Məhkəmə qərarları › İş №2(007)-1688/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1688/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1688/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılması, əldən çıxmış faydanın və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv.m olan 38 saylı mənzil 14 noyabr 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışla ********** saylı Qeydiyyat nömrəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd edir ki, Cavabdeh1 evin keçmiş mülkiyyətçisi, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Hazırkı iş üzrə Cavabdeh1 ilə 06 noyabr 2018-ci il tarixdə bağlanmış 269 İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv.m olan 38 saylı mənzil onun mülkiyyətinə keçmişdir. Hazırki iş üzrə Cavabdeh1 aralarında bağlanmış 269 İPO/18 saylı alqı-satqı və ipoteka müqavibsinin 2.2.4-cü maddəsinə əsasən, bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslə birlikdə qeydiyyatdan çıxmağı öz öhdəliyinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdehlər öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməyərək sözügedən mənzildən pasport qeydiyyatından çıxmamışdır. Həmçinin qeyd etmək istəyir ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən 38 saylı mənzilin alqı-satqısı zamanı iş üzrə Cavabdeh2 da alqı-satqı barəsində notarial təsdiqli razılıq ərizəsi də iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehlərlə hal-hazırda əlaqəsi yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamamaqlarına baxmayaraq, hələ də ona məxsus olan mənzildə pasport qeydiyyatından çıxmamışdırlar. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdehlərin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozur və o, onların yerinə əlavə kommunal xərcləri ödəməli olur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv.m olan 38 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən çıxarılmaları, alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən tarixədək ona məxsus mənzildən istifadə edə bilməməsi nəticəsində kirayə haqqı qismində ödədiyi hər ay üçün 300 manat olmaqla əldən çıxmış fayda məbləğinin hesablanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun xeyrinə ödənilməsi, müqavilə üzrə öhdəliklərin cavabdehlər tərəfindən pozulması nəticəsində alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixindən məhkəmə qətnaməsi icra edilən tarixədək ödədiyi aylıq 470 manat pul vəsaitinin maddi ziyan qismində hesablanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların azyaşlı uşaqları- X1 və X3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən çıxarılmaları, alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən tarixədək ona məxsus mənzildən istifadə edə bilməməsi nəticəsində kirayə haqqı qismində ödədiyi hər ay üçün 300 manat olmaqla əldən çıxmış fayda məbləğinin hesablanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun xeyrinə ödənilməsi, müqavilə üzrə öhdəliklərin cavabdehlər tərəfindən pozulması nəticəsində alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixindən məhkəmə qətnaməsi icra edilən tarixədək ödədiyi aylıq 470 manat pul vəsaitinin maddi ziyan qismində hesablanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbini müdafiə etdiyini bildirmiş və təyin edilmiş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, verdiyi izahatında göstərdi ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzil onun şəxsi mülkiyyəti olmuşdur. Lakin o, “Qaraciyər serrozu” diaqnozu ilə xəstə olduğu üçün məcbur olaraq bankla danışıb mənzilini girov qoymuş, bir il ödəniş etdikdən sonra daha ödəniş edə bilməmişdir. İddia tələbində qeyd edilən məbləğdə vəsaiti isə o, qəbul etməmişdir. Həmçinin, qeyd etmək istəyir ki, o, həmin pulu bank əməkdaşlarından bankda deyil, maşında sənədə imza çəkib qəbul etmişdir. Həmin şəxslər hazırda saxta yollarla onu əmlakından məhrum etmək istəyirlər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 06 noyabr 2018-ci il tarixli, 269İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “satıcı” Cavabdeh1, “ipoteka saxlayan” “xxxx” ASC və “alıcı (ipoteka qoyan)” İddiaçı arasında 269İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır; Müqavilənin 1.1 və 1.4-cü bəndlərinə əsasən, “Satıcı”, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 05 avqust 2009-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ona məxsus daşınmaz əmlakı “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 76100 (yetmiş altı min yüz) manatdır, mənzilin dəyərinin 16100 (on altı min yüz) manat məbləğində olan hissəsi “Alıcı- İpoteka qoyan”ın özü tərəfindən, 60000 (altmış min) manat məbləğində olan hissəsi isə “Kreditor-İpoteka saxlayan” tərəfindən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilir; Müqavilənin 2.2.2-ci bəndinə əsasən, “Satıcı” Cavabdeh1 “Alıcı-ipoteka qoyan”a üçüncü şəxslərin hüquqlarından azad ipoteka predmetini təhvil verməyi öhdəsinə götürmüşdür; Müqavilənin 2.2.4-cü bəndinə əsasən, “Satıcı” Cavabdeh1 həmin müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyat çıxmağı öhdəsinə götürmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 135 saylı evin 38 saylı mənzili 14 noyabr 2018-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - **********305 saylı, 04 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2, əri Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın əri tərəfindən satılmasına, “xxxx” ASC-də ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür; - Bakı şəhəri 12 saylı Notariat Kontorunun notariusu X2 “xxxx” ASC-yə ünvanladığı 06 noyabr 2018-ci il tarixli, 1082 saylı məktubdan və həmin məktuba əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, X5, İddiaçı notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlak beh müqaviləsi üzrə 76100 (yetmiş altı min yüz) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 1545,75 manat vergi öhdəliklərini dövlət xəzinədarlığına ödənilməsi məqsədilə daşınmaz əmlakın satış dəyərindən çıxdıqdan sonra 74554,25 (yetmiş dörd min beş yüz əlli dörd manat, iyirmi beş qəpik) manat Cavabdeh1 ödənilməsi üçün “xxxx” ASC-də olan VÖEN **********; AZ21AZRT******************** nömrəli depozit hesabına qəbul olunmasını “xxxx” ASC-dən xahiş etmişdir. 76100 (yetmiş altı min yüz) manat məbləğində pul vəsaiti X2 “xxxx” ASC-nin Yasamal filialında olan AZ21AZRT******************** nömrəli hesabına köçürülmüş, habelə həmin pulun 1545,75 manat hissəsi X2 AZ21AZRT******************** nömrəli hesabından vergi ödənişi olaraq Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına köçürülmüşdür; - “xxxx” ASC-nin 02 iyun 2021-ci il tarixli, 05/05-1815 saylı məktubundan və həmin məktuba əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, 269İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsin əsasən İddiaçı tərəfindən “xxxx” ASC-nin Yasamal filialında açılmış AZ21AZRT******************** nömrəli hesaba 05 noyabr 2018-ci il tarixində 76100 (yetmiş altı min yüz) manat məbləğində mədaxil edilən pul vəsaitinin 74554,25 (yetmiş dörd min beş yüz əlli dörd manat, iyirmi beş qəpik) manat məbləğini təşkil edən hissəsi Bakı şəhəri 12 saylı notariat konturu tərəfindən tərtib edilmiş və Banka təqdim olunmuş 1082 nömrəli məktub və 125010 nömrəli çek əsasında Cavabdeh1 tərəfindən 06 noyabr 2018-ci il tarixində məxaric edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 135 saylı evin 38 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuşdur. 06 noyabr 2018-ci il tarixdə “satıcı” Cavabdeh1, “ipoteka saxlayan” “xxxx” ASC və “alıcı (ipoteka qoyan)” İddiaçı arasında 269İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 mülkiyyətində olan həmin mənzili “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın satış qiyməti 76100 (yetmiş altı min yüz) manat olmaqla, mənzilin dəyərinin 16100 (on altı min yüz) manat məbləğində olan hissəsi “Alıcı-İpoteka qoyan”ın özü tərəfindən, 60000 (altmış min) manat məbləğində olan hissəsi isə “Kreditor- İpoteka saxlayan” tərəfindən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilməsi razılaşdırılmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 14 noyabr 2018-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər qeydiyyatdan çıxmamışlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 06 noyabr 2018-ci il tarixdə bağladığı 06 noyabr 2018-ci il tarixli, 269İPO/18 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 135 saylı evin 38 saylı mənzilini “Alıcı-İpoteka qoyan”ın mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın satış qiyməti 76100 (yetmiş altı min yüz) manat olmaqla, mənzilin dəyərinin 16100 (on altı min yüz) manat məbləğində olan hissəsi “Alıcı-İpoteka qoyan”ın özü tərəfindən, 60000 (altmış min) manat məbləğində olan hissəsi isə “Kreditor- İpoteka saxlayan” tərəfindən “Alıcı-İpoteka qoyan”a verilmiş kredit vəsaiti hesabına ödənilməsi razılaşdırılmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasından sonra həmin mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış, mənzil iddiaçıya təhvil verilmiş, cavabdehlər həmin vaxtdan mənzildə yaşamamışdır. Bundan əlavə, mənzilin satılmasına və müvafiq qaydada öhdəlik götürməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə X6 və X7 qeydiyyatdan çıxmamışlar, o cümlədən mənzili boşaltmamışlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları və mənzildən çıxmamaqla təhvil verməmələri mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və həmin şəxslər mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, cavabdehlərlə birlikdə mənzildə qeydiyyatda olan uşaqların da iddiaçıya məxsus mənzildən istifadə hüquqları itirilməli və mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliklərin cavabdehlər tərəfindən pozulması nəticəsində alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixindən məhkəmə qətnaməsi icra edilən tarixədək o, aylıq 470 manat pul vəsaiti ödəmiş, nəticədə ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində alqı-satqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixindən məhkəmə qətnaməsi icra edilən tarixədək aylıq 470 manat ödəniş etdiyini göstərsə də, ödənişi məhz hansı əsaslarla həmin məbləğdə ödəməsinin mənbəyinə dair sübutlar təqdim etməmişdir. Belə ki, qeyd olunan alqı-satqı və ipoteka müqaviləsinin 1.6.4-cü bəndinə əsasən, alıcı İddiaçı öhdəliyi kimi qeyd olunan mənzilin aylıq ödənişi 470 manat deyil, 424,07 manat müəyyən edilmişdir, hansı ki, bu müqavilə üzrə iddiaçının öhdəliyidir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, alqısatqı və ipoteka müqaviləsinin bağlanıldığı 06 noyabr 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən tarixədək, cavabdehlərin ucbatından ona məxsus mənzildən istifadə edə bilməməsi nəticəsində hər ay üçün 300 manat kirayə haqqı qismində pul ödəmiş, cavabdehlər həmin pulun əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, İddiaçı müqavilə bağlandığı tarixdən hər ay 300 manat ödəməklə, həmin məbləğdə əldə edə biləcəyi gəlirlərin əldən çıxmasını qeyd etsə də, əks halda əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi, o cümlədən kirayə haqqı ödəməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə tərəflər əldən çıxmış faydanın tutulması ilə bağlı hər hansı şərt müəyyənləşdirməmişlər. Ona görə məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə X1 və X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə X6 və X7 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə X1 və X4 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onlarla birlikdə X6 və X7 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 135 ünvanında yerləşən ümumi sahəsi 68,7 m2 olan, 38 saylı mənzildən çıxarılsınlar. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar