Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1790/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 nəfər yetkinlik yaşına çatmayan uşaqları 2005-ci il təvəllüdlü X2 və 2009-cu il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən 9 saylı yaşayış evinin 78 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən 9 saylı yaşayış evinin yaşayış sahəsi 29,2 kv.m. olan 2 otaqlı, 78 mənzilində uzun illərdir ki, yaşayır. Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 10.11.2000-ci il tarixdə həmin mənzilə dair onun adına ÖM seriyalı, 057669 saylı “Qeydiyyat vəsiqəsi" verilmiş və 1090 saylı reyestr kitabının 163819cu səhifəsində 30/23324 sayla qeydə alınmışdır. Həmin vaxtdan hal-hazıradək mənzildə tək yaşayır. Hazırda cavabdeh olan Cavabdeh onun nəvəsidir. O, 2019-cu ildə ondan xahiş etdi ki, onu 2 nəfər yetkinlik yaşlarına çatmayan uşaqları (2005-ci il təvəllüdlü X2 və 2009-cu il təvəllüdlü X1) ilə birlikdə mənzili olan ünvana 2 ay müddətində qeydiyyata düşmələrinə razılıq versin. Cavabdeh bunun səbəbini belə açıqladı ki, onlara şəxsiyyət vəsiqəsi almaq, uşaqları yaxın yerlərdə məktəbə qoymaq istəyir, bunun üçün isə bu ərazidə qeydiyyat lazımdır. 2019-cu ildə cavabdeh uşaqları ilə birlikdə mənzili olan ünvana qeydiyyata düşsələr də, mənzilinə köçməmişlər və hal-hazıradək başqa yerdə yaşayırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Belə olan halda məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən çıxış edərək hesab edir ki, hazırki halda cavabdeh iddiaçının iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə qeydiyyata alındığından, hazırda yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğundan hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Hazırkı qərardad iddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Bu baxımdan hesab edirəm ki, bu xarakterli müraciətlərə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq (İnzibati) məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən ödənilmiş 10,0 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1790/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1790/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver