Məhkəmə qərarları › İş №2(007)-1602/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1602/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1602/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qeyri-rəsmi həyat yoldaşı X2 anası, yəni qayınanasıdır. O, X8 ilə qeyri-rəsmi olaraq, yəni faktiki olaraq nikah münasibətində olmaqla ailə qurmuşdur. Bu nikahdan oğulları Osmanov X7 Federasiyasının Moskva şəhərində 2001-ci ildə anadan olmuşdur və oğlu Rusiya Federasiyasının vətəndaşıdır. O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəlmişdir. xx.xx.2008-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə almış və evin pulunu da özü ödəmişdir. Evi etibar etdiyi və qohumluq əlaqəsinə görə qeyri-rəsmi həyat yoldaşı X2 anası, yəni qaynanası Cavabdeh adına rəsmiləşdirmişdir. Cavabdeh adına reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan seriya MH ******* saylı çıxarış verilmişdir. Ev alındığı gündən hal-hazıra qədər faktiki olaraq onun istifadə və sahibliyindədir. Evi alandan sonra evi əsaslı təmir etdirməklə evin bütün əşyalarını almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, evin əsaslı təmiri, həyətində inşa edilmiş bütün tikililər, abadlıq işləri də, həmçinin onun tərəfindən aparılmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri onun tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən bu günədək onun tərəfindən ödənilmişdir və hazırda da, tərəfindən ödənilməkdədir. Evin vergiləri də tərəfindən tam məbləğdə hal-hazırki vaxtadək ödənilmişdir (ödəniş qəbzlərini əlavə edir). Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini Cavabdeh adına rəsmiləşdirərkən elə razılaşmışlar ki, onun istədiyi vaxt o evi onun (və ya göstərdiyi şəxsin) adına rəsmiləşdirəcəkdir. Lakin sonradan qeyri-rəsmi həyat yoldaşı X8 və onun anası, yəni qayınanası Cavabdeh ilə münasibətləri onların qeyri-səmimi davranışları və hərəkətləri nəticəsində soyumuşdur. Qeyri-rəsmi həyat yoldaşı X8 və onun anası Cavabdeh onda olan məlumata görə ABŞ-a getmişlər. Sonradan isə anası Cavabdeh geri qayıtmışdır. Oğlu İddiaçı Qamlet oğlu onunla yaşayır və hazırda da, yanındadır. Cavabdeh xx.xx.2008-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin həqiqətdə (öz aralarında) onun olmağını etiraf etsə də, evin onun adına rəsmiləşdirilməsindən (və ya onun istədiyi adamın adına rəsmiləşdirilməsindən) yayınır. Onun həmin evin alınması üçün kifayət qədər vəsaiti olmuşdur, lakin həm özü, həm də arvadı Rusiya Fedarasiyasının vətəndaşı olduğu üçün özünə yaxın bildiyi şəxsin, arvadının anasının adına almışdır. Qeyd etdiyi bütün xüsusatların öz əksini tapması üçün kifayət qədər onların ümumi tanışları olan, mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin ona məxsus olduğunu, sadəcə formal olaraq Cavabdeh adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Eyni zamanda o, evi aldığı X13 da (mübahisəli evin əvvəlki sahibi) bunu təsdiq edə bilər. Belə ki, o, mübahisəli evi aldığı Rəna Axundovaya bunun müqabilində ünvan 1 ünvanında yerləşən mənzilini vermişdir. Bunlarda həm müvafiq sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqı- satqısı zamanıda özü iştirak etmişdir. Bu sözügedən alqı-satqı müqaviləsində də, öz əksini tapır. Ümumiyyətlə, Cavabdeh əmlakın alınmasında, təmirində iştirak etməmiş və bugünədək evin faktiki sahibi olmamışdır. Bu səbəbdən də, ev faktiki onun istifadəsində və sahibliyindədir. Bir daha qeyd edir ki, bu faktı onları tanıyan bütün insanlar bilir, və bu səbəbdən də, evin bütün kommunal ödənişləri də onun tərəfindən aparılır. O, evi aldıqdan sonra öz vəsaiti hesabına həmin evin 2-ci mansard mərtəbəsini artırmış və həyətində təsərrüfat otaqları tikdirmişdir. Əlavə olaraq müvafiq səlahiyyətli təşkilat (ekspertiza) tərəfindən sözügedən əmlak qiymətləndirmiş və əmlakın dəyəri 410000 (dörd yüz on min) manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, əgər Cavabdeh formal olaraq onun adına rəsmiləşdirdiyi əmlakına onun etibarından suiistifadə edərək sahiblənmək niyyətidədirsə, o halda onun həmin evə, evin yenidən qurulmasına və həyətindəki apardığı təmir işlərinə çəkdiyi xərcləri geri qaytarmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin heç bir əsası yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində Rusiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəldiyini, 30 dekabr 2008-ci il tarixində Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.metr yaşayış, 131,42 kv.metr köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə aldığı və evin pulunu da özünün ödədiyini, evi etibar etdiyi və qohumluq əlaqəsinə görə qeyri-rəsmi həyat yoldaşı X2 anası Cavabdeh adına reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan seriya MH ******* saylı çıxarış verildiyini, evin alındığı gündən hal-hazırdakı dövrə qədər faktiki olaraq onun istifadə və sahibliyində olduğunu, evi alandan sonra evi əsaslı təmir etdirməklə evin bütün əşyalarını aldığı, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirdiyini, evin əsaslı təmirinin, həyətində inşa edilmiş bütün tikililərin, abadlıq işlərinin də onun tərəfindən aparıldığını, həmin xərclərin, eləcə də evin bütün vergi və kommunal xərclərin də evin alındığı gündən bu günə qədər onun tərəfindən ödənildiyini və hazırda da onun tərəfindən ödənildiyini, evin vergilərinin onun tərəfindən tam məbləğdə hal-hazırki vaxtaqədər ödənildiyini bildirmişdir. Bildirmək istəyirlər ki, iddiaçı daha əvvəlcədən də cavabdeh Quliyeva Məmmədağa qızına qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi əsasında aldığı və evin pulunun da onun tərəfindən tam məbləğdə ödənildiyi və formal olaraq Cavabdeh adına rəsmiləşdirildiyi və onun adına çıxarış verildiyi üçün Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.metr yaşayış, 131,42 kv.metr köməkçi sahəsindən ibarət saylı bağ evinə dair Cavabdeh qzının adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-cı ıl olan seriya MH ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adma çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli 2(103)- 2755/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)-2894/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Qeyd edilən qətnamələrin surəti əlavə edilir-Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(003)-2894/2021 saylı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli 2(103)- 2755/2022 saylı qətnamələrinin surəti). Bildirmək istəyirlər ki, bağ evinin və torpaq sahəsinin Cavabdeh adına rəsmiləşdirilərkən iddiaçının istədiyi vaxt o evi onun (və ya göstərdiyinin) adına rəsmiləşdiriləcəyinə dair razılaşdıqlarına dair qeyd edilənlərin heç bir əsası yoxdur. Belə ki, Cavabdeh öz adına almış olduğu bağ evi və torpaq sahəsinin daha sonradan iddiaçının və ya onun göstərdiyi hər hansı bir üçüncü şəxsin adına rəsmiləşdirməsi düşünülə bilməzdi. Çünki qeyd edilən bağ evi və torpaq sahəsi bilavasitə cavabdeh tərəfindən öz vəsaiti hesabına öz adına alınmış, cavabdeh tərəfindən iddiaçının adına verilmiş olan etibarnamə əsasında cavabdehin nümayəndəsi kimi daşınmaz əmlakın alqısatqı müqaviləsini imzalamışdır. Çünki həmin ərəfədə cavabdehin qızının Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar cavabdehin öz qızının yanında olması səbəbindən iddiaçıya etibarnamə verilməklə qeyd edilən əqdlərin imzalanması səlahiyyətləri cavabdeh tərəfindən iddiaçıya verilmişdir ki, iddiaçının işi sadəcə qeyd edilən alqı-satqı müqaviləsinin imzalanması zamanı cavabdehi notariat orqanlarında təmsil edib, lazımi sənədləri imzalamaqdan ibarət olmuşdur. İddiaçının oğlu İddiaçı Qamlet oğlunun onun özü ilə birlikdə qalması ilə bağlı qeyd etdikləri ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, qızının oğlu İddiaçı Qamlet oğlu hal-hazırda cavabdehin qızı X3 yanında qalmaqda, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşamaqdadır. Bununla bağlı müvafiq arayış məhkəməyə təqdim ediləcəkdir. Yəni iddiaçının oğlunun onunla birlikdə qalması ilə bağlı da qeyd edilənlərin heç bir əsası yoxdur. İddiaçının iddia ərizəsində evi aldıqdan sonra öz vəsaiti hesabına həmin evin 2-ci mansard mərtəbəsini artırmaq və həyətində təsərrüfat otaqları tikdirməsi, səlahiyyətli təşkilat tərəfindən sözegədən əmlakı qiymətləndirmə və əmlakın dəyərinin 410000 (dörd yüz on min) manat məbləğində müəyyən edilməsi ilə bağlı qeyd edilənlərlə əlaqədar bildirmək istəyirlər ki, bu gün əmlakın qiymətləndirilərək real bazar qiymətinin 410000 manat olaraq müəyyən edilməsi onun üçün çəkilən təmir bərpa xərclərinin, o cümlədən tikinti xərclərinin o məbləğdə sərf edilməsi mənasına gəlməməkdədir. Həmçinin, iddiaçının tanıdığı şəxsləri və yaxın adamlarını bu evin onun tərəfindən alındığına və təmir xərclərinin onun tərəfindən çəkildiyini məhkəmədə də təsdiq edə biləcək şahidlərin olmasına dair qeyd edilənlərin də heç bir əsası yoxdur. Belə ki, qeyd edilən və şahid qismində dinlənilməsi istənilən şəxslərin yuxarıda qeyd etdikləri məhkəmə araşdırması zamanı bildirdikləri ifadələrə də mötəbər sübut kimi qiymət verilməmiş, həmin şəxslərin bildirdikləri qeyd edilən məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Maraqlı olan haldır ki, iddiaçının cavabdehə mülkiyyət hüququ ilə məxsus olan bağ evinə və torpaq sahəsinə müvafiq xərcləri çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1091 və 1092-ci maddələrinə də istinad edilməsi də anlaşılan deyildir. İşdə olan sübutlardan və daha əvvəlcədən qəbul edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi Cavabdeh qeyd edilən bağ evini və topraq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır və bunun hüquqi əsası da həmin müqavilədir. Həmçinin, qeyd edilən əmlakı da öz vəsaiti hesabına almışdır. Maraqlı olan haldır ki, iddiaçı öz iddia ərizəsində 1091.1-ci maddəyə istinad etdiyi halda həmin maddənin 2-ci bəndini nəzərə almamışdır. Belə ki, həmin bəndin tələblərinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məddənin tələblərindən də göründüyü kimi əsassız varlanma o halda baş verə bilər ki, bu cür varlanmaya səbəb olan qanuni əsas və ya müqavilə mövcud olmasın. Halbuki, işdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfindən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur. Qeyd edilənlərə əsasən, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin alınmasına və həmin evin təmirinə iddiaçı tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehin qızı ilə qeyri-rəsmi nikahda olmuşdur. İddiaçının özü Rusiya vətəndaşıdır və hər zaman Azərbaycana gəlib-getmişdir. İddiaçı Bakıda ev almışdır. İddiaçı bağ evi ilə şəhərdəki evini dəyişdirmə etmiş və əlavə pul da vermişdir. Bağ evinin sahəsi 12 sot olmuşdur. İddiaçı Rusiya vəntəndaşı olduğu üçün evi öz adına ala bilməmiş və evi keçmiş qayınanası, cavabdehin adına almışdır. İddiaçı cavabdehin ona verdiyi etibarnamə üzrə bütün sənədləşmə işlərini özü həll etmişdir. Bağ evinin sənədləşdirilməsindən cavabdehin məlumatı olmamışdır. Cavabdeh heç evin kimdən alınmasından belə məlumatı yoxdur. Ev alındığı zaman yarımtikili vəziyyətdə olmuş, iddiaçı həmin evi böyütmüş, evi təmir etdirmişdir. Evə 410000 manat pul xərclənmişdir. İddiaçı ilə cavabdehin qızı arasında münasibətlər pisləşdikdən sonra cavabdeh evi iddiaçıya verməkdən imtina etmişdir. Hazırda iddiaçı evə çəkilən xərcləri tələb edir. Xəzər Rayon Məhkəməsinin qətnaməsində də şahid ifadələrində qeyd edilmişdir ki, evə iddiaçı tərəfindən xərc çəkilmişdir, evin təmirini iddiaçı özü etmişdir. Ev dəyişdirmə ilə alınmış, hətta iddiaçı öz evini satıcı ilə dəyişib, əlavədə pul vermişdir. İddiaçı tərəfindən cavabdehə heç bir hədə-qorxu edilməmişdir. Xəzər Rayon Məhkəməsində də təsdiq edilmişdir ki, evi iddiaçı təmir etdirmişdir. Həmin qətnamədə qanuni qüvvəyə minmişdir. Bundan başqa, iddiaçı cavabdehin qızı üçün Rusiya Federasiyasında 200000 manata ev almış və həmin evi iddiaçı tələb etmir. İddiaçı ilə cavabdehin qızı arasında 18 yaş fərq var. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı iki ildir ki, onu təhdid və hədə-qorxu edir. Bununla bağlı Rusiya Federasiyasında hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin, onda səs yazıları da var. Evin alındığı zaman dəyəri 30000 manat olmuşdur. Onun qızı ilə iddiaçı evli olmuşdur. Belə ki, mübahisəli bağ evi onun mülkiyyətindədir. O və həyat yoldaşı həmişə işləmişlər. Həyat yoldaşı Rusiya Federasiyasında işləmişdir. O, pul vermişdir ki, qızı üçün ev tiksinlər. İddiaçı qızına xəyanət etdiyi üçün qızı iddiaçıdan boşandıqdan sonra iddiaçı qızına hədə-qorxu gəlirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bağ sahəsinin əcnəbi vətəndaşlar tərəfindən alqı-satqısına dair qanunvericilikdə qadağa yoxdur. Əcnəbi vətəndaşın evi öz adına keçirməsində qadağa yoxdur. Bağ sahəsinə çıxarış alındıqdan sonra iddiaçı evi öz adına keçirə bilərdi. İş materiallarına əlavə edilmiş şəkillərin olması, evin təmirinə çəkilmiş xərcləri təsdiq etmir. İddiaçının övladı cavabdehin qızı, yəni anası ilə qalır. Qiymətləndirmə rəyində 410000 manat qeyd edilə bilər, lakin bu evə iddiaçı tərəfindən çəkilmiş xərci təsdiq etmir. İddiaçı tərəf evin tikinti xərclər smetasını, ustalarla bağlanan podrat müqaviləsini məhkəməyə təqdim etməli idi. Hazırda həmin evdə cavabdeh yaşamır. Elnarə və iddiaçının övladı faktiki olaraq qız dostu ilə birlikdə yaşayır. İddiaçının şirkətinin 2020-ci il tarixinə olan xalis mənfəəti 34560 ABŞ dolları olmuşdur. Şirkətin 4 payçısı var. Şirkət pandemiya dövründə belə mənfəətlə işləmişdir. Cavabdeh evin mülkiyyətçisi kimi öz evini təmir etdirmişdir. Qarşı tərəf sübut etməlidir ki, ev iddiaçı tərəfindən təmir edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin qızı 1995-ci ildə Moskva şəhərinə, onun yanına gəlmişdir. Sonradan isə cavabdeh və onun həyat yoldaşı da Moskvaya gəlmişlər. Cavabdehin qızı ilə aralarında münasibət yaranmışdır. Moskva şəhərində yoldaşına ev də almışdır. Belə ki, mübahisəli bağ sahəsini öz adına ala bilmədiyi üçün alqı-satqı müqaviləsini cavabdehin adına bağlamışdır. Bundan başqa, cavabdehin özü, qızı və həyat yoldaşı onun yanında işləmişlər. Onların bağ sahəsi alacaq pulu yox idi. Cavabdeh bağ sahəsini təmirinə pul xərcləməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun yerlisidir, iddiaçı ilə münasibətləri yaxşıdır. Mübahisə predmeti olan bağ sahəsində təmir-tikinti işlərinin aparılmasında iştirak etmişdir. Belə ki, o, işləyən ustalara rəhbərlik etmişdir. O, ustaların pulunu İddiaçı almışdır. Ustalara pulu o təqdim etmişdir. Təmir-tikinti işlərinin nə vaxt aparıldığı yadında deyil. O, politexnik universitetini bitirmişdir. İddiaçı ilə aralarında podrat müqaviləsi bağlanmamışdır. Təmirtikinti işlərinin aparılmasına dair qaimlər var. Həmin qaimələr də məhkəməyə təqdim edilmişdir. Alqı-satqı müqaviləsi 2006-cı il tarixində Mərdəkanda bağlanmışdır. Hansı notariat orqanında bağlanması isə yadında deyil. Torpaq sahəsinin alınmasında iştirak etmişdir. Torpaq sahəsi Rəna adlı xanımdan alınmışdır. İddiaçı Azərbaycan vətəndaşı olmadığı üçün alqı-satqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Xeysəxanım bağ sahəsinə yay aylarında dincəlmək üçün gəlmişdir. Cavabdeh bağ sahəsinin təmir-tikinti işlərinin aparılmasına pul xərcləməmişdir. Təmir-tikinti işləri 2010-2011-ci ilə qədər davam etmişdir. İddiaçı bağ sahəsində təmir getdiyi zaman dəfələrlə gəlib-getmişdir. İddiaçının ailəsi isə bağ sahəsinə dincəlmək üçün gəlib-getmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır. İddiaçı ilə münasibətləri yaxşıdır. O, iddiaçının bağ sahəsində mühafizəçi vəzifəsində işləyir. Cavabdeh iddiaçının qayınanasıdır. Əmək haqqı 600 manatdır. 17 ildir ki, fasiləsiz mübahisəli bağ sahəsində mühafizəçi vəzifəsində işləyir. Belə ki, bir il zərgərlik sənətini öyrənmək üçün getdiyi üçün mühafizəçi vəzifəsində işləyə bilməmişdir. Bağ evində santexnik işlərinin aparılmasında iştirak etmişdir. Belə ki, evdə kosmetik təmir işləri aparılmışdır. İddiaçı olmayanda əmək haqqını Elçin müəllim vermişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, cavabdeh onun anasıdır, iddiaçı keçmiş həyat yoldaşıdır. Ev anasının mülkiyyətindədir. Anası iddiaçıya evin təmir edilməsi ilə bağı etibarnamə vermişdir. O, Moskvadakı şirkətdə 1994-cü ildən payçıdır. Bağ alınarkən mərhum atası Nazim 44000 ABŞ dollar pul verilmişdir. Bağın alınmasında iştirak etmişdir. Moskvadakı şirkət zərərlə işləmirdi. O, şirkətdən divident almırdı. Həmin divindent pulları bağ sahəsinin tikintisinə xərclənirdi. Cavabdeh, yəni anası Moskvada iddiaçıya etibarnamə vermişdir. Pandemiya dövründə şirkətdən gələn gəliri 9000 ABŞ dolları idi. Pandemiyadan öncə isə şirkətin gəlirləri daha çox idi. İddiaçı ilə rəsmi nikahları 1999-cu il tarixində bağlanmışdır. İddiaçı ilə 7-8 ildir ki, ayrı yaşayırlar. Əlaqələri 2 ildir ki, yoxdur. O, şirkətdə 2003-cü il tarixindən payçıdır. Şirkətdə payçı olmağı üçün şirkətə 250000 rubl pul ödəmişdir. O, 1994-cü ildən şirkətdə işləyir. Onu işə iddiaçı qəbul etmişdir. Evi 2004-cü il tarixində almışlar. Evi anası, cavabdehin adına almışlar. Əgər iddiaçı evi alsa idi, öz atasının adına alardı. Aldıqları evin torpaq sahəsi 15 sot idi. Evin sağ tərəfində artırma etmişlər. O, öz qazancından 30000 manat pul verdi. Anası ilə iddiaçı arasında razılıq olmamışdır. O, özü 49000 ABŞ dolları pul vermişdir. Onda evin əvvəlki şəkilləri yoxdur. Ev alındıqdan sonra evdə 10 ildən çox təmir işləri aparılmışdır. Ustaların zəhmət haqqının nə qədər olduğunu bilmir. Onun payı olan 25% bağa xərclənirdi. O, Moskvada yaşdığı üçün manatın dəyərinin nə qədər olduğunu bilmirdi. Minimum evin hər təmir edildiyi zaman 10000 ABŞ dolları xərclənirdi. Hazırda iddiaçı bağ evində yaşayır. Oğlu atasının bağda qalmasını istəyir, deyir ki, “atamın bizə qarşı etdiyini biz etməyək”. Evi ər-arvad olduqları zaman almışlar. Bağ evini özü almışdır. İddiaçının ailələri çoxdur. Bağda işləyən Vüsalı və Sevdanı işə götürmüşdür. Evin kommunal xərclərini o da ödəmişdir. Bağda hazırda iddiaçı yaşadığı üçün kommunal xərcləri o da ödəməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X13 ilə Cavabdeh arasında 04 mart 2004-cü il tarixdə Bakı şəhəri 7-ci dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/İ 98 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X13 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Daşımaz əmlak 245.000.000 manata satılmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbli 3 otaqlı 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabında 2801 nömrəli vərəqində qeydiyyata alınmışdır; - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləsinin surətindən görünür ki, kooperativ ünvan 2 ünvanda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürüşdür. Mənzilin ümumi dəyəri 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir; - "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 380 saylı arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın inşa etdiyi yüksək mərtəbəli binanın 29 nömrəli mənzilinin dəyəri X11 ilə "xxxx" MTK arasında imzalanan müqaviləyə (01 sentyabr 2002-ci il) əsasən 2002-2003-cü illər ərzində vətəndaş İddiaçı tərəfində MTK-nın xəzinəsinə tam ödənilmişdir. Sonralar, 2004-cü ildə vətəndaş İddiaçı MTK-ya yazılı müraciət edərək öz pay haqqından imtina etdiyini və mənzilin X4 adına sənədləşdirilməsinə razı olduğunu bildirmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2755/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “evə çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2894/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Moskva şəhəri üzrə Rusiya DİN Bİ CMD üzrə Dİİ Moskva şəhəri Brateyevo rayonu üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi şöbəsi (Moskva ş. Brateyevo rayonu üzrə DİNŞ) tərəfindən E.N.Osmanovaya ünvanlanmış məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixli Moskva şəhəri Brateyevo rayonu üzrə Rusiya DİNŞ HMUK-da 8355 saylı nömrə ilə qeydiyyata alınmış və Moskva şəhəri Brateyevo rayonu üzrə Rusiya DİNŞ-nə daxil olmuş müraciətə baxılmışdır. Həmin müraciətə əsasən yoxlama aparılmış və yoxlamanın nəticələri əsasında Rusiya DİN-in xx.xx.2013-cü il tarixli, 707 nömrəli əmri ilə təsdiq edilmiş “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi sistemində vətəndaşların müraciətlərinə baxılmasının təşkili haqqında Təlimatın” tələblərinə uyğun olaraq rəy verilmişdir. Yoxlamanın aparılması zamanı sorğu edilən A.V.Romaşenko və İ.L.Sıçeva E.N.Osmanovanm və İddiaçı 2000-ci ildən etibarən Moskva şəhəri, Brateyevskaya küçəsi, ev 21, mənzil 167 ünvanında daimi yaşaması faktını təsdiqləmişlər. Eyni zamanda bildirir ki, bu müraciətdə mülki-hüquqi münasibətlər nəzərdən keçirilir və bu məsələni həll etmək üçün Moskva şəhəri, Kaşirski küçəsi, ev 3 ünvanında yerləşən Moskva şəhəri Naqatinski Rayon Məhkəməsinə müraciət edilməlidir. Qəbul edilmiş qərardan “Rusiya Federasiyası vətəndaşlarının müraciətlərinə baxılması qaydası haqqında” xx.xx.2006-cı il tarixli 59 saylı FQ ilə müəyyən edilmiş qaydada şikayət vermək hüquqları vardır; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirmə zamanı onlar müştəri tərəfindən təqdim edilən, əmlaka aid sənədlər və texpassport, forma 2 istifadə eləmişlər. Bütün göstərilənləri nəzərə alaraq apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Mərdəxan qəsəbəsində yerləşən əmlakın müqayisəli yanaşma ilə 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410000 AZN təşkil edir. Daşınmaz əmlakın bazar dəyərini tapmaq üçün onlar oxşar müqayisəli yaşayış obyektinin 1 sot düşən qiymətin tapmışlar və bəzi düzəlişlər etdikdən sonra dəyərinin hesablamışlar (8.1.1.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı X2 anasıdır. Hazırda iddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 kv.m yaşayış, 131,42 kv.m köməkçi sahəsindən ibarət 1209 saylı bağ evini onun vəsaiti hesabıba alındığını və təmir edildiyini iddia edərək, cavabdehdən bağ evinin alınmasına və həmin evin təmirinə çəkilmiş 410000 (dörd yüz on min) manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinə dair Cavabdeh adına olan reyestr nömrəsi **********98-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008 olan Seriya MN ******* saylı çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evi cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı bağ evinin alınmasına və təmirinə çəkilmiş xərcləri tələb etsə də, daha əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən bağ evinə dair cavabdehin mülkiyyət hüquqları yoxlanılmış və tanınmışdır. İş materialları ilə müəyyən edilir ki, X13 ilə Cavabdeh arasında 04 mart 2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X13 Bakı şəhəri, Mərdəxan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Cavabdeh isə bunun müqabilində satıcıya 245.000.000 manat (köhnə Azərbaycan manatı) ödəniş etmişdir. Həmin əmlakın cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən alınması və qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməsi iş materialları və əvvəlki məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə aşağıdakı məzmunda abzas göstərilmişdir: “şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin hazırkı mülki iş üzrə İddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir.” Belə ki, iddiaçı tərəf qeyd edilənlərə istinad edərək, qanuni qüvvəyə məhkəmə qətnaməsi ilə bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin iddiaçı tərəfindən çəkilməsi halının təsdiq edildiyini bildirmişlər. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, həmin iş üzrə iddia tələbi “Cavabdeh adına olan çıxarışın ləğv olunması, evə iddiaçının mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair iddiaçının adına çıxarışın verilməsi” ilə bağlı olmuş və məhkəmə məhz həmin iddia tələbi ilə araşdırma aparmışdır. Həmin iş üzrə mübahisə predmeti bağ evinin tikintisi və təmiri ilə bağlı xərcləri ilə bağlı olmamış və məhkəmə yanlız şahid ifadələrinə əsaslanaraq mövqeyini ifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi konkret olmamaqla qeyrimüəyyəndir. Belə ki, iddiaçı mübahisə predmeti olan bağ sahəsinin daha əvvəl X5 mülkiyyətində olduğunu və X14 ilə mülkiyyətində olmuş "xxxx" MTK tərəfindən tikilmiş əmlakının əvəzləşdirdiyini, həmçinin X6 əlavə pul ödədiyini bildirsə də, məhkəməyə xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatını təqdim edərək, əmlakın 24 dekabr 2021ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410000 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, həmin hesabatda əmlakın ümumilikdə dəyəri göstərilmişdir. İddiaçı tələb olunan məbləğin hansı hissəsinin evin alınması, hansı hissəsinin evin təmiri üçün çəkilməsinə, usta, fəhlə və digər xərclərə dair məhkəməyə sübut təqdim edə bilməmişdir və məhkəmənin bu istiqamətdə vermiş olduğu sualları qiymətləndirmə hesabatına əsaslanaraq cavablamışdır. Lakin həmin qiymətləndirmə hesabından əmlakın xx.xx.2021ci il tarixə olan dəyəri göstərilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mübahisələndirilən əmlakı 245.000.000 manat (köhnə Azərbaycan manatı) ödəniş etməklə almışdır. İddiaçı tərəf isə həmin əmlakı 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları dəyərindəki əmlakının əvəzləşdirilməsi və satıcıya əlavə ödəniş etməklə əldə edildiyini bildirsə də, əmlakın əldə edilməsi üçün ümumilikdə edilmiş ödənişin, daha sonra həmin əmlakda təmiri və tikinti işləri üçün konkret nə qədər xərc çəkməsinə dair məhkəmənin vermiş olduğu suallar cavabsız qoyulmuş və buna dair təsdiqedici sübutlar təqdim edilməmişdir. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)- 2894/2021 saylı iş üzrə araşdırma aparılan zaman X14 şahid kimi dindirilmişdir. Belə ki, o ifadəsində bağın satılması ilə bağlı bütün işlərin Qamlet tərəfindən görüldüyünü bildirmişdir. Lakin qeyd edilməlidir ki, X14 ilə Cavabdeh arasında müqavilə bağlanan zaman alıcı kimi Cavabdeh birbaşa iştirak etməmiş və sənədləşdirmə işlərini iddiaçı həyata keçirmişdir. Nəticədə, sənədləşdirmə işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi və bu faktın şahid tərəfindən etiraf edilməsi əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməsi kimi qiymətləndirilə bilməz. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.3, 560.3.4, 1091.1 və 1092.1-ci maddələrinə istinad edərək, iddia tələbini əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Məhkəmə qeyd edir ki, iddiaçı bağ evinin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini, cavabdehin onun etibarından istifadə etməklə əmlakı əldə etdiyini qeyd etsə də, məhkəmə təkrarən qeyd edir ki, mübahisələndirilən əmlak cavabdehin mülkiyyətində olmaqla, əvvəlki məhkəmə araşdırması zamanı həmin mülkiyyət hüququ tanınmış və qanuni hesab edilmişdir. Hazırda məhkəmə tərəfindən cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi halları, tərəflər arasında əmlakla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əssassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əssassız varlanan şəxsdir. Hazırda isə cavabdeh qanunvericilikə müəyyən edilmiş qaydada daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlayaraq X5 mülkiyyətində olan əmlakı əldə etmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin əmlaka cavabdehin mülkiyyət hüququ tanınmış və əmlak üzərində bu mülkiyyət hüququ 30 dekabr 2008-ci il tarixdə qediyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilənlərə əsasən məhkəmə araşdırması zamanı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin iddiaçının vəsaiti hesabına alınması halı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin “əmlakın təmiri üçün çəkilmiş xərcin ödənilməsi” hissəsinə münasibətdə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və şahid ifadələri dinlənilmişdir. Hazırda tərəflər əmlakın alınmasından sonra təmir işlərinin aparılması halını qəbul etmişlər. Lakin cavabdeh tərəf bağ sahəsində təmir işlərinin aparılması halını qəbul etsə də, təmirin cavabdehin özü tərəfindən edildiyini və hazırkı iddia ilə bağlı sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü bildirmişdir. Belə ki, məhkəmə iclasında X9 və X10 şahid kimi dindirilmişlər. X1 ifadəsində bağ evinin təmirində iştirak etdiyini, ustalara rəhbərlik etdiyini və ustaların pulunu iddiaçıdan alıdığını, digər şahid X10 isə bağ evində santexnik işlərin aparılmasında iştirak etdiyini, evdə kosmetik təmir işlərinin aparıldığını, iddiaçı olmadığı zaman əmək haqqının Elçin adlı şəxs tərəfindən ödənildiyini bildirmişdir. Qeyd edilməlidir ki, adı çəkilən şəxslər Xəzər Rayon Məhkəməsində araşdırma aparılan zaman da dindirilmişlər. Digər tərəfdən isə cavabdehin qızı, ididaçının isə keçmiş həyat yoldaçı X8 şahid kimi ifadə vermişdir. Şahid X8 ifadəsində isə bağ sahəsinin mərhum atası tərəfindən 44000 ABŞ dollarına alındığını, Rusiyada Federasiyasında yerləşən şirkətin payçısı olduğunu və şirkətdən əldə etdiyi vəsaiti evin təmiri üçün xərclədiyini, evin alınmasından sonra on ildən artıq müddət təmir edildiyini və başqa halları göstərmişdir. Həmçinin, qeyd etmişdir ki, ev iddiaçının vəsaiti hesabına alınsaydı, onda iddiaçı evi öz atasının adına rəsmiləşdirə bilərdi. Göründüyü kimi, məhkəmə iclasında dindirilmiş şahidlər ziddiyyətli ifadələr vermişlər. Hazırda iddiaçı iddiasını dindirilmiş şahid ifadələri ilə əsaslandırsa da, məhkəməyə bağ evinin təmir edilməsi ilə bağlı smeta, podrat müqaviləsi, bağ sahəsinin təmiri üçün konkret hansı məbləğdə vəsaitin sərf edilməsinə dair və s. təsdiqedici sübutları təqdim etməmişdir. Belə olan halda, məhkəmə tərəfindən şahid ifadələrinə əsaslanaraq bağ sahəsinin iddiaçı tərəfindən təmir edilməsi halını təsdiq etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş vergi və kommunal ödənişlərinə dair qəbzlər məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda bağ sahəsində iddiaçı yaşayır və cavabdeh isə uzun illər Rusiya Federasiyasında yaşamışdır. Hazırda əmlakın iddiaçı tərəfindən istifadə edilməsi səbəbindən kommunal ödənişlərin məhz onun tərəfindən ödənilməsi başa düşülən haldır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Belə ki, tərəflərin izahatları ilə aydın olur ki, evin alınması və təmiri iddiaçı və cavabdeh arasında münasibətlərin normal olduğu, onların qohumluq əlaqələrini davam etdirdikləri vaxtlara təsadüf edir. Bu müddət ərzində iddiaçı hər hansı bir şəkildə cavabdeh tərəfə maddi dəstək göstərsə və cavabdehə evin təmirində köməklik etsə belə, ehtimal olunur ki, həmin hərəkətlər hədiyyə (bağışlama) şəklində edilmişdir. Qeyd olunanlar nəzərə alındığı təqdirdə belə, iddiaçı tərəf iddia tələbində bu münasibətlərdə bağışlama ilə bağlı müddəalara istinad etmir. Göstərilənlərə əsasən iddiaçı X12 Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin alınması üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, evin onun tərəfindən təmir edilməsinə, evin alınması və təmiri üçün ayrı-ayrılıqda nə qədər vəsait sərf etməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar