Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1555/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla əlaqədar bildirişin Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdehnə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə “əmək müqaviləsinə xitam verilməsi və bununla əlaqədar bildirişin Əmək və Məşğulluq altsisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə anbardar vəzifəsinə işə qəbul edilmiş, ancaq heç vaxt həmin müəssisədə işləməmişdir. Təsadüftən məlumatı olmuşdur ki, həmin yerdə adı qalmışdır. Ancaq o, artıq neçə müddətdir ki, həmin MMC-də işləmir. Hazırda həmin MMC-nin direktorunu tapa bilmədiyi üçün əmək müqaviləsinə xitam verdirə bilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, sosial yardım almaq üçün müraciət etdiyi zaman onun adına sistemdə əmək müqaviləsi olduğu müəyyən edilmiş, ancaq Cavabdeh MMC ilə aralarında əmək müqaviləsi bağlanmamış, cavabdeh şirkətdə heç vaxt işləməmişdir. Hazırda cavabdeh MMC-nin direktorunu tapa bilmədiyi üçün əmək müqaviləsinə xitam etdirə bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, İddiaçı anbardar vəzifəsində işə düzəlmişdir. İddiaçı məhəkməyə müraciət etməmişdən qabaq qanunvericiliyin tələbinə riayət edərək mediasiya təşkilatına müraciət etmiş və ona xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə, 11-ci maddəsinin b) bəndinə, 42.1-ci, 49.1-ci, 68-ci, 316.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsi bildirişində Cavabdeh MMC-nin işçisi kimi qalsa da, faktiki olaraq həmin MMC-də işləmir, nəticədə digər müəssisələrdə işlə təmin oluna bilmir. Hazırda iddiaçı tərəfindən məsələnin başqa həll yolu olmadığı üçün məhkəməyə hazırki iddia tələbi ilə müraciət edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci və ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1555/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1555/2025
27.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver