Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-181/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun Bakı şəhəri, Nizami rayonunun, M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilinə istifadə hüququnun təmin edilməsi və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzili 101500 nömrəli, 20.07.1971-ci il tarixli orderlə onun X1nın ailə üzvlərinin istifadəsinə verilmişdir. 10.12.2005-ci il tarixdə mənzil anasının və digər ailə üzvlərinin yazılı razılığına əsasən nənəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. X1 ailə həyatı quranadək həmin mənzildə yaşamışdır. O, anası ilə həmin mənzilə mütəmadi olaraq gedib-gəlmişlər. Qısa müddətli nikahdan sonra anası ilə mübahisəli mənzilə gəlmişlər. Nənəsi və digər cavabdeh dayısı Cavabdeh2 onların mənzilə gediş-gəlişinə maneə olurlar. Onun mənzildə yaşamaq hüquqlarını məhdudlaşdırır. Cavabdeh2 ona və anasına xəsarət yetirmiş, onun barəsində hazırki məhkəmədə araşdırma gedir. Valideyininin ailə üzvü kimi həmin mənzildə yaşayır və istifadə hüquqları vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, X1 1992-ci il tarixdə ailə həyatı quraraq Sabunçu rayonunna qeydiyyata düşmüşdür. 2000-ci ildən anası atasından ayrılaraq onunla birlikdə ata evinə qayıtmışdır. Həmin vaxtdan faktiki mübahisəli mənzildə yaşayırlar. Atası onlara 4000 vəsait göndərmişdir ki, dayısı həmin pula onlara ev alsın. Lakin onlara mənzil alınmamışdır. 2005-ci il tarixdən anası ilə birlikdə onlar mübahisəli mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxtdan orada yaşamışlar. Lakin son günlər dayısı ilə aralarında mübahisə yaranmış, dayısı ona 24.07.2021-ci il tarixdə xəsarət yetirmiş və onlar məcbur olaraq evdən çıxmışlar. Onun başqa yaşayış yeri yoxdur. Hazırda anası ilə kirayədə yaşayırlar. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 28.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.08.2005-ci il tarixdən Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilində qeydiyyatdadır. - 83 saylı MKTB-nin 22.11.2021-ci il tarixli, 1349 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonunun, M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilində qeydiyyatdadır. - 83 saylı MKTB-nin 22.11.2021-ci il tarixli 1350 saylı arayışından görünür ki, X4 Bakı şəhəri Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilində qeydiyyatdadır. - 101500 nömrəli 20.07.1971-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonunun, M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzili X6 verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 22.02.2005-ci il tarixli, 21\2 saylı Sərəncamının surətindən görünür ki, X5 ölümü ilə əlaqədar Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilin icarədarı Cavabdeh1 hesab edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı, 25266132 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Cavabdeh2 İddiaçı sağlamlığına yüngül yüngül zərər vurmaya aid olan xəsarət yetirməsinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qərarının sürətindən görünür ki, Cavabdeh2 barəsində amnistiya tətbiq edilərək o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilİ Cavabdeh1 məxsusdur. İddiaçı 27.08.2005-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Hazırda İddiaçı mübahisə zəminində mənzildən çıxmaq məcburiyyətində qalmasını və başqa yaşayış yeri olmamasını əsas gətirərək həmin mənzilə istifadə hüquqlarının təmin olunması və mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri iddiaçı X3 mübahisəli mənzildə qeydiyyata alındığı zaman, yəni 2005-ci ildən yarandığına görə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 28.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.08.2005-ci il tarixdən Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, hazırda o, sözügedən mənzilə köçə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilinə olan istifadə hüquqları tanınmalı və o, həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonunun M.X.Şərifli küçəsində yerləşən 4A saylı evin, 43 saylı mənzilinə istifadə hüquqları tanınsın və o, həmin mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-181/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-181/2022
27.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver