Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-169/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış xx.xx.2012-ci il tarixli xüsusi mülkiyyət hüququ seriya RX ******* nömrəli reyestr onun adına olmaqla xüsusi mülkiyyətindədir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildə formal olaraq qeydiyyatdadırlar. Yetkinlik yaşına çatmamış uşaqlar Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxmasını istəmir, yalnız Cavabdeh1 həmin mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. O, mənzilin sahibi kimi öz mülkiyyət hüquqularını rahat həyata keçirə bilmir. Ona görə də cavabdehlərin həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 onun keçmiş gəlini olmuşdur. Oğlu ilə aralarındakı nikah pozulmuşdur. Oğlu vaxtlı-vaxtında aliment ödəyir, uşaqlara hər şey alır. Cavabdeh R.Rüstəmov küçəsi, ev 76, 36 saylı mənzilə gəlin köçmüş, sonradan ora satılmış və mübahisəli mənzil alınmışdır. Bu mənzilə 2013-cü ildə qeydiyyat düşmüşdür. Pul ödənilməsini oğlu bilər, onun ödəməyə pulu yoxdur. Ona görə qeydiyyatdan çıxarılmasını istəyir ki, sonra gəlib başqa şey istəməsin. X1 və X5 mənzildə qeydiyyatda qalsın. O, kompensasiya verməyəcəyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini, bu evin ailə qurandan sonra alındığını, evi almaq üçün onun cehizlərini, qızıllarını satdıqlarını, məcbur olub 2017-ci ildə uşaqlarla birlikdə Şirvana getdiyini, 2018-ci ildə orada işə düzəldiyini, atasının başqa övladı olduğunu, evi başqa adama satdığını, iddiaçıdan pul istəmədiyini, sadəcə həmin mənzildə yaşamaq istədiyini, orada yaşamaq üçün icazə verilməsini, onsuz da aylarla mübahisəli mənzildə qala bilmədiyini qeyd etdi. Məhkəmə iclasda iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına xüsusi mülkiyyət olaraq xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - AZ-İ 288269 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X6 arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. - 57 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 248 saylı arayışdan görünür ki, İddiaçı ilə yanaşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzildə həyat yoldaşı X3, oğlu X6, qızı X7, keçmiş gəlini Cavabdeh1, nəvələri Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadır. - 57 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 228 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzildə X3, X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2013-cü il tarixdən, İddiaçı və X7 xx.xx.2013cü ildən qeydiyyatdadırlar. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3590/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş iddia ərizəsi geri götürüldüyü üçün baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 iddiçının oğlu X6 ilə xx.xx.2009cu ildə nikaha daxil olduqdan sonra İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, 36 saylı mənzilə gəlin köçmüş, daha sonra həmin mənzil satılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzil alınmışdır. Bu mənzil xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 mübahisəli mənzilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda İddiaçı cavabdeh X2 mübahisəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri cavabdehin, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra İddiaçı tərəfindən ünvan 1 ünvanına xx.xx.2013-cü il tarixdən qeydiyyata alındığı tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da aydın olur ki, cavabdehin xx.xx.2013-cü il tarixdə qayınatası İddiaçı mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi onun həmin mənzildən istifadə hüququnun olması demək deyil. Belə ki, mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi İddiaçı ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruri idi. Belə bir razılaşmanın olmaması mənzil İddiaçı mülkiyyətində olduğu vaxt cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması faktını istisna edir. Bundan başqa, Cavabdeh1 mülkiyyətçi İddiaçı keçmiş gəlinidir, yəni onun ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, Cavabdeh1 isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququsaxlanıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, Cavabdeh1 hal-hazırda iddiaçıiya məxsus mənzildə qeydiyyatda olması hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzildə pasport qeydiyyatında olması onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Bununla yanaşı, Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzildən istifadə hüququ əldə edilməsini zəruri edən əsasın, yəni sözügedən yaşayış sahəsinə ehtiyacın aradan qalxmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, cavabdehin qeyd olunan mənzildən istifadə hüquqları formal xarakter daşıyır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçının oğlu ilə nikahı pozulduqdan sonra həmin mənzildə yaşamamışdır. Göründüyü kimi, cavabdeh nikah pozulduqdan sonra Şirvan şəhərinə köçmüş və orada yaşamağa başlamışdır. Hazırda cavabdeh orada yaşayır və işləyir, onun həyat mənafeləri həmin şəhərlə bağlıdır. O, uzun müddətdir Bakı şəhərində yaşamır və onun mübahisəli mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Məhkəmə cavabdehin kompensasiya verməklə istifadə hüquqularına xitam verilməsi ilə bağlı iddiaçıya təklif etsə də, bununla bağlı iddiaçı ümumiyyətlə kompensasiya vermək niyyətləri olmadığını, cavabdeh də kompensasiya istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmamasını və onunla X6 arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 61, 49 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-169/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-169/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver