Məhkəmə qərarları › İş №2(007)-174/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-174/2025

05.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-174/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakda payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 saylı mənzilinin 1/4 hissəsinə olan payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 saylı mənzilin naturada ayrılması mümkün olmadığından mənzilin hərracdan satılaraq tərəflərin payına uyğun satışından əldə edilən pul vəsaitinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 aprel 2022-ci il tarixdə atası Abbasov Vəkil Şəfaqət oğlu rəhmətə getmiş və onun 4 nəfər vərəsəsi, o, anası X2, qardaşı Abbasov Vüqar Vəkil oğlu və bacısı Cavabdeh qalmışdır. Anası və qardaşı cavabdehin xeyrinə paylarından imtina etmiş və mübahisəli Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32A saylı evin 63 saylı mənzilinə dair 24 iyun 2023-cü il tarixdə ona və cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında 17 iyul 2023-cü il tarixdə ona Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32A saylı evin 63 saylı mənzilin 1/4 hissəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmiş, lakin cavabdeh öz payını adına keçirmədiyindən hələ də əmlakın 3/4 hissəsi mərhum atası Abbasov Vəkil Şəfaqət oğlunun adında qalmışdır. Hazırda mübahisəli mənzildə o, anası və cavabdehlə birgə yaşayırlar. Lakin, mənzilin 1/4 hissəsinə mülkiyyət hüququ olsa da, cavabdeh və anası onu həmin mənzildə yaşamasına sünii maneələr yaradır və onlarla birgə yaşamaqları mümkünsüz hala çevrilmişdir. Dəfələrlə onlara onun payının bazar dəyərini ödəyərək payını almalarını şifahi qaydada təklif etsə də, imtina cavabı aldığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mülkiyyətçi kimi əmlakdan sərbəst istifadə etməsi üçün ona məxsus payın naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır.

İş materialları :

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X3 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə 1/4 hissədə İddiaçı, 3/4 hissədə Cavabdeh məxsusdur.

5. İş materiallarına ünvan 1-ə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surəti verilmişdir.

6. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Abbasov Vəkil Şəfaqət oğlunun vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər İcra Hakimiyyəti İT və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə Abbasov Vəkil Şəfaqət oğluna verilmiş 30/166313 qeydəalma nömrəsi ilə 1107 nömrəli kitabın 166313-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.28 kv.m olan, yaşayış sahəsi 63.33 kv.m olan 4 otaqlı mənzildən ibarətdir.

7. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh payının ayrılması istəməsini nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32A saylı evin 63 saylı mənzilinin 1/4 hissəsinin dəyəri olan 60000 manat məbləğində kompensasiyanın ona ödənilməsi, əks təqdirdə payının naturada ayrılması və əmlakın açıq hərracda satılaraq satışından əldə edilən pulun aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar edilmişdir.

8. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01809 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 5 manat poçt-kargüzarlıq xərci ödənilmişdir.

9. İş materiallarına fotoşəkillər və 1 ədəd CD-disk əlavə edilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8285 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 saylı mənzilin 1/4 və 3/4 paylara uyğun naturada ayrılması “AzDTN 2.7- 2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1515 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32A, 63 saylı ümumi sahəsi 87.73 kv.metr olan mənzilin orta bazar qiymətlərinə uyğun olaraq hazırki vaxta olan ümumi dəyəri təxminən 176000 manat müəyyən edilir.

12. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli, MB 18/0682 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a ünvanında, 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, 87.73 kv.m ümumi 63.33 kv.m yaşayış, 24.4 kv.m köməkçi sahədən ibarət olan 4 otaqlı 63 saylı mənzilin xx.xx.2025-ci il tarixinə bazar qiyməti 180000 manat təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 51 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə arasında barışıq əldə olunmamışdır. Belə ki, o, 45000 manat kompensasiya məbləği ilə razıdır. Lakin əlavə olaraq dəymiş ziyanın əvəzi olaraq 1000 məbləğ ödəniləcəyi halda cavabdeh ilə arasında barışıq əldə oluna bilər. Hazırda isə barışıq əldə olunmadığı üçün işin mahiyyəti üzrə baxılaraq mənzilin hərracda satılmasını məhkəmədən xahiş edir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim edir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, mənzili özü almaq istədiyi üçün mənzilin qapalı hərrac vasitəsilə satışını xahiş edir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil izahatında bildirmişdir ki, tərəflər arasında barışıq əldə edilmədiyi üçün qanunvericiliyə uyğun olaraq iddiaçının payına düşən 45000 manat verilməklə paylı mülkiyyətə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər.

İşin faktiki halı :

17. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə 1/4 hissədə İddiaçı və 3/4 hissədə Cavabdeh paylı mülkiyyətindədir.

18. İddiaçı ona məxsus olan payın naturada ayrılması, bu mümkün olmadığı halda mənzilin hərracdan satılaraq əldə olunan pul vəsaitinin ona düşən hissəsinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8285 nömrəli ekspert rəyinə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 mənzilin 1/4 və 3/4 paylara uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

20. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32A, 63 saylı ümumi sahəsi 87.73 kv.metr olan mənzilin orta bazar qiyməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1515 nömrəli ekspert rəyinə əsasən təxminən 176000 manat, "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli, MB 18/0682 saylı qiymətləndirmə hesabatına əsasən xx.xx.2025-ci il tarixinə bazar qiyməti 180000 manat müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadı.

Məhkəmənin mövqeyi :

25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

26. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbini cavabdeh ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 mənzilindən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələr ilə əlaqədar həmin mənzildə yaşamasının mümkün olmaması, ona məxsus olan payın dəyərinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq razılıq əldə olunmaması ilə əsaslandırmışdır.

27. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

29. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

31. Həmin qərarda qeyd olunur ki, məhkəmələr bu kateqoriyadan olan işlərə baxarkən bütün payçıların qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə etməlidirlər.

32. İşin müəyyən edilmiş halı odur ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 mənzil ¼ hissədə iddiaçı və ¾ hissədə cavabdehin paylı mülkiyyətindədir.

33. İddiaçı və cavabdehin şəxsi münasibətlərində ziddiyyət və konfiliktlər olduğuna görə iddiaçı ona məxsus payın ayrılmasını xahiş etmiş, payın naturada ayrılması texniki cəhətdən mümkün olmadığından iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mənzilin hərracdan satılaraq satışdan əldə edilən pul vəsaitindən payına uyğun hissənin ona verilməsini xahiş etmişdir.

34. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə qərardadında Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə № 02/2024, 06 dekabr 2024-cü il tarixli qərardadında qeyd olunur ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

38. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2518/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır.

39. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8285 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 mənzilin 1/4 və 3/4 paylara uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

40. Məhkəmə qeyd edir ki, tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır.

41. Belə ki, qanunvericiliyə əsasən əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

42. Hazırki mülki iş üzrə İddiaçı əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun payına uyğun hissəsinin ona ödənilməsi tələbini irəli sürmüşdür.

43. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan Qərardadında ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

44. Məhkəmə iclasında iştirak edən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32A saylı evin 63 mənzili almaq niyyətində olmasını, buna görə də mənzilin qapalı hərracda satılmasını xahiş etmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.

46. Bundan başqa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.

47. Belə ki, ümumi paylı mülkiyyət ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında əmlakın ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməsinə dair imperativ göstəriş olmasa da, yuxarıda qeyd olunan qərarda qeyd olunur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir.

48. Məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi təərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1515 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32A, 63 saylı ümumi sahəsi 87.73 kv.metr olan mənzilin orta bazar qiyməti təxminən 176000 manat müəyyən edilmişdir.

49. İddiaçı ekspert rəyi ilə razılaşmadığından məhkəmə tərəfindən yenidən əmlakın qiymətləndirilməsi həyata keçirilməklə, mütəxəssis rəyi alınmışdır.

50. "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MB 18/0682 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32a ünvanında, 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, 87.73 kv.m ümumi 63.33 kv.m yaşayış, 24.4 kv.m köməkçi sahədən ibarət olan 4 otaqlı 63 saylı mənzilin xx.xx.2025-ci il tarixinə bazar qiyməti 180000 manat müəyyən edilmişdir.

51. Daşınmaz əmlakın "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmiş dəyərinə tərəflər etiraz etməmiş, əksinə tərəflər mütəxəssis tərəfindən verilmiş rəydə müəyyən edilmiş əmlakın dəyəri ilə razılaşmışlar.

52. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən tərəflər arasında yaranmış mübahisənin barışıq yolu ilə həll edilməsi, 45000 manat məbləğində kompensasiya verilməklə işin barışıq ilə yekunlaşdırılması təklif edilmiş, tərəflərin barışıq ilə mübahisəni həll etməsi üçün məhkəmə iclası təxirə salınaraq tərəflərə vaxt verilmiş, lakin tərəflər arasında fikir ayrılıqları, ziddiyyətli hallar yarandığından mülki işin barışıq yolu ilə həll edilməsi mümkün olmamışdır.

53. Məhkəmə qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan ilkin satış qiyməti mütəxəssis rəyinə uyğun olaraq, 180000 manat məbləğində müəyyən edilməlidir.

54. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a saylı evin 63 saylı mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda mənzil açıq hərracda satılmalı və satışından əldə edilən pul vəsaiti tərəflərin paylarına uyğun bölünməlidir.

Məhkəmə xərcləri :

55. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

56. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (hər biri 50 manat olmaqla iki ekspertiza) manat və qiymətləndirmə xidmətinin dəyəri olan 300 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünməli, İddiaçı 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və qiymətləndiricinin xidmət haqqı olaraq 150 (bir yüz əlli) manat məbləğində vəsait İddiaçı və 150 (bir yüz əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

Nəticə :

57. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a saylı evin 63 saylı mənzil ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalı, satış pulu tərəflərin paylarına uyğun bölünməli, mənzilin ilkin satış qiyməti 180000 manat müəyyən edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a saylı evin 63 saylı mənzili ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılsın, satış pulu tərəflərin paylarına uyğun bölünsün. Mənzilin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait İddiaçı və 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı olaraq 150 manat məbləğində vəsait İddiaçı və 150 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar