Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1684/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Müseyibova (Ələkbərzadə) Lamiyə Əjdər qızı cavabdeh X6 ilə 17 mart 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh onunla rəsmi nikaha daxil olsa da, onunla ailə qurmaq niyyəti olmamışdır. Bu etibarsız nikahın bağlanmasının əsas səbəbkarı bunu ona məcbur etdirən onun ailə üzvləri olmuşdur. Eyni zamanda cavabdehin əsl niyyəti onun valideyinlərindən pul alaraq onları aldatmaq olmuşdur. Cavabdeh müxtəlif vaxtlar valideyinlərindən pul alaraq guya toya hazırlaşdığını qeyd etsə də, lakin buna görə heç bir tədbir görməmişdir. Belə görünür ki, ilk başdan Cavabdeh onunla ailə qurmaq niyyəti olmamışdır. Bu nikahın etibarsız sayılmasını arzu etməklə məqsədi odur ki, gələcəkdə onun sənədlərində problem yaranmasın. Hal-hazırda aralarında olan və heç bir əhəmiyyətli olmayan nikah sadəcə rəsmiyyətdədir. Cavabdeh X6 ilə onun arasında 17 mart 2024-cü il tarixdə 469 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə verilən suallara cavab olaraq bildirdi ki, o, nənəsi və babasının məsləhəti ilə, cavabdehlə tanış olmuşdur. Bundan sonra onlar nişanlanmışlar. Cavabdeh ona demişdir ki, xaricə bal ayına getmək üçün xarici pasport almalıdırlar, bunun üçün soyadlarının eyni olmalıdır, buna görə də rəsmi nikaha daxil olmalarını ona bildirmişdir. Bundan sonra o, cavabdehlə rəsmi nikaha daxil olmuş və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdeh toy hazırlıqları üçün onun valideyndən pul istəmiş və valideynləri cavabdehə 8000-10000 manat civarında pul vermişdir. Cavabdeh bütün toy hazırlıqları ilə özü məşğul olacağını bildirmiş, şadlıq sarayı ilə danışdığını demiş, lakin bunların heç birini etməmişdir. Bundan başqa, nişan və elçilik baş tutmuşdur, bunlar təxminən 5-6 ay ərzində olmuşdur. Onlar ümumilikdə 1 ildir ki, münasibət saxlayırlar. 17 mart 2024-cü ildə nikah, 05 aprel 2024-cü ildə isə toy olmalı idi. Cavabdeh isə qeyd etdiyi kimi, pulu almış və toya hazırlıq görməmişdir. Bu hal onlara sonradan məlum olmuşdur. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, cavabdeh iddiaçını aldadaraq onunla nikaha daxil olmuşdur. Ailə qanunvericiliyinə əsasən, nikah aldatmaq yolu ilə bağlandıqda etibarsız sayılır. Çünki cavabdeh iddiaçı tərəfə söz vermişdir ki, şadlıq sarayı da danışacaq, lakin onları aldadıb pulu ələ keçirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib izahatında bildirmişdir ki, o, nikaha ona görə girmişdir ki, ümid etmişdir ki, toy etmək üçün ayrıca pulu olacaq. Toy yerini danışmamışdır. Çünki, onun və qardaşının borcu toydan 2-3 ay qabaq yaranmış və toydan 1 həftə əvvəl iddiaçının ailəsindən 8000-10000 manat civarında pul almışdır və onlara restoran və müğənni danışacağını bildirmişdir. Lakin, borcu olduğuna görə həmin pulu borclarına sərf etmiş, bu zaman ümid etmişdir ki, pulu olacaq. İddianın təmin edilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh məhkəməyə iddia ərizəsinin etiraf edilməsi barədə ərizə təqdim edərək, o, iddianın etiraf edir. Belə ki, 17 mart 2024-cü il tarixdə 469 nömrə ilə qeyd edilmiş nikahı bağlayərkən onun nikaha daxil olmaq və ailə qurmaq niyyəti olmamışdır və bu halı iddiaçıdan gizləmişdir. Belə ki, onun pula ehtiyacı olduğu üçün guya toya xərcləmək adı ilə iddiaçının ailə üzvlərindən müxtəlif miqdarda pul vəsaiti almışdır. Nikahı bağlamaqda əsas məqsədi onlarda inam yaratmaq olmuşdur. İddiaçı ilə onlar faktiki ailə həyatı qurmamış, birlikdə ailə kimi yaşamamışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Lamiyə onun nəvəsidir. Eldarı Lamiyə vasitəsilə tanımışlar, belə ki, onlar qonşudurlar. Tərəflər arasında toy olmayıb, nikahdan isə sonradan xəbərləri olmuşdur. Onlar da tərəfləri danlamışlar ki, niyə görə toydan qabaq nikaha daxil olublar. Lamiyə də demişdir ki, Eldar ona xaricə gedəcəklərini, bilet alacaqlarını, buna görə soyadlarının dəyişmələrini bildirmişdir. Eldar demişdir ki, qız-oğlan toyu birlikdə olsun, onlar da məcburi razılaşmışlar. O, demişdir ki, nikah toyun içində olsun. Amma tərəflər isə demişlər ki, onlar artıq nikahı bağlayıblar. Eldar restoran danışdığını demiş, qızın babası da əsəbiləşmiş, amma o, sonuncunu sakitləşdirmişdir ki, qız-oğlan toyu biryerdədir. Onlar Eldara qonşulara, qohumlara verilməsi üçün dəvətnamə gətirməsini demişlər. 3-4 gün sonra Eldar dəvətnaməni gətirməmiş və onlar artıq məsələnin nə yerdə olduğunu başa düşmüşlər. Aprelin 7-si bilmişlər ki, nikah bağlanıb. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Lamiyə onun bacısıdır, Eldarı Lamiyə sayəsində tanımışdır. Toy olmayıb, Eldar onlardan restoran üçün pul istəmiş, onlar da 8000-10000 manat pul vermişlər. Pulu Eldar hələ də qaytarmayıb, polisə müraciət etməmişlər. O, tərəflərin nikaha daxil olacağını əvvəlcədən bilmiş, Lamiyəyə toydan sonra nikah bağlamalarını demiş, lakin Lamiyə bilet alacaqlarını və buna görə nikaha daxil olacağını bildirmişdir. Məhkəmə iclasında cavabdehin X3 vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Eldar onun qardaşı oğludur. Elçiliyə getmişlər, lakin toy olmayıb. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Eldarın bibisidir. Toy olmayıb, Eldarın borcu olub deyə restoran danışmayıb. Tərəflər birgə yaşamayıblar. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 622913 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında 17 mart 2024-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 469 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Museyibova” soyadı verilmişdir. - 08 aprel 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflərin niyyəti ailə qurmaq olmuşdur və 17 mart 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxt tərəflərin hər ikisi nikah yaşına çatmış şəxslər olmuşdur. Nikaha qarşılıqlı könüllü razılıqları ilə girmiş və onların nikahına mane olan hallar mövcud olmamışdır. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olduqdan sonra sadəcə onlar arasındakı toy mərasimi baş tutmadığından aralarındakı münasibətlər pozulmuş, bu səbəbdən birgə yaşamamış və ümumi təsərrüfat idarə etməmişlər. İddiaçı Cavabdeh onunla ailə qurmaq niyyətinin olmamasını və sonuncunun şadlıq sarayı danışmaq adı ilə aldığı pulu təyinatı üzrə istifadə etməməsini əsas gətirərək, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci maddəsinə istinad edərək nikahın etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəllləsinin 25.1-ci və 25.2-ci maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Qanunun mahiyyətindən aydın olur ki, bu halda nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məsələn: yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.). Yəni nikah məhkəmə qaydasında yalnız o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun. Hazırki iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Ailə Məcəllləsinin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulmadığı müəyyən olundu və İddiaçı iddia tələbini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada əsaslandıran tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh və ya hər ikisinin ailə qurmaq niyyətlərinin olmamasının nədə təzahür olunmasını sübut edə bilməmiş, əksinə məhkəmə hesab etmişdir ki, əslində rəsmi nikaha daxil olmaqda tərəflərin niyyəti ailə qurmaq olmuş, lakin aralarındakı münasibətlər pozulduğundan birgə ailə münasibətləri alınmamışdır. Digər yandan, iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə nənəsi və babasının məsləhəti ilə tanış olduğunu göstərsə də, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş iddiaçının nənəsi X1 ifadəsində Eldarı Lamiyə vasitəsilə tanıdığını bildirməklə ziddiyyətli ifadə vermişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraf ərizəsində nikah bağlamaqda əsas məqsədinin iddiaçı tərəfdə inam yaratmaq olması və pula ehtiyacı olduğundan guya toya xərcləmək adı ilə iddiaçıdan pul aldığını göstərsə də, məhkəmə iclasında verilmiş suallara cavab zamanı o, nikaha toy etmək üçün ayrıca pulu olacağını ümid edərək girdiyini bildirməklə ziddiyyətli ifadələr vermişdir. Məhkəmə iclasında tərəflərin vəsatəti əsasında dəvət edilmiş şahid ifadələrinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin ifadələr işin faktiki halları ilə sübuta yetirilmədiyindən və ziddiyyət təşkil etdiyindən mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, nikahın etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir və iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1684/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1684/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver