Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1827/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli 92 mənzilli yaşayış binasının sökünlüsü nəzərdə tutulmuş və həmin binada mülkiyyətində olan 4-cü mərtəbədə yerləşən 57-ci mənzilin söküntüdən sonra həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilən ümumi sahəsinə 25% əlavə edilməklə təmirli mənzili ona təhvil verməyi "xxxx" MMC öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndində göstərilənlərə əsasən, mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil vermişdir. Qeyd olunan müqavilənin 2.1.2-ci və 2.2.3-cü bəndlərinə əsasən "xxxx" MMC tərəfindən binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün 300 manat kirayə haqqı ödənişi hər ayın 5-də ödənilməlidir. O cümlədən, müqavilənin 2.2.5-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 16 ay müddətinə tamamlanmalı və müqavilə şərtlərinə əsasən mənzil təmir olunub ona təhvil verilməlidir. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən müqavilədə göstərilən müddət ərzində yeni binanın tikintisi və mənzilin təmiri başa çatdırılmamış, həmçinin, müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də ödənilməli olan ödəniş son illərdə vaxtında ödənilməmişdir. Bununla bağlı özünü qeyd olunan şirkətin rəsmi nümayəndəsi kimi təqdim edən Əliyev Rauf adlı şəxslə dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra bir neçə ay ödənişlər aparılmış, lakin sonradan həmin şəxs telefonlara cavab vermədiyi üçün qeyd olunan problemin həlli mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC-nin ünvan 1 ünvanda) yerləşən ofisinə dəfələrlə yaxınlaşmağına baxmayaraq, ofisin qapısı hər dəfə bağlı olmuş, buna görədə MMC-nin hər hansı bir nümayəndəsinə tələbini şifahi olaraq bildirə bilməmişdir. Beləliklə, müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də ödənilməli olan və 2 otaqlı mənzil üçün nəzərdə tutulmuş 300 azn məbləğində kirayə ödənişi 2020-ci il üzrə 2 ay, 2021-ci il üzrə 6 ay, 2022-ci il üzrə 12 ay, 2023-cü il ərzində isə 5-ci ay olmaqla ümumilikdə 7500 AZN məbləğində ödəniş indiyədək ödənilməmiş qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulan müddətdə yeni binanın tikintisini və mənzilin təmirini başa çatdırmamaqla bərabər, tikinti müddətində və həmin müddətdən əlavə uzadılmış aylarda nəzərdə tutulan ödənişi ödəməkdən boyun qaçırmışdır. Buna görə də məcbur olub mübahisənin məhkəmə qaydasında həlli ilə əlaqədar müraciət edir. Göstərilənlərə əsasən, 12 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən binanın söküntüsündən sonra müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də ödənilməli olan və 2 otaqlı mənzil üçün nəzərdə tutulmuş 300 azn məbləğində kirayə ödənişinin 2020-ci il üzrə 2 ay, 2021-ci il üzrə 6 ay, 2022-ci il üzrə 12 ay, 2023-cü il ərzində isə 5-ci ay olmaqla ümumilikdə 7500 AZN məbləğində ödənişin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 12 iyul 2016-cı il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən binanın söküntüsündən sonra müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də ödənilməli olan və 2 otaqlı mənzil üçün nəzərdə tutulmuş 300 azn məbləğində kirayə ödənişinin 2020-ci il üzrə 2 ay (avqust (xx.xx.2021-ci il tarixdə əlavə olaraq 1 ay ödənilmişdir)), oktyabr və noyabr)-600 manat, 2021-ci il üzrə 6 ay (yanvar, mart, aprel, iyun, iyul, dekabr)-1800 manat, 2022-ci il üzrə 12 ay- 3600 manat, 2023-cü il ərzində isə 8ci ayadək 2400 manat olmaqla ümumilikdə 8400 manat məbləğində ödənişin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi, əlavə olaraq məhkəmə xərclərinin də cavabdehdən tutulmasını, bu barədə ərizə verdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 53.4 kv.m (42.7 kv.m +25% (10.67)=53.4 kv.m) təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.2-ci bəndinə əsasən, MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 96 manat dövlət rüsumu ödəmişdir. - "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan və həmin pretenziyanın çatdırılmasını təsdiq edən ********* nömrəli, xx.xx.2023-cü il tarixli poçt qaiməsindən görünür ki, cavabdehdən ödənilməmiş kirayə haqqını iddiaçının kart hesabına ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan pretenziya həmin tarixdə cavabdehə çatdırılmışdır. - Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-də İddiaçı məxsus kart hesabından çıxarışlarla, cavabdeh tərəfindən iddiaçıya 2020-ci il üzrə 2 ay (avqust (xx.xx.2021-ci il tarixdə əlavə olaraq 1 ay ödənilmişdir)), oktyabr və noyabr)-600 manat, 2021-ci il üzrə 6 ay (yanvar, mart, aprel, iyun, iyul, dekabr)-1800 manat, 2022-ci il üzrə 12 ay- 3600 manat, 2023-cü il ərzində isə 8-ci ayadək 2400 manat olmaqla ümumilikdə 8400 manat kirayə haqqının ödənilməməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 saylı evin 2 otaqlı 57 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 53.4 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqaviləyə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü, bu səhədə yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan binada yaşayan sakinlərə təmirli mənzillərin verilməsi məqsədi ilə onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən mənzili cavabdehə təhvil versə də, cavabdeh bu məsələnin hüquqi nəticələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilədə razılaşdırılmış qaydada mənzilinin iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun olaraq təhvil verilməsi və cavabdehin bunun müqabilində müqavilədə qeyd edilmiş məbləği ödəmədiyi və yeni mənzillə təmin etməsi barədə öhdəliyini icra etməməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə sifarişli-xəbərnaməli poçt bildirişi ilə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 92 nömrəli mənzili yaşayış binasının söküntüsündən sonra müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də 300 manat olmaqla ödənilməli olan kirayə ödənişinin- 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənilməmiş 600 manat, 2021-ci ilin yanvar, mart, aprel, iyun, iyul və dekabr ayları üzrə 1800 manat, 2022-ci ilin 12 ayı üzrə 3600 manat və 2023-cü ilin yanvar ayından avqust ayının 5-dək ödənilməmiş 2400 manat olmaqla, ümumilikdə 8400 manat məbləğində ödənilməmiş pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq, İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli, 92 nömrəli mənzili yaşayış binasının söküntüsündən sonra müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də 300 manat olmaqla ödənilməli olan kirayə ödənişinin- 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənilməmiş 600 manat, 2021-ci ilin yanvar, mart, aprel, iyun, iyul və dekabr ayları üzrə ödənilməmiş 1800 manat, 2022-ci ilin 12 ayı üzrə ödənilməmiş 3600 manat və 2023-cü ilin yanvar ayından avqust ayının 5-dək ödənilməmiş 2400 manat olmaqla, ümumilikdə 8400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1827/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1827/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver