissəsində qəbul etmədiyini bildirmişdir.

34. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

35. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.

36. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

37. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 461.96 manat məbləğində zərər vurulması işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etirafı ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Məhkəmə qeyd edir ki, iddiaçı 50 manat kirayə haqqı borcunun və dəymiş ziyana görə 461.96 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olsa da, məhkəmə icraatı dövründə Cavabdeh tərəfindən 500 manat məbləğində pul vəsaiti ödənildiyindən iddia tələbi qeyd edilən pul vəsaitlərinin cavabdehdən tutulması hissəsində tam təmin edilə bilməz.

39. Belə ki, cavabdeh məkəmə baxış iclasında verdiyi izahatda sonuncu məhkəmə hazırlıq iclasından sonra iddiaçıya 500 manat ödəniş etdiyini bildirmiş, iddiaçı ilə məhkəmə baxış iclasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə görüntülü telefon əlaqəsi saxlanılan zaman ona cavabdeh tərəfindən 500 manat ödəniş edildiyini qəbul edərək, məhkəmə tərəfindən həmin pul vəsaitinin ödənilməsinin nəzərə alınmasına etirazı olmadığını bildirmişdir.

40. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi 50 manat kirayə haqqı və 461.96 manat dəymiş ziyanın tutulması hissəsində əsaslı olsa da, cavabdeh tərəfindən 500 manat pul vəsaitinin ödənilməsi nəzərə alınmaqla, 11.96 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. İddiaçı həmçinin Cavabdeh qarşı əldən çıxmış fayda qismində 300 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.

42. İdidaçı tərəfindən iddia tələbi bu hissədə cavabdeh tərəfindən mənzildə pişik saxlanılması nəticəsində həmin mənzildən qoxu gəlməsi ilə əlaqədar mənzili kirayəyə verə bilməməsi ilə əsaslandırılmışdır.

43. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatda iddia tələbini bu hissədə qəbul etməyərək bildirmişdir ki, onun iki pişiyi var və həmin pişiklər ilə oteldə yaşayır. Əgər pişiklərdən qoxu gəlirsə və ya oboylara zərər vururlarsa, oteldə ona pişiklər ilə qalmağa icazə verməzdilər.

44. Əldən çıxmış fayda dedikdə, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. O halda əldən çıxmış faydadan danışıla bilər ki, mənzildə kirayə qalmaq üçün yeni müştərilərin gəlib mənzilə baxması, kirayə müqaviləsini bağlamaqdan digər səbəblərə görə deyil də, evdən gələn pişik qoxusuna görə imtina etmələri və adi mülki dövriyyə şəraitində iddiaçının davamlı olaraq ona məxsus olan mənzili fasiləsiz və ya uzun müddətli kirayə verilməsi sübuta yetirilsin.

45. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində ona 300 manat məbləğində maddi ziyan vurulmasını sübut edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq qeyd etdiyi mənzili təyinatı üzrə istifadə edərək fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını təsdiq edən sübutları təqdim etməmişdir

46. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

48. Ona görə də məhkəmə hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

49. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

50. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar)

51. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əldən çıxmış faydaya görə 300 manat pul vəsaitinin tutulmasına dair hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri :

52. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

53. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

54. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

55. Belə olan halda məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

56. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.96 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, İddiaçı iddia tələbi qalan hissədə - əldən çıxmış faydaya görə 300 manat pul vəsaitinin tutulmasına dair hissədə təmin edilməməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.96 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə - əldən çıxmış faydaya görə 300 manat pul vəsaitinin tutulmasına dair hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar