Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1539/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili-Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 16 dekabr 2005-ci il tarixli JN-16086H, KOD 00900003 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında, Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 11 sentyabr 2003-cü il tarixli, 4 “ə” 4-661 saylı müqaviləsi ilə satılmış 0,02 hektar fərdi yaşayış evi tikilməsi üçün ünvan 1də yerləşən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Qeyd olunan ev yaşayış üçün hazır vəziyyətdə olduqdan sonra maddi vəziyyəti ilə əlaqədar olaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin torpaq sahəsini almaq istəyən cavabdehlər - Cavabdeh və onun qardaşı Nümayəndə ilə alqı-satqıya dair razılıq əldə etmişlər. 28 iyul 2008-ci il tarixdə, Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunda onunla Cavabdeh arasında ilkin müqavilə bağlanmışdır. İlkin müqavilənin şərtlərinə əsasən, satıcı öhdəsinə götürür ki, Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN-16086, KOD-00900003 olan “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 ha torpaq sahəsini bu günə razılaşdığımız qiymətə, yəni, 60247,5 (altmış min iki yüz qırx yeddi manat əlli qəpik) manata alıcıya satmışdır. Qeyd elmək lazımdır ki, ilkin müqavilə bağlandıqdan sonra ev cavabdehlərə təhvil verilmişdir. Həmin ilkin Müqavilənin 4-cü maddəsinə əsasən, Alıcı daşınmaz əmlakın razılaşdırılmış satış qiymətinin 28115,5 (iyirmi səkkiz min yüz on beş manat, əlli qəpik) manatını notariat kontorunun depozit hesabına qoyaraq Satıcıya ödəmişdir. Qalan 32132 (otuz iki min yüz otuz iki) manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Əsas müqavilənin bağlanılması üçün tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi və yazılı şəkildə 36 saylı Dövlət notariat kontoruna müraciət edilməsi təklif olunsa da, müraciətləri cavabsız qalmış, alqı-satqının yekunlaşması və əsas müqavilənin imzalanması üçün heç bir addım atılmamışdır. Cavabdehlər bu günə kimi nə müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, nə də evi boşaldaraq ona təhvil vermişdir. 2011-ci ildə müqavilə üzrə pulun ödənilməmiş hissəsinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Nərimanov Rayon Məhkəməsinin 16.08.2011-ci il tarixli, 2(005)- 2799/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2014-cü il tarixli, 2(103)-1527/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyə görə, əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət bitənə qədər bağlanmazsa və ya tərəflərdən biri digərinə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə ilkin müqavilə üzrə öhdəliklərə xitam verilir. Yeni iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilərək, AR DT və XK tərəfindən verilmiş JN-16086, KOD-00900003 olan “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0, 015 ha torpaq sahəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviəsinin bağlanmış hesab edilməsi və qalıq borcun ödənilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrindən və cavabdehin davranışından da göründüyü kimi, 10 ildən artıq müddətdir ki, mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdehlər nə müqavilə üzrə qalıq borcu ödəmiş, nə də ona məxsus olan yaşayış evini tərk etmişdir. Məhkəməyə təqdim edilən sübutlardan (torpağın texniki pasportu və JN-16086, KOD-00900003 şəhadətnaməsi, fərdi yaşayış evinin AR ƏMDK yanında DƏDRX-dən çıxarışı) da göründüyü kimi qeyd olunan torpaq sahəsi və tikilmiş fərdi yaşayış evi onun mülkiyyətindədir. Bununla yanaşı 05 oktyabr 2019cu il tarixdə 0,02 hektar torpaq sahəsi üzərində yerləşən 269,1 kv.m yaşayış sahəsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-dən tam xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Göründüyü kimi Cavabdeh qeyd olunan yaşayış evi üzərində hər hansı bir mülkiyyət, yaşamaq yaxud istifadə hüququ yoxdur. Tərəflər arasında qeyd olunan əmlakın alqı-satqısına dair razılaşma olsa da, müqavilə bağlanmamışdır. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 dekabr 2013-cü il tarixi qətnaməsi ilə alqı-satqı müqaviləsi bağlanmamış hesab edilmişdir. Bununla yanaşı, hazırki dövrədək Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi hər iki məhkəmə qətnaməsinin əsaslandıncı hissəsindən görünür ki, məhkəmələr ilkin müqaviləni müddəti keçməsi səbəbindən etibarsız hesab etmişlər. Lakin göstərilən xüsusatlara rəğmən cavabdehlər, 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmişlər. Bununla da ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Mülki qanunvericiliyə əsasən, dəymiş ziyan cavabdehlərdən tutularaq ona ödənilməlidir. Bildirir ki, qeyd olunan evin real əmlak bazarında hazırki aylıq kirayə məbləği 1000 (bir min) manat təşkil edir. Əvvəlki illərin kirayə qiymətlərini və dəymiş ziyanın real məbləğini nəzərə alaraq, hesab edir ki, cavabdehdən ona məxsus əmlakdan qanunsuz olaraq istifadə etdiyi və qaytarmaqdan boyun qaçırdığı üçün 2008-ci ilin avqust ayından etibarən hər aya görə ortalama 800 (səkkiz yüz) manat dəyərində kirayə ödənişi tutularaq iddiaçıya ödənilməkdir. Əmlakın artıq 10 il 7 aydır (ilkin müqaviləyə əsasən müqavilə 28 iyul 2010-cu ilədək bağlanmalıydı) ki, cavabdehin qanunsuz istifadəsində olmasını və ortalama kirayə pulunun 800 manat təşkil etdiyini bilərək dəymiş ziyanın ümumi məbləği 101 600 (yüz bir min altı yüz) manat təşkil edir. Buna görə də, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 101 600 (bir yüz bir min altı yüz) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, qeyd olunan fərdi yaşayış evinin alqı-satqısına dair 28 iyul 2009-cu il tarixdə ilkin müqavilə bağlansa da növbəti bir il müddətində əsas müqavilənin bağlanması üçün alıcı tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən hesab edir ki, dəymiş ziyanın məbləği (kirayə haqqları) ilkin müqavilənin imzalandığı tarixin növbəti ayından hesablanmalıdır. Alınmış 21 aprel 2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyindən görünür ki, 01.08.2009-cu il tarixdən 01.04.2021-ci il tarixədək dəymiş ziyanın ümumi məbləği 100200 (yüz min iki yüz) manat təşkil edir. 23 aprel 2021ci il tarixli, 490800 saylı ödəniş qəbzindən görünür ki, mütəxəssis rəyinin alınması üçün 500 manat ödənilmişdir. Əldə edilmiş sübutlara əsasən iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Buna görə də, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 100200 (yüz min iki yüz) manat məbləğində pul vəsaitinin, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onun və cavabdehin İddiaçı ilə hər-hansı mübahisəsi olmamışdır. Hazırda iddia predmeti olan evi o, “Birja” qazeti vasitəsi ilə tapmış, bundan sonra ev-alqı satqısı ilə məşğul olan şəxs kimi tanıdığı X1 ilə tanış olub, onun vasitəsilə evə baxış keçirmişdir. Ailə üzvləri, o cümlədən, Cavabdeh ilə məsləhətləşərək həmin evi 130.000 ABŞ dollarına almaq qərarına gəlmişlər. Həmin vaxt, o, 100.000 ABŞ dolları pulu olduğunu Məcidə bildirmiş, Məcid isə ona narahat olmamasını, 100.000 ABŞ dollarını ilkin olaraq ödəməsini, pulun qalan hissəsini isə ilkin müqavilə bağlayaraq ödəməsinə şərait yaradacaqlarını ona bildirmişdir. Belə ki, Məcidlə aralarında şifahi söhbət zamanı pulun qalan hissəsini 1-2 il ərzində deyil, 5-6 il ərzində ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra onlar Bakı şəhərində yerləşən 36 saylı Notariat Kontoruna getmişlər. Orada o, əvvəllər tanımadığı şəxsi görmüş, sonradan həmin şəxsin evi satan İddiaçı olması ona məlum olmuşdur. Məcid sənədə imza atdıqdan sonra Fridunun gedəcəyini ona bildirsə də, qeyd olunan şəxslər onun və Cavabdeh təcrübəsizliyindən istifadə edərək, onlara müxtəlif sənədlərə imza çəkdirmişlər. Məcid dövlət rüsumunu az ödəməsini əsas gətirərək, onun verdiyi pulu hissələrə bölmüşdür. Bununla yanaşı, o, hal-hazırda vəfat etmiş keçmiş qonşusu Vaqif Xəlilova bir əvvəl qaraj satmasına baxmayaraq, notariat kontorunda olarkən, həmin qarajın sənədləşməsini də evin sənədləşməsi ilə eyni vaxtda aparmışdır. Belə ki, araşdırma aparılarsa, onun qeyd olunan tarixdə həm qarajın, həm də evin satılması müqabilində ödəniş etməsini əks etdirən iki bank rekvizitinin mövcud olması müəyyən olunar. Notariat kontorunda olarkən, Cavabdeh ilə bir il müddətinə ilkin müqavilə bağlanmış, həmin vaxt evin çıxarışının bir ay ərzində veriləcəyinə dair onlara vəd verilmişdir. Məcid alqı-satqı zamanı onun verdiyi pulun təxminən 1/3 hissəsini müqavilədə qeyd etdirmiş, buna görə də o, təxminən 40.000 ABŞ dolları məbləğində pulu ödəmiş, qalan hissəsini isə əlbəəl vermişdir. O, öz evini satdığına görə yeni ev yiyəsinin ondan çıxmalarını tələb etdiyi üçün, Məciddən hazırda özünün aldığı evi boşaltmalarını və evə köçmələrini tələb etmişdir. Məcid isə ona ev tikdirdiyini bildirib, bir müddət gözləməsini xahiş etmişdir. İyul ayında alqı-satqı olmasına baxmayaraq, o və Cavabdeh soyuq qış vaxtına təsadüf edən dekabr ayında təmirsiz evə köçmüşlər. Məhz bundan üç gün sonra Məcid evi boşaltdırmış, çıxarış tələb etdikdə isə bunun müqabilində Məcid ona biraz pul verməsini təklif etmişdir. Onlar evə köçdükdən iki həftə sonra 2304 manat borcun olması əsası ilə, evə elektrik enerjisinin verilməsi dayandırılmışdır. O, Məcidə zəng edib bu barədə bildirmiş, Məcid isə ona narahat olmamasını, hər şeyi yoluna qoyacağını demiş, bir müddət sonra isə özü ilə kəlbətin gətirib elektrik enerjisinin verilməsini bərpa etmiş, lakin sonradan yenidən eyni problemlə üzləşmişdir. Həmin ərəfədə Məcid ondan 500 manat pul istəmiş, o isə aralarında danışıq olmasını bildirib razılaşmamışdır. O, məcbur olub qonşusunun evindən öz evinə işıq xətti çəkdirmiş, lakin bunun da xeyri olmamış, sonda işıq idarəsinə gedərək ərizə yazmışdır. Belə ki, o, aylıq sərfiyyat ödənişindən əlavə, ilkin olaraq 250 manat, daha sonra hər ay üçün 100 manat olmaqla ödəniş etmişdir. Bundan sonra, 3 oktyabr 2010-cu ildən etibarən iddiaçı tərəf Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Onların aralarında ümumilikdə dörd dəfə məhkəmə mübahisələri olmuş, iddia tələbi isə onun və Cavabdeh guya ilkin müqavilənin şərtlərinə əməl etmədiyi üçün evdən çıxarılmaları barədə olmuş və qeyd etdiyi əsassız və haqsız mübahisələr hal-hazıradək davam edir. Buna görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə verilmiş JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ona əlavə edilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün surətlərindən görünür ki, həmin şəhadətnamə Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 11 sentyabr 2003-cü il tarixli 4 “Ə”-4-661 saylı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı verilmişdir, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi qrafasında “İddiaçı” qeyd edilmişdir; -“Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 28 iyul 2009-cu il tarixli ilkin müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə verilmiş JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini 60247,5 manata “Alıcı”ya satmışdır, əsas müqavilənin bağlanması bir il müddətinə başa çatdırılmalıdır, “Alıcı” daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq “Satıcı”ya ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür, müqavilə şərtlərinin yerinə yetirilməməsinin Mülki Məcəllənin 491-492-ci maddələri ilə tənzimlənməsi qeyd edilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evi üçün verilmiş 04 oktyabr 2019-cu il tarixli, **********84-10301 reyestr nömrəli texniki pasportun və ona əlavə edilmiş torpaq sahəsinin planının surətlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,01412 hektar hissəsi tikinti altı sahə və 0,00588 hektar hissəsi digər sahələr üçün nəzərdə tutulmaqla, ümumilikdə 0,02 hektar torpaq sahəsi üzrə hüquq subyekti İddiaçıdur; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 05 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır, torpaq sahəsinin ölçüsü 0,02 hektar, daşınmaz əmlakın reyestr nömrəsi **********84-10301 kimi qeyd edilmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2011-ci il tarixli, 2(005)-2799/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə ünvan 1də yerləşən üzərində 10 otaqdan ibarət 3 mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi 0,015 hektar torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən yaranmış 40000 (qırx min) ABŞ dolları məbləğində borc pulun, vurulmuş maddi zərərə görə 5000 (beş min) manatın və mənəvi zərərə görə 10000 (on min) manatın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, 2(005)- 3668/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh, Nümayəndə və maraqlı şəxs 36 saylı Dövlət Notariat Kontoruna qarşı “torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun cavabdehlərdən tutulması” tələbi barədə iddia tələbi təmin olunmamışdır; -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2014-cü il tarixli, 2(103)- 1527/2014 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, 2(005)-3668/2013 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır; -“xxxx” Qiymətləndirmə Şirkətinin 21 aprel 2021-ci il tarixli, BF-3471 ER saylı mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 28 iyul 2009-cu il tarixdən 01 aprel 2021ci il tarixinədək hər ay və hər il üçün ümumi kirayə haqqının məbləği 100.200 (yüz min iki yüz) manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsinin 0,015 hektar hissəsini İddiaçı 28 iyul 2019-cu il tarixli ilkin müqavilə əsasında Cavabdeh 60247,5 manata satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması şərti ilə, Cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq iddiaçıya ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür, həmçinin müqavilə şərtlərinin yerinə yetirilməməsi barədə üzərinə öhdəlik götürmüşdür. Hazırda iddiaçı, əsas müqavilənin bağlanılması üçün tərəfindən cavabdehə bir neçə dəfə şifahi və yazılı şəkildə 36 saylı Dövlət notariat kontoruna müraciət edilməsini təklif etdiyini, lakin cavabdeh tərəfindən alqı-satqının yekunlaşması və əsas müqavilənin imzalanması üçün heç bir addım atılmamasını və bu barədə iddiasının Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2013cü il tarixli qətnaməsi ilə təmin edilməməsini bildirərək, mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və cavabdeh tərəfindən dəymiş ziyanın ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, boşaldılması tələb edilən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 05 oktyabr 2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı ilə gəldiyi hüquqi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 28 iyul 2009-cu il tarixli ilkin müqaviləyə əsasən “Satıcı” Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə verilmiş JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini (yəni hazırda mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini) 60247,5 manata “Alıcı”ya satmışdır, əsas müqavilənin bağlanması bir il müddətinə başa çatdırılmalıdır, “Alıcı” daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq “Satıcı”ya ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflərdən heç biri əsas müqavilənin bağlanması barədə digər tərəfə təklif göndərməmiş, bununla bağlı notariat kontoruna müraciət etməmiş, nəticədə tərəflər arasında 28 iyul 2009-cu il tarixdə bağlanmış ilkin müqavilənin 2-ci bəndinin tələbinə uyğun olaraq bir il müddətində tərəflər arasında əsas müqavilə indiyədək bağlanmamışdır. Halbuki, ilkin müqavilənin 4-cü bəndinə görə alıcı daşınmaz əmlakın razılaşdırılmış satış qiymətinin qalan 32.132 manatını əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasında isə əsas müqavilə bağlanmadığına görə İddiaçı həmin pulun ödənilməsini Cavabdeh qızından hazırda tələb etməli deyildir. Eyni zamanda torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun İddiaçı tərəfindən Cavabdeh qızından tələb edilməsi əsaslı hesab oluna bilməz. Göründüyü kimi, boşladılması tələb edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin satılmasına dair ilkin müqavilə mövcud olsa da, əsas müqavilənin bağlanması qanunla müəyyən edilmiş bir il müddətində başa çatdırılmamış, bu müddətdən sonra isə torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır, daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyat qüvvədədir, mübahisələndirilməmişdir. İddiaçının ona məxsus olan əmlaka faktiki sahib olmaq, əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək hüququ vardır, hansı ki, bu hüquq, qanuni əsaslar olmadan cavabdeh tərəfindən məhdudlaşdırılmışdır, həyata keçirilməsinə maneə yaradılır. Məhkəmə hesab edir ki, cavabdehin həmin evdən istifadə etməsinə və boşaltmamasına hər hansı qanuni əsas yoxdur, mülkiyyətçinin qanunvericiliklə tanınan və qorunan hüququ təmin edilməklə, iddia həmin hissədə təmin edilməli, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, tərəflər arasında bağlanmış ilkin müqavilədən irəli gələn əsas müqavilənin onun bağlanmalı olduğu müddət qurtaranadək bağlanmadığı vəziyyətində ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verildiyindən, hazırda bu barədə tələb irəli sürülmədən fərdi yaşayış evinin boşaldılması barədə iddianın təmin edilməsinə yolverilməzlik yoxdur. Bu zaman xüsusilə nəzərə alınmalırı ki, Cavabdeh məhkəmə iclaslarında etibarnaməsi əsasında nümayəndəsi (qardaşı) vasitəsi ilə təmsil olunmuş, lakin qanunla müəyyən edilmiş qaydada iddia ərizəsinə dair etiraz və mülahizə və ya qarşılıqlı iddia verilməmiş, iddia tələbinin əsassızlığına dair hər hansı qanuni dəlil irəli sürməmiş, etirazının əsasını təşkil edəcək sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh adına isə mübahisəli əmlaka dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. İddiaçı iddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 ildən artıqdır ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, yaşayış evini tərk etməmiş, bununla ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan evi kirayəyə verərək gəlir əldə elmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. 21 aprel 2021-ci il tarixli BF-3471 ER nömrəli mütəxəssis rəyinə əsasən 01 avqust 2009-cu il tarixdən 01 aprel 2021-ci il tarixədək dəymiş ziyanın ümumi məbləği 100.200 manat təşkil edir. Halbuki, işin faktiki müəyyən olunmuş halları və tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtləri ilə təsdiq olunur ki, iddiaçının 28 iyul 2009-cu il tarixli müqaviləni bağlamaqda niyyəti ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini Cavabdeh satmaq olmuşdur, sonrakı məhkəmə mübahisələrinin predmeti də “üzərində fərdi yaşayış evi inşa edilmiş torpağın alqı-satqısına dair ilkin müqavilədən yaranmış borc pulun, vurulmuş maddi (pulun infilyasiyası baxımından) və mənəvi zərərin ödənilməsi”, bundan başqa “torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun tutulması” olmuşdur. İddiaçı həmin iddialarında heç vaxt iddia etməmişdir ki, əmlakı kirayə vermək niyyətində olmuşdur. 2014-cü ildə sonuncu məhkəmə mübahisəsindən sonra tərəflərin heş biri bir-birinə qarşı hər hansı predmetlə bağlı iddia qaldırmamışlar. Məhkəmə təkrar olaraq xatırladır ki, ilkin müqavilənin özündən, eləcə də məhkəmə mübahisələrinə dair qətnamələrdən də aydın olur ki, iddiaçının niyyəti məhz əmlakı satmaq olub, o, həmin əmlakı kirayə vermək məqsədilə tikməsi, kirayəyə vermə ilə məşğul olması və sair bu kimi sübutlarını təqdim etməmişdir. Mülki qanunvericiliyə görə, zərər dedikdə, real zərər və əldən çıxmış fayda başa düşülür. Real zərər - pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər, pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər, əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər hesab olunur. Əldən çıxmış fayda - hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Konkret halda İddiaçı sözügedən iddia tələbinin də əsaslılığına dair hər hansı sübutunu təqdim etməmişdir. İddiaçının təqdim etdiyi mütəxəssis rəyi isə yalnız dəymiş ziyan kimi qiymətləndirilmiş kirayə haqqının məbləğinin hesablanması üçün əsas ola bilər, lakin mütəxəssisin həmin rəyi mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, rəydən görünür ki, mütəxəssis öz rəyini subyektiv fikirləri ilə əsaslandırmışdır, ərazi üzrə oxşar əmlakların kirayə qiymətini əks etdirən mötəbər sübut qismində qəbul ediləcək sənəd (arayış), bilavasitə kirayə əmlak sahəsində fəaliyyət göstərən mütəxəssisin rəyi, internet resurslarında yerləşdirilmiş elanlar və sair sübutlar təqdim edilməmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə iddia təmin edilmədiyi halda, həmin iddianın irəli sürülməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 manat ekspertiza xərci cavabdehdən tutula bilməz, ona görə məhkəmə hesab edir ki, bu xərc iddiaçının özünə aid edilməklə, iddia həmin hissədə təmin edilməməlidir. Lakin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq, İddiaçı təhvil verilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh istifadəsində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq, İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1539/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1539/2021
25.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver