Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1695/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbinin dəqiqləşmə barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzilini Bakı şəhəri 52 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş, reyestrdə 1S-2713 № ilə qeyd edilmiş, 21 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh1 almışdır. Alqı-satqı müqaviləsinin 6-cı bəndinə uyğun olaraq mənzili faktiki sahibliyinə və istifadəsinə qəbul etmişdir. Həmin vaxtdan da cavabdeh ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. 08 dekabr 2014-cü il tarixdə qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində, 190 nömrəli reyestr kitabının 20101 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlər ailə üzvləri ilə birlikdə yeni yaşayış yerinə köçərkən pasport qeydiyyatından çıxarılmayıblar və hal-hazırda da xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin formal olaraq onun mənzilində pasport qeydiyyatında qalmaları xüsusi mülkiyyəti olan mənzilin üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını tam şəkildə həyata keçirməyinə mane olur və eyni zamanda mənzil kommunal xidmət haqlarının ödənilməsində problemlər yaradır. Cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 13-cü bəndində qeyd olunur ki, satıcı, Cavabdeh1 və ailə üzvləri 21 yanvar 2015-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin cavabdehlər bu günədək onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmayıblar. Qeyd olunanlara əsasən onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzilində qeydiyyatda olan cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan ARDİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan AN-İ seriyalı 21.11.2014-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzilini 155000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 08.12.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin 17 saylı mənzilini 21.11.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil özgəninkiləşdirilərək İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin köhnə sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən köçsələr də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmışdırlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin, 17 saylı yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı evin, 17 saylı yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1695/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1695/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver