Məhkəmə qərarları › İş №2(007)-1776/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1776/2021

26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1776/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 1977-ci il tarixdən 11 iyun 1993-cü il tarixədək Ağdam rayon Şərab zavodunda xadiməçi vəzifəsində işləmişdir. Əmək kitabçası işğal zonasında qaldığına görə əmək stajını təsdiq edə bilmir. İş stajına görə pensiya təyin edilməsi üçün sənədlərini müvafiq qaydada toplayaraq AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına təqdim etmiş, lakin maraqlı şəxs ona iş stajının müəyyən edilməsi üçün əmək kitabçasının təqdim olunması və iş stajının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmiş və dolayısı ilə ona pensiyanın təyin edilməsindən imtina edilmişdir. Onun 01 yanvar 1977-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək Ağdam rayon Şərab zavodunda xadiməçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(007)-1776/2021 saylı qərardadına əsasən, ərizəçi 20 aprel 2021-ci il və 20 may 2021-ci il tarixlərə təyin edilmiş məhkəmə baxış iclaslarında üzrlü səbəb olmadan iştirak etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən onun ərizəsi baxılmamış saxlanılmış, məhkəmənin 05 iyul 2021-ci il tarixli qərardadı ilə ərizəçinin xahişinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv edilərək, iş üzrə icraat təzələnərək məhkəmə iclası 13 iyul 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına dəvət edilmişlər. 12 iyul 2021-ci il tarixdə ərizəçi teleqramla məhkəməyə müraciət edərək, qardaşının vəfat etməsi ilə əlaqədar məhkəmə iclasının 10 gün sonrakı tarixə təxir edilməsini xahiş etmiş, bununla bağlı məhkəmə baxış iclası 26 iyul 2021-ci il tarixə, saat 10:50-ə təxir edilmişdir. Həmin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 ərizəyə yazılı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə gorə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlara və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Ərizəçi 1977- 1993-cü illər üzrə əmək stajının təsdiq edilməsini tələb edir. Bu normanın şərti nəzərə alındıqda, iddiaçının şahid ifadələri ilə həmin illərin təsdiqlənməsi üçün müraciət etməsi qanuna ziddir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 etirazda göstərilənləri təsdiq edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, vətəndaşın pensiyaya çıxması üçün 2017-ci ildən 25 il iş stajı tələb olunur, iddiaçının iş stajını isə 2007-ci ildən hesabladıqda 16 il təşkil edir. Buna görə də, onun tələbi heç bir hüquqi nəticə doğurmur. Buna görə, ərizənin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, ərizəyə etirazda göstərilənləri və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının 05 mart 2021-ci il tarixli, 22 saylı arayışından görünür ki, Ağdam rayon Şərab zavodunun 1977-1993-cü ilin iyul ayına kimi olan arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar, işğal altında qalmışdır; -1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 10 saylı MKİS-in 17 sentyabr 2020-ci il tarixli, 324 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatsız yaşayır; -AA seriyalı, 101610 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə Ağdam rayonunu tərk etmişdir; -AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1957-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur, Ağdam şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə X4 Roza Xasay qızına ünvanlanmış 23 fevral 2021-ci il tarixli, **********2 saylı məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən 01 iyul 2021-ci il tarixinə kimi qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Tələb olunan sığorta stajı olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsinin izahatı və mülki işin materialları ilə müəyyən olundu ki, Ərizəçi 01 iyul 1977-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək Ağdam rayon Şərab zavodunda xadiməçi işləməsini, lakin əmək kitabçası işğal zonasında qaldığından əmək stajını təsdiq etdirə bilmədiyini əsas gətirərək, bununla bağlı ona stajına görə əmək pensiyası təyin edilməsi haqqında ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 üzrə Mərkəzi Filialına müraciət etmişdir. Maraqlı şəxs tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən 01 iyul 2021-ci il tarixinə kimi qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Tələb olunan sığorta stajı olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün olmamışdır. Ona görə ərizəçi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.4-cü bəndində göstərilmişdir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bununla bağlı, məhkəmə qeyd edir ki, ərizəçi onun əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etsə də, ərizəsinə tələbini müəyyən edən fakt və hallarla əlaqədar olan yazılı və digər sübutlarını əlavə etməmiş, o cümlədən əmək kitabçaları olmaqla onunla birlikdə ərizədə göstərilən müddətlərdə eyni müəssisədə birlikdə işlədiklərini təsdiq edəcək şahidlərin mövcud olub-olmaması barədə sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda özü məhkəmə iclasında iştirak etməməklə yanaşı, müvafiq tələblərə cavab verən şahidləri məhkəmə iclasına dəvət etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ərizəçi ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 01 yanvar 1977-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək Ağdam rayon Şərab zavodunda xadiməçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla ərizə təmin edilmədiyindən, ərizəçi isə məcburi köçkün olmasına görə dövlət rüsumu ödəməkdən azad olunduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 01 yanvar 1977-ci il tarixdən 01 iyun 1993-cü il tarixədək Ağdam rayon Şərab zavodunda xadiməçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar