Məhkəmə qərarları › İş №2(007)-1754/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1754/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1754/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X1, Maralı şəxs Şahid1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 30 saylı notariat ofisi, Maraqlı şəxs2 və Şahid1 cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 30 saylı notariat ofisi cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhum anasının mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, ünvan 1 miras əmlakı vardır. O, hüquqi savadsızlığından mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməmiş, yalnız xx.xx.2022-ci ildə Bakı şəhəri 30 saylı notariat ofisinə ərizə vermişdır. Notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışı ilə bundan imtina olunaraq məhkəməyə müraciət edilməyi bildirilmişdir. O, faktiki olaraq miras əmlakını idarə edir. Belə ki, həmin əmlakı kirayəyə vermişdir və nəzarəti özü həyata keçirir. Başqa sözlə, həmin miras əmlakın faktiki sahibi özüdür. Qeyd edilənlərə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş mərhum anası X3 adına olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1-yə dair mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs2 və Şahid1 iş üzrə maraqlı şəxs kimi cəlb edilmişlər. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili X4 ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maralı şəxs Şahid1 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Bakı şəhəri 30 saylı notariat ofisinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, ərizəçinin atasıdır. Mübahisə predmeti olan evi ərizəçi idarə edir. Ərizəçi kommunal xərcləri ödəyir. Evin mülkiyyətçisi sağ olduğu vaxtda evi ərizəçi idarə etmişdir. Evin mülkiyyətçisi 07 aprel 2021-ci il tarixində vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, O, mübahisə predmeti olan evin mülkiyyətçisi ilə qonşudur. Mahirə xanım vəfat etdikdən sonra evi ərizəçi idarə etmişdir. Evə tez-tez Aslan bəy gəlib-gedirdi. Maraqlı şəxs2 az görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 30 saylı notariat ofisinin notariusunun 20 aprel 2022-ci il tarixli 619 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakın qəbulu və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ərizəçi xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Məsələ ilə əladar Bakı şəhəri 30 saylı notariat ofisi bildirir ki, Azərbaycan Respublikası qanunvericilinə uyğun olaraq vərəsə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakı faktiki qəbul edilmədiyinə görə və qanunvericiliklə mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddət tərəfindən buraxıldığı səbəbindən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. -XİV-ЖГ Seriyalı 319633 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1988-ci il tarixdə doğulmuşdur, atası Şahid1, anası X5r; -AZ-İİ Seriyalı 175428 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 07 aprel 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 aprel 2021-ci il tarixdə 661 nömrə ilə qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı № ******* saylı xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzil X3 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 87296 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır; - 26 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 53 saylı məlumatından görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən mərhum anası X6 məxsus 32 saylı evin zibil pulu və istismar xərcini özü ödəmişdir. 2022-ci ilin dekabr ayının 31-nə qədər heç bir borcu yoxdur; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-544/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs2 cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şahid1 və Ərizəçi cəlb edilməklə “xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 07 aprel 2021-ci il tarixdə ölmüş X2 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsələri hazırkı Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2 və Şahid1 olmuşdur. Ərizəçi xx.xx.2022-ci il tarixdə maraqlı şəxs Bakı şəhəri 30 saylı notariat kontoruna müraciət edərək mərhum anasına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X3 07 aprel 2021-ci il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə tam payda onun adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzili onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğlu Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişdir. Mərhumun digər vərəsələrindən Şahid1 əmlakın oğlu, yəni ərizəçi tərəfindən idarə edildiyini və evin kommunal xərclərinin ərizəçi tərəfindən ödənildiyini qeyd etmişdir. Digər vərəsə Maraqlı şəxs2 isə “mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılması” ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətanaməsi ilə iddiası təmin edilməmişdir. Ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi 07 aprel 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakı - Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilini - qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 07 aprel 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakı - Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzilini - qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar