Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1653/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibib Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Əvəz oğlunun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Əvəz oğlunun Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “mənzilin naturada bölgüsü, əvəzləşdirmə və əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Əvəz oğlu Cavabdeh qarşı “mənzilin naturada bölgüsü, əvəzləşdirmə və əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 199 saylı mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, Cavabdeh payın dəyərinə uyğun kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə, ünvan 1, 199 saylı mənzilin açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 199 saylı mənzilin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mübahisəli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmaqla (reyestr nömrəsi: **********53-05301-093135) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində Çıxarışla rəsmiləşdirilmişdir. Həyat yoldaşı və övladları ünvan 1, 199 saylı mənzildə qeydiyyatdadır və müəyyən müddət həmin mənzildə yaşamışlar. Mənzildə anası və qardaşı ilə birlikdə yaşamağı demək olar ki mümkün deyildir. Belə ki, onun qardaşı onu bıçaqla vuraraq öldürməyə cəhd etdikdən sonra, qardaşı cəzasını çəkib qayıtmış və yenidən həmin mənzildə yaşayır ki, bu da onun və ailəsinin həmin mənzildə yaşayış imkanlarını mümkünsüz edir. Hər zaman narahatlıq, sözsöhbət və mübahisənin alovlanması halı baş verə bilər ki, bu da onun və ailəsinin həyatı üçün olduqca təhlükəlidir. Bu səbəbdən, ünvan 1, 199 saylı mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması, naturada ayrılma mümkün olmadığı təqdirdə əvəzləşdirmə bu da mümkün olmadığı təqdirdə mənzilin açıq hərracda satılması zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbinə qarşı etiraz: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə verərək bildirmişdir ki, iddiaçının iddiasının dəlillərini əsassız və qanunsuz hesab edərək bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri heç də tam olaraq həqiqəti əks etdirmir. İddiaçı cavabdehlə arasında mənzildə yaşamağına dair mübahisə yaranmadığı halda ona qarşı məhkəmədə “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Mənzilə köçürmə barədə müvəqqəti təminat tədbiri haqqında ərizəsi də təmin edilmişdir. Cavabdeh və mənzildə yaşayan oğlu Emil Abıyev də buna heç bir etiraz göstərmədən onu mənzilə könüllü buraxmışlar. Hazırki tələblə bağlı isə mənzilin satılması ilə bağlı iddiaçı cavabdehə müraciət etməmişdir. Onun fikrini öyrənməmişdir. Ümumiyyətlə iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdehlə aralarında mənzilin satılaraq bərabər paylarda pulunun bölüşdürülməsi ilə bağlı heç bir müzakirələr aparmamışdır. Heç bir mübahisənin yaranmaması halında bir başa məhkəmədə əsassız tələblər irəli sürməsi qanuni hesab edilə bilməz. Cavabdehlə hazırki tələblərlə bağlı razılıq əldə edilməməsinə dair və mübahisənin yaranmasına dair məhkəməyə hər hansı bir subut da təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi və qiymətləndirmə rəyinə etiraz etmirlər. İddiaçı mülkiyyətçidir, cavabdehin razılığını almamalıdır. Tərəflərindən hazırki iddia tələbi 2025-ci ilin mart ayında verilmişdir və mülki iş artıq 6 aydır ki, məhkəmənin icraatındadır. Cavabdehin bu müddət ərzində iddiadan məlumatı olmuşdur. Lakin cavabdeh bu 6 ay müddətində heç bir təşəbbüs göstərməmişdir. Əgər cavabdehin mənzilin satılmasına niyyəti olsa idi, onlara bu barədə müraciət edərdilər, bəlkə də onda artıq mənzil satılmış olardı. Bunlar hamısı hüquqdan sui-istifadədir. İddiaçı ona bildirmişdir ki, cavabdeh tərəf mənzilin satılmasının tərəfdarı deyil və qardaşı və anası imkan verməyəcəkdir ki, mübahisəli mənzil satılsın. Cavabdeh tərəfin mənzili satmaq niyyəti yoxdur, onların niyyəti işi uzatmaqdır. İddiaçı tərəfindən cavabdehə mənzilin satılaraq bölünməsi ilə bağlı müraciət olunmuş, lakin bu birmənalı qarşılanmamış, mənzilin satılaraq bölünməsinə qarşı tərəf tərəfindən imtina edilmiş və iddiaçıya istədiyini edə biləcəyi qeyd bildirilmişdir. İddiaçının bu mənzilə dair mülkiyyət hüququ var və mülkiyyət hüququ toxunulmazdır. İddiaçının da hüququdur ki, mənzil satılsın. Tərəflər arasında mübahisə olduğuna görə heç bir pretenziyaya ehtiyac yoxdur. Cavabdeh tərəf etirazında qeyd edir ki, cavabdehlə danışıq aparılmamışdır. Ancaq qanunvericilikdə bununla bağlı tələb yoxdur ki, mülkiyyətçilər öz aralarında razılıq əldə etsin və ya tərəflə danışsın. Cavabdehin vəkili və nümayəndəsi Ali Məhkəmənin müvfiq qərarlarında razılaşmanın olduğunu nəzərdə tutulduğunu bildirir və aralarında belə bir razılaşma yoxdur. Ali Məhkəmənin qərarında qeyd edilir ki, danışıqlar edilməlidir, qərarda bildirmir ki, rəsmi bildiriş göndərilməlidir. Hətta iddiaçı bildirir ki, mənzilin satılması ilə bağlı anasına təklif etmiş, anası isə mənzili satmaq fikrinin olmadığını, mənzili satmayacağını bildirmişdir. Cavabdeh mənzili satmağa qoymadığını bildirirsə, formallığa nə ehtiyac var ki, rəsmi bildiriş göndərilsin. Hazırda ailə arasında mübahisə vardır, belə ki, iddiaçının qardaşı iddiaçıya 8 bıçaq zərbəsi yetirmişdir. “Bona Dea” xəstəxanası evlərinə yaxın olmasa idi, bəlkə də iddiaçı indi həyatda olmayacaqdır. Onun elə bir vəziyyətdə həyatda qalması möcüzədir. Kim təminat verə bilər ki, iddiaçının qardaşı cəzasını çəkməsinə baxmayaraq yenə eyni şeyi etməyəcəkdir? Anar həmin mənzildə yaşamağa qorxur ki, qardaşı ailəsinə bir şey edər. Qardaşlar arasında qardaşlıq və ailə dəyərləri itib, əgər bir qardaşın öz qardaşını həyatdan məhrum etmək niyyəti varsa doğmalıqdan söhbət gedə bilməz. İddiaçının hökmdən və mənzilə köçürülməsindən sonra qardaşı ilə arasında mübahisə olmuş, amma mübahisə polis səviyəsinə gedib çatmamışdır. Bundan əlavə iddiaçı məhkəmə qərarı ilə mübahisəli mənzilə köçürülmüşdür və həmin məhkəmə qətnaməsindən də qarşı tərəf şikayət verməmişdir. İddiaçı hazırda orada yaşamır, qətnamə icra edilməyib. Konstitusiya Məhkəməsi Qərarında qeyd edir ki, pul birinci qarşı tərəfdən istənilməlidir. Birinci mərhələ olaraq mənzilin naturada bölgüsü alınmamışdır. Ona görə də hazırda əvəzləşmə və hərrac məsələsi qalır. Hərrac da sonuncu mərhələdir. Onlar mənzilə görə kompensasiya verə bilmirlər. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini, iddiaçı paylarının dəyərini ödəsə razı olacaqlarını, mənzilə görə kompensasiya verə bilmədiklərini, mənzilin hərraca çıxarılmasından narazı olduqlarını, bunu məhkəmədən kənar sata biləcəklərini qeyd edərək əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadının 18-ci bəndində qeyd edilir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll edilməsi nəzərdə tutulur. Bu pul ödənilməsi məsələsi isə məhkəmədən əvvəlki məsələlərdir. Tərəflər bunu müzakirə etməli idi. Cavabdeh qoca yaşlı anadır, pulu haradan ödəsin? İddiaçı da bu pulu necə ödəyəcəkdir? İddiaçı onların münasibətini bilib məhkəməyə müraciət edib? Onlar mənzili satar, sata bilməsələr və ya razılıq əldə edə bilməsələr məhkəməyə müraciət edilərdi. Mənzilin naturada bölgüsü mümkün deyildirsə, kompensasiya da ödənilmirsə yerdə qalan məsələ əmlakın satılmasıdır. Ana ilə oğul mənzili sata bildikləri təqdirdə nə üçün mənzil hərraca çıxarılmalıdır? İddiaçının üzərinə yük düşür ki, bu prosesi həyata keçirsin, məhkəməyə bununla bağlı sübut təqdim etməlidir. Ali Məhkəmənin Plenum qərarına əsasən iddiaçı tərəf cavabdehə pretenziya verməli idi. Həm bölünmə, həm də ayrılma prosedurlarında razılıq olub-olmaması müəyyən edilib, ondan sonra məhkəməyə müraciət edilməli idi. Əgər onların niyyəti işi uzatmaq olsa idi, Əvəz kişinin payının müəyyən edilməsindən şikayət verərdilər. Həmçinin iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair qətnamə icra edilmişdir. Onlar iddiaçının gəlib yaşamasını bildirirlər. Ekspert rəyi ilə mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdır. Hansı ki, bu kateqoriyalı işlərdə belə bir rəyin gəlməsi aydındır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X13 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzili (yeni qaydalarla: ünvan 2) xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə ½ hissədə Cavabdeh, xx.xx.2024-cü il tarixdə ½ hissədə İddiaçı məxsusdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh, X11, X4, X7, X8 ünvan 1, 199 saylı mənzildə qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019cu il tarixinədək, xx.xx.2019-cü il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək ünvan 1, 199 saylı mənzilində olduğu yer üzrə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3777 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilin (yeni qaydalarla: ünvan 2) İnşaat Norma və qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. -“Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli, qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilin (yeni qaydalarla: ünvan 2) hazırki dəyəri 289.000 manat təşkil edir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-906/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı və X3, xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə ünvan 1, mənzil 199; Yeni qaydalarla: AZ 1060, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1010/2022 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs və müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünün zərərçəkmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, X12 üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən E.Ə.Abıyevin 26 iyul 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək həbsdə qaldığı 4 ay 18 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 7 ay 12 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzili (yeni qaydalarla: ünvan 2) xüsusi mülkiyyət hüququ ilə ½ hissədə olmaqla İddiaçı Əvəz oğlunun və Cavabdeh paylı mülkiyyətindədir. İddiaçı ona məxsus olan payın naturada ayrılması, bu mümkün olmadığı halda payın dəyərinə kompensasiya verilməsi, bu da olmadıqda mənzilin hərracdan satılaraq əldə olunan pul vəsaitinin ona düşən hissəsinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir. Mübahisəli mənzil qiymətləndirilərək 289.000 manat bazar qiyməti təyin olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221ci maddəsi ilə tənzimlənir. Həmin qərarda qeyd olunur ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçibseçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın iki mülkiyyətçisi olduğundan və onlardan birinin payının bölünməsi əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Məhkəmə bununla bağlı bildirir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzilini (yeni qaydalarla: ünvan 2) ½ paylar üzrə təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır. Belə ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun payına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadında ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf mübahisəli mənzili satmaq niyyətində olduqlarını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır. Bundan başqa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Belə ki, ümumi paylı mülkiyyət ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında əmlakın ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməsinə dair imperativ göstəriş olmasa da, yuxarıda qeyd olunan qərarda qeyd olunur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilməklə, mütəxəssis rəyi alınmış və mübahisəli mənzilin hazırki dəyəri 289.000 manat müəyyən edilmişdir. Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə daşınmaz əmlakın müəyyən edilmiş dəyərinə tərəflər etiraz etməmişdir. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiyməti mütəxəssis rəyinə uyğun olaraq, 289.000 manat məbləğində müəyyən edilməlidir. Həmin mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda mənzil açıq hərracda satılmalı və satışından əldə edilən pul vəsaiti tərəflərin paylarına uyğun bölünməlidir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin “naturada ayrılma mümkün olmadığı təqdirdə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, Cavabdeh payın dəyərinə uyğun kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə hərracda satılması” hissəsi ilə bağlı bildirir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin irəli sürdüyü “Ali Məhkəmənin Plenum qərarına əsasən iddiaçı tərəf cavabdehə pretenziya verməli olması, həm bölünmə, həm də ayrılma prosedurlarında razılıq olub-olmamasının müəyyən edilməsi, ondan sonra məhkəməyə müraciət edilməli olması” dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfin qarşı tərəfə pretenziya göndərməsinə zərurət yoxdur. Belə ki, məhkəmə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsini cavabdeh ilə razılıq əldə etməməsi, aralarında mübahisənin olması kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 906/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1010/2022 saylı qərarı ilə də tərəflərin arasında mübahisəli mənzil və digər məsələlər ilə bağlı mübahisə olması öz təsdiqini tapmışdır. Hansı ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur. (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Göründüyü kimi qanunvericilikdə tərəflərin razılığının olması nəzərdə tutulmuş, bununla bağlı yazılı pretenziyanın olması şərti göstərilməmişdir. Bununla da məhkəmə bildirir ki, cavabdeh tərəfin arasında razılığın mövcud olmadığı tərəflərin izahatları ilə də müəyyən olunmuş, buna görə də iddiaçı məhəkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Əvəz oğlu və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzili (yeni qaydalarla: ünvan 2) ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun bölünməli, mənzilin ilkin satış qiyməti 289.000 (iki yüz səksən doqquz min) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda tərəflərə izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətlərində olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişəcəyi halında onlar MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin ilkin satış qiymətini yenidən müəyyənləşdirmək hüququna malikdirlər. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (hər biri 50 manat olmaqla iki ekspertiza) manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünməli, iddiaçıdan 50 (əlli) manat və cavabdehdən 50 (əlli) manat məbləğində pul vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı Əvəz oğlu və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,70 kv.metr olan 199 saylı mənzili (yeni qaydalarla: ünvan 2) ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun bölünsün. Mənzilin ilkin satış qiyməti 289.000 (iki yüz səksən doqquz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Əvəz oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı Əvəz oğlundan, 50 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1653/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1653/2025
03.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver