Məhkəmə qərarları › İş №2(007)-1632/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1632/2024

05.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1632/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X16 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin xitamına dair Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərləndirmə üzrə direktoru X2 T0075-24 №li, 11 yanvar 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlamış olduğu 20 dekabr 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Əmlak və Satınalma Departamentinin əmlak şöbəsinin “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. 31 iyul 2022-ci il tarixdə Cavabdeh MMC-nin əmlak və satınalma departamentinin əmlak şöbəsinin əmlak məsələləri üzrə “asistent” vəzifəsinə, 26 iyun 2023-cü il tarixdə isə həmin şöbənin “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. 11 yanvar 2024-cü il tarixli Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərələndirmə üzrə direktoru X2 T0075-24 №li, 11 yanvar 2024-cü il tarixli əmri ilə 11 yanvar 2024-cü il tarixdən etibarən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin sərəncamla razı deyil, həmin sərəncam Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə bütünlüklə ziddir. Belə ki, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi haqqında sərəncamda göstərilmişdir ki, ştatlar ixtisar edilmişdir. Ona görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndində işçilərin sayı və ştatlarının ləğv olunması əsası gətirilərək onun işinə xitam verilir, lakin ştatların sayı ixtisara düşmüş olsa da, onunla eyni şöbədə, eyni vəzifədə işləyən digər işçi hal-hazırda işini davam etdirir, onunla olan əmək müqaviləsinə şirkət tərəfindən xitarn verilməmişdir. Bir işçi olaraq onun əmək funksiyaları və öhdəlikləri onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmişdir. Onun tərəfindən həmin müqavilədə sadalanan hər hansı əmək funksiyası pozulmamışdır. Eyni zamanda qeyd etdiyi işçidən daha çox iş təcrübəsinə malikdir. Onun barəsində digər diqqətəlayiq hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə işçilərin sayı azaldılarkən və ştatların sayı ixtisar edilərkən qanunvericiliyin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ilə əlaqədar attestasiya belə keçirilməməmişdir. Belə olan halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi hüquqi baxımdan mümkün deyildir. Ümumiyyətlə, Cavabdeh MMC işlədiyi müddət ərzində əmək funksiyalarının və əmək öhdəliklərinin icrası ilə bağlı ona rəhbərlik tərəfindən hər hansı bir irad belə bildirilməmişdir. Bundan əlavə onların ailəsi 4 nəfərdən ibarətdir və özünün himayəsində 2 azyaşlı övladı vardır. Ailənin yeganə qazanc mənbəyi olduğundan hazırda işsiz olduğu üçün ailəsinin maddi vəziyyəti acınacaqlı durumdadır. Həmçinin özü Qubadlı rayonunun Dondarlı kəndinin məcburi köçkün ailəsindəndir. Cavabdeh qanunvericiliyin 78-ci maddəsində göstərilən diqqətəlayiq halları nəzərə almadan əsassız olaraq onunla bağladığı əmək müqaviləsinə xitam vermiş və onu işindən, eləcə də qazancından məhrum etmişdir. Göründüyü kimi, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan əsassızdır. Sadalananlardan aydın olur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə hansı ştatların ixtisar olunması, onun hansı səbəbdən ixtisara düşməyi əsaslandırılmamışdır.

İddia tələbinə etiraz və vəsatət:

3. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 20 dekabr 2018-ci il tarixində ASL 708 nömrəli əmək müqaviləsi əsasında əmlak məsələləri üzrə kargüzar vəzifəsinə qəbul edilmiş, 01 iyun 2023-cü il tarixdə isə əmlak məsələləri üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilmişdir. 30 noyabr 2023-cü il tarixdə iddiaçıya işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq edilərək qanunvericiliyə uyğun olaraq 6 həftəlik xəbərdarlıq müddəti ərzində orta əmək haqqı saxlanılmaqla Cəmiyyətdə fəaliyyətini davam etdirə biləcəyi və bu müddət ərzində həftənin hər iş günü Cəmiyyət tərəfindən ona iş axtarmağa imkan yaradılacağı barədə məlumat verilmişdir. Müvafiq olaraq iddiaçı ilə Cəmiyyət arasında bağlanılmış 20 dekabr 2018-ci il tarixli ASL708 nömrəli əmək müqaviləsinə 11 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı heç bir əsası olmadığı halda 05 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini, o cümlədən işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 65 və 78-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. İddiaçının mövqeyi tamamilə əsassızdır, belə ki, Cəmiyyət tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilən zaman qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, həmçinin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır ki, işəgötürən də, bu hüququndan istifadə etmiş və Əmək Məcəlləsinin 70-ci maddəsini rəhbər tutaraq iddiaçının əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən "əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan işçilərin sayını ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də bu vəzifədə çalışan digər işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri olduğu halda ixtisar edilən işçinin işini görə bilən işçi də, müəyyən edilmişdir. Qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, işəgötürən də, bu hüququndan istifadə edərək görülən işlərin xarakteri (yəni onun çalışdığı sahədə bu işlərin digər ərazilərdə çalışan "əmlak məsələləri üzrə kiçik mütəxəssis”lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən İddiaçı ixtisar edilməsi qənaətinə gəlmişdir. İşəgötürən gəldiyi qənaətin rəsmiləşdirilməsi məqsədilə Məcəllənin 77-ci maddəsinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq etmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə ştat vahidinin ixtisarı ilə əlaqədar xitam vermişdir. İddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdə Cəmiyyətdə işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının alınması və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bəzi ştatlar üzrə işçi sayı azaldılmış və işəgötürənin mülahizəsinə əsasən peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər müvafiq vəzifələrdə saxlanılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsi yalnız peşəkarlıq səviyyəsinin eyni olduğu hallarla əlaqədar olduğundan cari vəziyyətdə həmin maddənin pozuntusundan söz gedə bilməz. Əmək Məcəlləsinin 65-ci maddəsinin pozulması iddiasına münasibətdə isə bildirmişlər ki, məzmunundan da, aydın olduğu kimi bu maddə bir işçiyə münasibətdə deyil, bütün işçilər arasında ümumi peşəkarlıq səviyyəsinin müəyyən olunması hallarına münasibətdə nəzərdə tutulmuşdur. Həmçinin bu halda belə attestasiyanın keçirilməsi imperaliv deyil, dispozitiv norma şəklində müəyyənləşdirilmişdir. Yəni işçilər arasında peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə attestasiyanın keçirilməsi işəgötürənin vəzifəsi deyil, hüququnu təşkil edir. Habelə, işçilərin attestasiyası nəticəsində əmək müqaviləsinə xitam verilməsi öz növbəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndi ilə tənzimlənir ki, bunun əasasları müvafiq maddələrdən də, göründüyü kimi işçilərin ixtisarı əsaslarından tamamilə fərqlənir. Bütün faktları qeyd etməklə bildirmişlər ki, cavabdeh işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunmuşdur. İddiaçı tərəfindən verilmiş iddianın rədd olunması xahiş edilmişdir.

4. İddia müddətinin tətbiqi barədə vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı 30 noyabr 2023-cü il tarixdən etibarən ştat vahidinin ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildiyi təqdirdə 27 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi üçün müraciət etmişdir. Müvafiq olaraq 14 mart 2024-cü il tarixdə mediasiya sessiyası keçirilmiş və iddiaçıya həmin tarixdə “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. İddia müddətini axımı 30 noyabr 2023-cü il tarixdə başlamış, iddiaçının mediasiyanın tətbiqi ilə əlaqədar müraciət etdiyi tarixdə, yəni 27 fevral 2024-cü il tarixdə müddətin axımı dayandırılaraq müvafiq arayışın təqdim edildiyi gündən – 14 mart 2024-cü tarixindən iddia müddətinin axımı bərpa olunmuşdur. İddia müddətinin tətbiq olunaraq İddiaçı tərəfindən qaldırılan iddia ilə əlaqədar iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, açdığı mağazalarla bağlı uğurlu nəticələrə görə 2022-ci ilin noyabr ayında 2000 manat, 2023-cü ilin yanvar ayında 1774 manat bonus almışdır. Onunla eyni işdə işləyən Faiq İsmayılov ondan sonra işə qəbul olunmuşdur. Onu ümumiyyətlə qiymətləndirməmişlər və qiymətləndirmədən digər əməkdaşın ondan üstün olmasını əsas göstərərək onu ixtisara salıblar. Halbuki, şirkət onu ixtisara salan zaman 2 azyaşlı uşağının olmasını, əlilliyini və məcburi köçkün olmasını nəzərə almayıb. Qeyd olunanlara əsasən əmək müqaviləsinin xitamına dair Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərləndirmə üzrə direktoru X2 T0075-24 №li, 11 yanvar 2024-cü il tarixli əmrin ləğv edilməsini, onun işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Mirəhməd 11 yanvar 2024-cü il tarixli əmrin surətini həmin gün almayıb təxminən 10 gün sonra alıb. Əmrin surətini aldıqdan sonra mediasiya təşkilatına müraciət edib və qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Bütün hallarda əgər Mirəhməd əmrin surətini 11 fevral 2024-cü il tarixdə almış olsa belə həmin gün bazar günü olduğundan 12 fevral 2024-cü ildə mediasiya təşkilatına müraciət edib və MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilib. Bundan başqa cavabdeh Cəmiyyət Mirəhmədi ixtisar edən zaman Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Mirəhmədin öhdəsində iki 16 yaşınadək uşağı var, məcburi köçkündür, əlilliyi var, lakin Cəmiyyət ixtisar zamanı Mirəhmədin işdə saxlanmağa üstünlük hüququ olmasını görməzdən gəlmişdir. Onu qiymətləndirmədən, yaxud işindən narazı olduqlarını bildirmədən, heç vaxt irad və ya töhmət vermədən, həmçinin üstünlük hüququ olmasına baxmayaraq əsaslı səbəb olmadan ixtisar etmişlər. Qeyd etdiklərinə əsasən 11 yanvar 2024-cü il tarixli əmrin ləğv edilməsini, Mirəhmədin işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia tələbinə etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Həmçinin rəhbərlik iddiaçının ixtisara salınmasını uyğun görüb. Qiymətləndirmədən keçirmək rəhbərin müstəsna hüququdur yəni məcburi deyil. Tapdığı mağaza itki ilə işləyir. Ondan sonra işə götürülmüş işçi daha yüksək nəticə göstərib vəzifə artımı olub qısa müddət ərzində. Mirəhmədi əvvəlki rəhbərlik daha öncə də ixtisara salmaq istəyirdi, lakin əlliyinə görə saxladılar. Bütün ştatlarda ixtisarlar olur və bəzi mağazalar bağlanır. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X1 Cəlalə Tofiq qızının izahatına uyğun eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında ifadə verən şahid X5 bildirdi ki, 11 avqust 2022-ci il tarixdən 05 fevral 2024-cü il tarixədək Cavabdeh MMC-də şöbənin meneceri işləmişdir. İddiaçı onun tabeliyində işləmişdir. Özü də işdən çıxarılsa da Cəmiyyətlə heç bir qərəzli münasibəti yoxdur, hətta əmrdən şikayət belə verməyib. Mirəhmədin işi şirkət üçün mağazalar tapmaq olmuşdur. Sonuncu dəfə A.Abbaszadə küçəsində yerləşən mağazanı tapmışdır. Onlar həmin mağazanın sahibini tapa bilməsələr də, Mirəhməd sahibini tapmışdır. Eyni zamanda Mirəhməd S.Rüstəmov və Sabah Residence ünvanlarında da mağaza açılması üçün yerlər tapmışdır. Mirəhmədin işi ancaq şirkət üçün mağazalar tapmaq olduğundan mağazaların zərərlə işləməsinin məsuliyyəti onun üzərində olmamışdır. Özü rəhbərlik etdiyi müddət ərzində Mirəhməd heç bir qayda pozuntususuna yol verməmiş, ona xəbərdarlıq, irad və töhmət verilməmişdir. Tapılan obyekt “Jot Form” sisteminə daxil edildikdən sonra üst qurumlar baxıb dəyərləndirirlər. Mirəhnəd mağazanı tapırdı sonra isə o, həmin mağazanın yerinə baxırdı, ondan sonra departament direktoru daha sonra isə əmlak məsələləri üzrə baş direktor baxırdı. Sonra həmin məsələ təsdiq olunmaq üçün Komitəyə göndərilir və rəyi Komitə verirdi. Yəni mağazanın yaxşı ya pis işləməsi Mirəhmədin məsuliyyətində deyildi. Uğursuz mağaza olsa idi bir neçə fikir və rəydən keçməzdi. 2023-cü ilin aprel ayında Mirəhməd əmək haqqının qaldırılması ilə bağlı ona müraciət etmiş, o, da öz növbəsində İnsan Resursları Departamentinə müraciət etmişdir. 2023-cü ilin may ayında Mirəhmədi ixtisar etmək istədiklərini eşitmişdi. Vəzifə öhdəliklərinə aid olan yeni yerin təqdimatının hazırlanması isə sistem üzərindən olurdu. Mağazanın gəlirinin proqnozlaşdırılması Mirəhmədin vəzifəsi deyildi.

İş materialları:

10. 20 dekabr 2018-ci il tarixdə bağlanmış ASL708 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 6 ay göstərilmişdir.

11. 20 dekabr 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında 29 yanvar 2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı əmək müqaviləsi 20 dekabr 2018-ci il tarixdən 20 iyun 2020-ci il tarixədək bağlanmışdır.

12. 20 dekabr 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında 31 iyul 2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı əmək müqaviləsi 20 dekabr 2018-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək bağlanmışdır. İşçinin vəzifəsinin (peşəsinin) adı: “əmlak məsələləri üzrə assistent” qeyd edilmişdir.

13. 20 dekabr 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında 26 iyun 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı əmək müqaviləsi 20 dekabr 2018-ci il tarixdən 20 iyun 2023-cü il tarixədək bağlanmışdır. İşçinin vəzifəsinin (peşəsinin) adı: “əmlak məsələləri üzrə kiçik mütəxəssis” qeyd edilmişdir.

14. ASL708 nömrəli əmək müqaviləsinə əlavədən görünür ki, əmlak məsələləri üzrə kiçik mütəxəssisin vəzifə öhdəlikləri aşağıdakılardır: - potensial olan yeni yerlərin axtarışı; ROCİ ilə seçilmiş yerlərin inkişafı; yeni mağaza üçün yeni yerin təqdimatının hazırlanması; yeni icarə və təkliflər haqqında məktubların hazırlanması; yeni prosesə aid olan bütün icarə və kommersiya müqavilələrinin təsdiqi; icarə müqavilələri üzrə bütün kommersiya və qeyri-kommersiya şərtlərin təmin edilməsi; rəqibləri haqqında məlumatın toplanması və əməliyyat haqqında onların qiymətləri, satışı və metodun təhlil edilməsi; statistik məlumatların təhlili və gələcək şərait proqnozlaşmanın hazırlanması; məlumatların toplanması təhlili xaricində agentliklərin və məsləhətçiləri məsləhət görür; bazarın yenilənməsi; təyin olunan başqa tapşırıqların həyata keçirilməsi. Əmək müqaviləsinə əlavə 01 iyun 2023-cü il tarixdən qüvvəyə minmişdir.

15. Cavabdeh MMC üzrə əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsullarla idarə edilməsi ilə əlaqədar işçilərin xəbərdarlıq edilməsi barədə 057-23/K nömrəli, 21 noyabr 2023-cü il tarixli əmrdən görünür ki, pərakəndə satışın genişləndirilməsi şöbəsi: “pərakəndə satışın genişləndirilməsi üzrə menecer”–1 (bir) ştat vahidi, “əmlak məsələləri üzrə böyük mütəxəssis” - 1 (bir) ştat vahidi, “əmlak məsələləri üzrə kiçik mütəxəssis” - 1 (bir) ştat vahidi ixtisar olunmuşdur.

16. İşçi sayının ixtisarı ilə bağlı İddiaçı ünvanlanmış 30 noyabr 2023-cü il tarixli xəbərdarlıqda qeyd olunmuşdur ki, Cəmiyyətə münasibətdə əmək stajınız beş ildən on ilədək olduğu üçün xəbərdarlıq məktubunu aldığınız vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığınız “Əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinin xx.xx.2023cü il tarixli, 057-23/K №-li əmrə əsasən ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial və digər münasibətləri əhatə edən əmək şəraiti yaratmaq məqsədilə işəgötürən Sizə xəbərdarlıq müddətində orta əmək haqqı saxlanılmaqla həftənin hər iş günü iş axtarmağa imkan yaradılır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq müddəti başa çatdıqda orta aylır əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinəti ödənilməklə Sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən Sizin razılığınızla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1.4 misli ödənilməklə müvafiq əsasla əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

17. İşçinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubuna imza çəkməkdən imtina etməsi barədə 30 noyabr 2023-cü il tarixli aktdan görünür ki, “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan İddiaçı 30 noyabr 2023-cü il tarixində ona təqdim edilmiş işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq məktubuna imza çəkməkdən imtina etmişdir.

18. 11 yanvar 2024-cü il tarixli T0075-24 saylı əmrin surətindən görünür ki, 11 yanvar 2024-cü il tarixindən etibarən xəbərdarlıq müddəti bitdiyinə görə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan işçi İddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməklə bu Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 (bir tam onda yeddi) misli miqdarında işdən çıxma müavinəti ödənilməsi, istifadə edilməyən məzuniyyət 32.4 t/g. qeyd edilmişdir. Əmrdə əsas: 21 noyabr 2023-cü il tarixli 057-23K nömrəli əmr və 30 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubu qeyd edilmişdir.

19. 687284 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 20 dekabr 2018-ci il tarixdə Cavabdeh MMC-yə “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmişdir. 01 iyul 2022-ci il tarixdə “əmlak məsələləri üzrə assistent” vəzifəsinə keçirilmişdir. 01 iyun 2023-cü il tarixdə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən (ixtisar) əmək müqaviləsinə xitam verilmişdir.

20. İddiaçı 27 may 2024-cü il tarixdə göndərilmiş e-mail mətnindən görünür ki, Sevinj Aghayeva tərəfindən Jalala Huseynova adlı şəxsə ünvanlanmış mətndə qeyd edilmişdir ki: Cəlalə xanım, Əsra xanımdan aldığım məlumata görə pərakəndə satışın genişləndirilməsi şöbəsində bir neçə komandalar: məs (1) mağaza açılışları ilə məşğul olan komanda və (2) hazırki aktiv mağazaların işləri ilə məşğul olan komanda. Mağaza açılışlarının sayı demək olar ki, saxlanılıb – o səbəbdən keçən ilin noyabr/dekabr aylarında həmin şöbədə vəzifələr ixtisar edilib.

21. İddiaçı 29 may 2024-cü il tarixdə göndərilmiş e-mail mətnindən görünür ki, Orkhan Alkhazov tərəfindən Jalala Huseynova adlı şəxsə ünvanlanmış mətndə qeyd edilmişdir ki: Salam Cəlalə xanım, Əməkdaşların eyni dövrdə ərazidə olduqları tarixlər üzrə nəticələi bölüşürəm: Avqust 2022- Dekabr 2023 Mirəhməd – 83, Faiq 85.

22. İddiaçı göndərilmiş e-mail mətnindən görünür ki, Orkhan Alkhazov tərəfindən Jalala Huseynova adlı şəxsə ünvanlanmış mətndə qeyd edilmişdir ki: Salam Cəlalə xanım, hər iki mağazanın özünəməxsus özəllikləri vardır: City park mall – mağazanın yerləşdiyi ərazinin arxa tərəfində ağ şəhərdir, hər iki tərəfdən keçid mövcuddur ağ şəhərə, yüksək gəlirli əhalinin yaşadığı bölgədir. Mall-un özündə kifayət qədər məşhur brendlər var ki, bu da, müştəriləri özünə çəkməklə böyük üstünlükdür. Mağazanın açılışı yaxın 3-5 gündə həyata keçiriləcəkdir. Abbasqulu Abbaszadə - yaşayış binaları daxilində yerləşir və çox yüksək gəlirli əhalinin yaşadığı kompleksdir. Müştəri kütləsi sadəcə yaşayışda olan əhalidir, binanın yaxınlığında özəl Oxford məktəbi yerləşir. Mağaza fəaliyyətə başladığı dövrdən hədəfinə çata bilmir, hal-hazırda kiçik zərərlə işləyir.

23. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İddiaçı işlədiyi dövrlərdə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü ilədək 5 il ərzində cəmi bir dəfə vəzifə artımı almışdır. xx.xx.2023-cü il tarixində isə “asistent” vəzifə adının ləğvi ilə bağlı şirkətin qərarına görə vəzifə adı “əmlak məsələləri üzrə mütəxəssis” vəzifə adına dəyişdirilmişdir. Yəni vəzifə deyil, yalnız ad dəyişikliyi olmuşdur. Həmin dövrdə əmək haqqının olduğu kimi saxlanması da, bunun təsdiqidir. Sözügedən dövrdə şirkətdə gedən islahatlarla bağlı şirkət rəhbərinin 12 may 2023-cü il tarixli əmrdə iddiaçının işlədiyi şöbədə onun vəzifəsi ilə bağlı 2 ştat vahidinin ixtisarı (hansı ki, onun da, ixtisarı o dövrkü rəhbəri tərəfindən təklif edilmişdir) nəzərdə tutulsa da, ona daha əlverişli şərtlər yaratmaq üçün əmək münasibətlərinə son qoyulmamışdır. Şirkətin maliyyə islahatları aparılan dövrdə belə bir əlverişli şəraitin yaradıldığı yeganə işçidir ki, ixtisarı nəzərdə tutulsa da, güzəşt edilərək əmək münasibətlərinin davam etməsi bir müddət uzadılmışdır. Daha əvvəl də, onunla bağlı belə bir təşəbbüsün olması bir daha göstərir ki, peşəkarlıq göstəriciləri digər işçi ilə müqayisədə işəgötürəni qane etməmişdir.

24. İşçilər barədə məlumatdan görünür ki, X12 22 iyul 2022-ci il tarixdə “müştəri trafiki üzrə hesablayıcı” vəzifəsinə işə qəbul edilmişdir, 01 mart 2023-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində işləyir. İddiaçı 20 dekabr 2018-ci il tarixdə “əmlak məsələləri üzrə kargüzar” vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 2022-ci ildə “əmlak məsələləri üzrə assistent” vəzifəsinə, 01 iyun 2023-cü ildə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə keçirilmişdir. 11 yanvar 2024-cü il tarixdə işdən çıxır (ixtisar) qeyd olunmuşdur.

25. Səriştə və bacarıqların qiymətləndirilməsi barədə məlumatdan görünür ki, Faiq İsmayılovun 08 yanvar 2024-cü il tarixdə müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsi aparılmış və qiymətləndirmə balı 27 müəyyən olunmuşdur.

26. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh MMC-nə 12 fevral 2024-cü il tarixdə təklif göndərilmişdir.

27. "xxxx" MMC-nin məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nə poçt vasitəsi ilə göndərilmiş məktub 12 fevral 2024-cü il tarixdə qeydə alınmışdır.

28. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

29. AA seriyalı, № 440569 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür.

30. İddiaçı tərəfindən 11 yanvar 2024-cü il tarixdə yazılmış ərizədən göünür ki, adına olan telefon qırıldığına görə son haqq hesabdan 116,52 manat tutulmasına etiraz etmir.

İşin faktiki halları:

31. Məhkəmə iclasında müəyyən olundu ki, 11 yanvar 2024-cü il tarixli T0075-24 saylı əmrə əsasən xəbərdarlıq müddəti bitdiyinə görə “əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsində çalışan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməklə bu Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 (bir tam onda yeddi) misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir. Hazırda İddiaçı əmək müqaviləsinin xitamına dair Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərləndirmə üzrə direktoru X2 T0075-24 №li, 11 yanvar 2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin işdə saxlanmasına üstünlük verir. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294 maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 294 maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə işdə iştirak edən iddiaçını onun vəkili və nümayəndəsini, cavabdehin nümayəndələrini və şahidi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

36. Məhkəmə ilk öncə cavabdeh tərəfindən təqdim olunmuş müddətin tətbiqi barədə vəsatətə qiymət verməyi zəruri hesab edir. Göründüyü kimi İddiaçı 11 yanvar 2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İddiaçı əmək kitabçasını və əmrin surətini 11 yanvar 2024-cü il tarixdə aldığını bildirsə də nə vaxt əldə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız iddiaçının 11 yanvar 2024-cü il tarixdə yazdığı ərizəni əsas gətirmişdir, lakin ərizənin məzmunundan görünür ki, iddiaçının adına olan telefon qırıldığına görə son haqq hesabdan 116,52 manat tutulmasına etiraz etmir. İddiaçı isə əmək kitabçasını və əmrin surətini təxminən 10 gün sonra əldə etdiyini bildirmiş və bu hal cavabdehin nümayəndələri tərəfindən təkzib olunmamışdır. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və 12 fevral 2024-cü il tarixdə Cavabdeh MMC-yə təklif göndərilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.

37. Bundan başqa iddiaçı əmək kitabçasını və əmrin surətini 11 yanvar 2024-cü il tarixdə götürmüş olsa belə 11 fevral 2024-cü il tarixi bazar günü, yəni qeyri-iş günü olduğundan iddiaçı cavabdehə 12 fevral 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə müddəti ötürmüş hesab olunmur. Belə olan halda iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur.

38. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir.

39. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. 20 dekabr 2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əlavədən göründüyü kimi iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir.

40. Həmin əmək funksiyalarının dairəsinə görə iddiaçı “əmlak məsələləri üzrə kiçik mütəxəssis” olaraq - potensial olan yeni yerlərin axtarışı, ROCİ ilə seçilmiş yerlərin inkişafı, yeni mağaza üçün yeni yerin təqdimatının hazırlanması, yeni icarə və təkliflər haqqında məktubların hazırlanması, yeni prosesə aid olan bütün icarə və kommersiya müqavilələrinin təsdiqi, icarə müqavilələri üzrə bütün kommersiya və qeyri-kommersiya şərtlərin təmin edilməsi, rəqibləri haqqında məlumatın toplanması və əməliyyat haqqında onların qiymətləri, satışı və metodun təhlil edilməsi, statistik məlumatların təhlili və gələcək şərait proqnozlaşmanın hazırlanması, məlumatların toplanması təhlili xaricində agentliklərin və məsləhətçiləri məsləhət görür, bazarin yenilənməsi, təyin olunan başqa tapşırıqların həyata keçirilməsi vəzifə öhdəlikləri daşımışdır. Cavabdehin nümayəndələri ştatların ixtisarı zamanı eyni vəzifədə işləyən işçi X7 iddiaçıdan üstünlükləri olduğu üçün işdə saxlandığını bildirmişlər və bu əsaslardan biri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən Abbasqulu Abbaszadə küçəsində mağaza üçün tapılmış yer potensial yer olmamış, mağaza fəaliyyətə başladığı dövrdən hədəfinə çata bilməmiş və kiçik zərərlə işləmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili tamamilə əsassızdır. Belə ki, vəzifə öhdəliklərindən də, göründüyü kimi potensial olan yeni yerlərin axtarışı iddiaçının vəzifələrindən biri kimi müəyyən olunsa da, həmin yerin həqiqətən mağaza üçün potensial yer olub-olmamasının qiymətləndirilməsi onun vəzifəsinə daxil deyildir. Hər bir halda həmin yer üst qurumlar tərəfindən potensial yer kimi qəbul olunduğu üçün orada mağazanın açılması məqsədə müvafiq hesab edilmişdir. Bundan başqa həmin mağazanın fəaliyyəti, fəaliyyətinə nəzarət, zərərlə işləməsinin qarşısının alınması üçün tədbirlər görülməsi, bu zərərin yarana biləcəyinin əvvəldən risk dairəsinin müəyyənləşdirilməsi də, iddiaçının vəzifəsi olaraq müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid X5 verdiyi ifadəsində bildirdi ki, o, 11 avqust 2022-ci il tarixdən 05 fevral 2024-cü il tarixədək Cavabdeh MMC-də şöbənin meneceri işləmişdir. İddiaçı onun tabeliyində işləmişdir. Mirəhmədin işi şirkət üçün mağazalar tapmaq olmuşdur. Sonuncu dəfə A.Abbaszadə küçəsində yerləşən mağazanı tapmışdır. Onlar həmin mağazanın sahibini tapa bilməsələr də, Mirəhməd sahibini tapmışdır. Eyni zamanda Mirəhməd S.Rüstəmov və Sabah Residence ünvanlarında da mağaza açılması üçün yerlər tapmışdır. Mirəhmədin işi ancaq şirkət üçün mağazalar tapmaq olduğundan mağazaların zərərlə işləməsinin məsuliyyəti onun üzərində olmamışdır. Özü rəhbərlik etdiyi müddət ərzində Mirəhməd heç bir qayda pozuntususuna yol verməmiş, ona xəbərdarlıq, irad və töhmət verilməmişdir. Tapılan obyekt “Jot Form” sisteminə daxil edildikdən sonra üst qurumlar baxıb dəyərləndirirlər. Mirəhnəd mağazanı tapırdı sonra isə o, həmin mağazanın yerinə baxırdı, ondan sonra departament direktoru daha sonra isə əmlak məsələləri üzrə baş direktor baxırdı. Sonra həmin məsələ təsdiq olunmaq üçün Komitəyə göndərilir və rəyi Komitə verirdi. Vəzifə öhdəliklərinə aid olan yeni yerin təqdimatının hazırlanması isə sistem üzərindən olurdu. Mağazanın gəlirinin proqnozlaşdırılması Mirəhmədin vəzifəsi deyildi.

41. Göründüyü kimi iddiaçının vəzifəsi mağazalar üçün potensial yerlər təklif etməklə bitmiş, həmin yerlərin gələcəkdə gəlir gətirən, itkisiz işləyən mağaza olub-olmamasını qiymətləndirmək onun vəzifəsi olmamışdır.

42. Bundan başqa cavabdehin başqa dəlili ondan ibarət olmuşdur ki, 12 may 2023cü il tarixli əmrdə iddiaçının işlədiyi şöbədə onun tutduğu vəzifənin 2 ştat vahidinin ixtisarı (hansı ki, onun da, ixtisarı o dövrkü rəhbər tərəfindən təklif edilmişdir) nəzərdə tutulsa da, ona daha əlverişli şərtlər yaratmaq üçün əmək münasibətlərinə son qoyulmamışdır. Şirkətin maliyyə islahatları aparılan dövrdə belə bir əlverişli şəraitin yaradıldığı yeganə işçidir ki, ixtisarı nəzərdə tutulsa da, güzəşt edilərək əmək münasibətlərinin davam etməsi bir müddət uzadılmışdır. Daha əvvəl də, onunla bağlı belə bir təşəbbüsün olması bir daha göstərir ki, peşəkarlıq göstəriciləri digər işçi ilə müqayisədə işəgötürəni qane etməmişdir.

43. Göründüyü kimi cavabdehin bu dəlili öz-özlüyündə ziddiyətlidir. Belə ki, iddiaçının işlədiyi şöbədə onun tutduğu vəzifənin 2 ştat vahidinin ixtisarı nəzərdə tutulduğu halda əmək münasibətləri davam etdirilmiş yeganə işçi olması onu göstərir ki, həmin işçinin işdə saxlanması üçün peşəkarlıq göstəriciləri baxımından kifayət qədər əsaslar olmuşdur. İddiaçıya belə bir üstünlük hüququnun tanınması onun peşəkarlıq göstəricilərinin digər işçi ilə müqayisədə işəgötürəni qane etməməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda elə bir hal olsaydı işəgötürən iddiaçı əmək münasibətləri davam etdirilmiş işçi olmazdı.

44. Bundan başqa cavabdehin daha bir dəlili onunla bağlı olmuşdur ki, digər işçi X7 peşəkarlıq göstəriciləri iddiaçıdan üstün olmuşdur. Lakin iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı 20 dekabr 2018-ci il tarixdən Cavabdeh MMC-də əmək fəaliyyətinə başlasa da, Faiq İsmayılov 22 iyul 2022-ci il tarixdən işə başlamışdır. Bundan başqa “səriştə və bacarıqların qiymətləndirilməsi” barədə məlumatdan görünür ki, Faiq İsmayılovun 08 yanvar 2024-cü il tarixdə müxtəlif kateqoriyalar üzrə qiymətləndirilməsi aparılmış və qiymətləndirmə balı 27 müəyyən olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçının işlədiyi ştat 21 noyabr 2023-cü il tarixli əmrlə ixtisar olunmuş, xəbərdarlıq məktubu isə 30 noyabr 2023-cü il tarixdə göndərilmişdir. Ştatların ixtisarı zamanı qiymətləndirmə aparmaq hüququ işəgötürənə məxsus olsa da, göründüyü kimi Faiq İsmayılov qiymətləndirilmiş, İddiaçı isə qiymətləndirilməmişdir. Faiq İsmayılovun qiymətləndirilməsi daha öncə ştat ixtisar olunduğu zaman deyil, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi rəsmiləşdirmədən 3 gün öncə aparılmışdır. Bu isə onu göstərir ki, ştat ixtisarı zamanı eyni vəzifədə işləyən işçilərdən kimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işəgötürən tərəfindən obyektiv aparılmamış və hansı əsasla digər işçinin peşəkarlıq səviyyəsinin iddiçıdan üstün olması heç bir mötəbər sənədlə sübut olunmamışdır. Bu isə onu göstərir ki, işəgötürən heç bir qiymətləndirmə aparmadan yalnız öz qənaətinə əsasən, heç bir qanuni əsas olmadan digər işçinin işdə qalmasına üstünlük vermişdir. Bundan əlavə 08 yanvar 2024-cü il tarixdə aparılmış qiymətləndirilmədə Faiq İsmayılovun qiymətləndirmə balı 27 qeyd olunsa da, həmin balın neçə ballıq qiymətləndirmə üzrə aparıldığı qeyd olunmamışdır. Göründüyü kimi iddiaçının qiymətləndirməsinin aparılıb-aparılmadığı və aparıldığı halda qiymətləndirmə balının nə qədər təşkil etməsi ilə bağlı cavab detəfindən heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa 29 may 20224-cü il tarixdə İddiaçı göndərilmiş e-mail mətnindən görünür ki, Orkhan Alkhazov tərəfindən Jalala Huseynova adlı şəxsə ünvanlanmış mətndə qeyd edilmişdir ki: Salam Cəlalə xanım, Əməkdaşların eyni dövrdə ərazidə olduqları tarixlər üzrə nəticələi bölüşürəm: Avqust 2022- Dekabr 2023 Mirəhməd – 83, Faiq 85. Göründüyü kimi bu emaildə qeyd olunan qiymətləndirmə barədədə cavabdeh tərəf qiymətləndirmə vərəqələrini məhkəməyə təqdim etməmişdir, hansı kriteriyalara və neçə ballıq qiymətləndirmə üzrə qiymətləndirmə aparılması qeyri-müəyyəndir. Göründüyü kimi aparılmamış sadəcə formal olaraq qeyd edilmiş qiymətləndirmə belə öz-özlüyündə ziddiyyətlidir. Beləliklə, Cavabdeh MMC Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə riayət etmədən ştatların ixtisarını həyata keçirmişdir və İddiaçı işdə saxlamamışdır.

45. Bundan əlavə görünür ki, Cəmiyyət İddiaçı ixtisar edərkən Əmək Məcəlləsinin 78.2-ci maddəsinə əsasən üstünlük hüququ olmasını yəni, öhdəsində iki 16 yaşınadək uşağı olmasını, məcburi köçkün olmasını bundan başqa əlil olmasını, 5 ildən artıq Cavabdeh MMC-də işləməsini, bu müddət ərzində heç bir pozuntuya yol verməməsini, irad və ya töhmət almamasını nəzərə almamışdır.

46. Məhkəmə tələbin “ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı işə bərpa olunan zaman ona məcburi işburaxmaya görə əmək haqqı ödəniləcəyi üçün əlavə olaraq əmək haqqının ödənilməsini tələb etmək tamamilə əsassızdır və qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia tələbi ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir.

Nəticə:

47. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərləndirmə üzrə direktoru X2 11 yanvar 2024-cü il tarixli T0075-24 nömrəli əmri ləğv edilməli, İddiaçı “məşğulluq təsnifatı üzrə: qiymətləndirici, daşınmaz əmlak, əmək müqaviləsi üzrə: əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.

48. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

49. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin insan resursları və təşkilati dəyərləndirmə üzrə direktoru X2 11 yanvar 2024-cü il tarixli T0075-24 nömrəli əmri ləğv edilsin. İddiaçı “məşğulluq təsnifatı üzrə: qiymətləndirici, daşınmaz əmlak, əmək müqaviləsi üzrə: əmlak məsələləri üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar