Məhkəmə qərarları › İş №2(007)-1565/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1565/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1565/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi cəlb edilməklə Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiamı təmin edib, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 54 saylı evin, 5 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 54 saylı evin, 5 saylı mənzili icarədarıdır. Həmin mənzil ona Neftayırma zavodunda işlədiyi üçün 02 oktyabr 1988-ci il tarixli 027510 saylı order əsasında verilmişdir. Nəzərə çatdırır ki, oğlu X9 ilə Cavabdeh 14 fevral 2004-cü ildə ailə qurmuşlar. 2021-ci ildə isə Cavabdeh oğlunu və uşaqlarını ataraq başqa kişiyə getmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(007)-243/2021 saylı qətnaməsi ilə X4 ilə Cavabdeh 14 fevral 2004-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 116 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 25 oktyabr 2004-cü il təvəllüdlü X10 və 12 noyabr 2012-ci il təvəllüdlü X13 anaları Cavabdeh yanında, 14 noyabr 2005-ci il təvəllüdlü X11 və 16 dekabr 2008-ci il təvəllüdlü X14 isə ataları X2 yanında saxlanılması qət edilmişdir. Cavabdeh artıq 3 il olar ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 54 saylı evin, 5 saylı mənzildə yaşamır. Cavabdehin həmin mənzildə heç bir əşyası yoxdur. Cavabdeh mənzildə pasport qeydiyyatında qalma səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarım məhdudlaşdırılır. Cavabdeh artıq çoxdan faktiki yaşadıqları yerdə qeydiyyatda alınmalı idilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh evlənib, həmin nikahdan uşağı var. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı B.Nuriyev küçəsi, ev 54, mənzil 5 ünvanında yerləşən mənzildə yaşayır, o həmin mənzilin icarədarıdır, mənzil özəlləşdirilməyib. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 027510 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı verilmişdir; - Bakı şəhəri Niami Rayon Məhkəməsinin 2(007)-243/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində görünür ki, iddia təmin edilərək, X9 ilə Cavabdeh 14 fevral 2004-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanılmış və 116 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 25 oktyabr 2004-cü il təvəllüdlü X10 və 12 noyabr 2012-ci il təvəllüdlü X5 analarının Cavabdeh yanında, 14 noyabr 2005-ci il təvəllüdlü X11 və 16 dekabr 2008-ci il təvəllüdlü X6 isə ataların X2 yanında saxlanılması qət edilmişdir; - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 3-52-13-13/2-201/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, B.Nuriyev küçəsi, ev 54 saylı bina birliyin balansındadır. Həmin binanın 5-ci mənzili dövlət mənzil fonduna aiddir, özəlləşdirilməyib; - 121 saylı MKİS-in 353 saylı xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı B.Nuriyev küçəsi, ev 54, mənzil 5 ünvanında yerləşən mənzildə yaşayır, o həmin mənzilin icarədarıdır, mənzil özəlləşdirilməyib; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 3-13-1S/2-160S5-24 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh xx.xx.2006-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; - B.Nuriyev küçəsi, ev 54 ünvanında yaşayan X7, X1 və X12 tərəfindən tərtib edilmiş və 121 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş aktdan görünür ki, B.Nuriyev küçəsi, ev 54, mənzil 5 ünvanında qeydiyyatda olan Cavabdeh 2020-ci ilin mart ayından bu günə qədər göstərilən ünvanda yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən mənzil Nizami rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 027510 saylı orderinə əsasən İddiaçı verilmişdir, həmin mənzil dövlət mənzil fonduna aiddir, özəlləşdirilməyib və iddiaçı həmin mənzilin icarədarıdır. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatdadır, lakin mübahisəli mənzildə yaşamır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-243/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu olan X9 ilə Cavabdeh arasında 14 fevral 2004-cü il tarixdə bağlanılmış nikahın pozulmuşdur. Hazırda cavabdehin mənzildə qeydiyyatda olması ona mənzildən istədiyi kimi istifadə və sahiblik etməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarının pozulması deməkdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının oğlu X9 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Cavabdeh xx.xx.2006-cı ildən həmin mənzilə qeydiyyata düşmüşdür. Onlar arasındakı nikah hazırda pozulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzillə bağlı yaranmış hüquq münasibətləri cavabdehin mübahisəli mənzilə köçdükdən və mənzilə qeydiyyata alındıqdan sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin Cavabdeh iddiaçının ailə üzvü olmadığından o, qanunverilik tərəfindən müəyyənləşdirilən ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə daxil deyil. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, cavabdeh orada yaşamır və qeydiyyatı formal xarakter daşıyır. Bununla yanaşı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, cavabdeh İddiaçı ailə üzvü hesab edilmədiyindən və onunla İddiaçı arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından məhkəmə belə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair tələb əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cı maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçının dövlət rüsumu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan 100 manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia üzrə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar