Məhkəmə qərarları › İş №2(007)-1801/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1801/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1801/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon VVAQ şöbəsinin 28 noyabr 1990-cı il tarixli XV-ЖГ seriyalı 420804 saylı doğum haqqında şəhadətnaməsinə əsasən X5 onun atasıdır. Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinə əsasən ** RP *** dövlət nömrə nişanlı “QAZ-69” markalı avtomobil onun atasının adına qeydiyyatdan keçirilmişdir. AZ-J seriyalı 296035 saylı ölüm şəhadətnaməsinə əsasən atası 02 aprel 2008-ci il tarixdə dəqiqləşməmiş ürək dayanmasından ölmüşdür. Atasının ölümündən sonra o, anası və bacısı atasından miras qalmış avtomobilə sahiblik etmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Anası hazırda yaşı ilə əlaqədar avtomobilə sahiblik etmir, bacısı X10 miras qalan əmlakdan ona düşən paydan imtina etmişdir. Həmin avtomobil onun sahibliyindədir. Lakin miras əmlaka şəhadətnamə ala bilmir. Miras avtomobilə yeganə sahiblik edən odur. Bu səbəbdən o, mirasın qəbul edilməsi faktının müəyyən üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilərək, mərhum atası X1 miras qalmış ** RP *** dövlət nömrə nişanlı “QAZ-69” markalı avtomobilin miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs ünvan 1 ünvanlıyaraq qeyd etmişdir ki, Ərizəçi tərəfindən xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaklara Vərəsəlik işinin açılmasına dair təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığı və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin, Mülki Məcəlləsinin 1248-ci maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunanları nəzərə alıb, vərəsəyə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət elmək tövsiyyə edilmişdir. Göstərilənlərlə əlaqədar, məhkəmə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti bərpa etdiyi halda vərəsəlik işinin açılması və Vərəsəlik Hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Həmçinin, məhkəmədən mülki işə iş yükünün çoxluğu ilə əlaqədar olaraq keçiriləcək iclasa və növbəti iclarlara onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 52 saylı notariat ofisinin (kontorunun) notariusu rəsmi məktublarla müraciət edərək işin çoxluğunu nəzərə alıb, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri 52 saylı notariat ofisinin notariusunun xx.xx.2021-ci il tarixli 3033/2021 nömrəli məktubundan görünür ki, X5 2008-ci il tarixdə vəfat etmiş və miras əmlakı dövlət nömrə nişanı 10RP702 olan QAZ-69 minik markalı nəqliyyat vasitəsidir. Ərizəçi mirasın qəbulu faktını müəyyən olunması, mirasın qəbulu müddətinin bərpası üçün məhkəmədə müraciət etməsi izah olunmuşdur; -XV-ЖГ Seriyalı 420804 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1990-cı il tarixdə doğulmuşdur, atası X5, anası X6r; -AZ-İ Seriyalı 296035 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 11 mart 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 aprel 2008-ci il tarixdə 243 nömrə ilə qeyd edilmişdir; - X10 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. - X9 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, 11 mart 2008-ci il tarixdə vəfat etmiş miras qoyan əri X2 qalmış miras əmlakdan ona çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmiş, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. - AA 787702 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 1969-cu il buraxılışlı, 10RP702 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi NOMR-Z, ban nömrəsi NOMR-Z olan "QAZ 69" minik markalı avtomobil X3 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olundu ki, 11 mart 2008-ci il tarixdə ölmüş X1 1969-cu il buraxılışlı, 10RP702 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi NOMR-Z, ban nömrəsi NOMR-Z olan "QAZ 69" minik markalı avtomobil miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsələri hazırkı Ərizəçi, X10 və X9 olmuşdur. Ərizəçi maraqlı şəxs xx.xx.2021-ci il tarixdə Maraqlı şəxsna müraciət edərək mərhum atasında məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür, miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı, mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X4 11 mart 2008-ci il tarixdə ölməsi ilə onun mülkiyyətində olan 1969-cu il buraxılışlı, 10RP702 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi NOMR-Z, ban nömrəsi NOMR-Z olan "QAZ 69" minik markalı avtomobil onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan qızı Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçi atasının vəfatından sonra əmlakı faktiki idarə etmişdir. Mərhumun digər vərəsələri olan X10 miras əmlakından imtina etmiş və X9 isə miras qalmış əmlakı faktiki olaraq qəbul və idarə etmədiyini göstərmişdir. Ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi 11 mart 2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakı - 1969-cu il buraxılışlı, 10RP702 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi NOMR-Z, ban nömrəsi NOMR-Z olan "QAZ 69" minik markalı avtomobili - qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 11 mart 2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakı - 1969-cu il buraxılışlı, 10RP702 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi NOMR-Z, ban nömrəsi NOMR-Z olan "QAZ 69" minik markalı avtomobili - qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar