Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1846/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativi cavabdehlər X3, X17, X18, X6, X25 və Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56 kv.metr 2 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X11 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.metr 4 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X9 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.metr 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X5 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,8 kv.metr 9 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, cavabdeh X19 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,8 kv.metr 12 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,5 (artırma ilə 93) kv.metr 22 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçünİddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilib. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MTK-ya həvalə edilib. Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitib, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdır, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, armatur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizamı, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin toıpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Bu və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaldıblar. Cavabdehlər ilə dəfələrlə danışıqlar aparılıblar, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilib. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməyib. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinib və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçüblər. Hazırda cavabdehlər yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanıb, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı o mayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlayıb, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısı sökülüb, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə İddiaçı MTK həmin ünvanda insa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kv.metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün İddiaçı MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər mənzildən müvəqqəti çıxarılmalıdır. Cavabdehin Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, iddiaçının Cavabdeh qarşı iddia tələbi aşağıdakı səbəblərlə qanunsuz və əsassızdır: 1. İddiaçı şirkət qeyd edilən ərazidə tikinti aparılması üçün Azərbaycan Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsindən müvafiq icazəni almayıb; 2. İddiaçı şirkət hazırkı idddia ərizəsində qeyd etdiyi layihəni icra etməyə yetərli maliyyə vəsaitinə, texniki və insan resurslarına malik deyil, qeyripeşəkarcasına idarə edilir, sökülməsi istənilən ərazidə yaşayan sakinlərə qarşı qanunsuz təzyiqlər göstərilir, o cümlədən gecə vaxtı söküntü işləri aparılır, şirkətin qanunsuzluğu, özbaşınalığı səbəbindən əraziyə narkotik maddə istifadəçilərinin cəmlənməsi müşahidə edilir, evlərindən köçməyən sakinlərə elektrik enerjisinin verilməsi qanunsuz dayandırılır və sair zorakı, özbaşına, hüquqa zidd hərəkətlərlə insanların mülkiyyət hüququna şirkət tərəfindən qəsd edilir; 3. İddiaçı şirkət iddia edir ki, guya hər şeyi düz edir, lakin şirkət sakinlərə imzalamağı təklif etdiyi müqavilə üzrə öz öhdəliklərini icra etməsinin təminatı (zaminlik, girov yaxud bank qarantiya məktubu və s.) nəzərdə tutulmayıb. İddiaçı şirkət 5- 10 aydan sonra öhdəliklərini icra etmədiyi təqdirdə, cavabdehin ziyanını kimlər və hansı məbləğdə ödəyəcəklər heç kimə məlum deyil. Belə çıxır ki, İddiaçı MTK hansısa səbəbdən öhdəliklərini icra etmədiyi təqdirdə, cavabdeh işini-gücünü atıb, səfil-sərgərdan olub, ziyanının ödənilməsi üçün məhkəmələrə, dövlət qurumlarına müraciətlər etməlidir. Sual olunur ki, niyə? İddiaçı şirkət xeyriyyə təşkilatı deyil, bu layihələrdən pul qazandığı mübahisəsizdir. Belə olan halda, şirkət cavabdehin risklərinə görə müvafiq təminatlar təqdim etməlidir. Misal üçün, şirkət öhdəliklərini icra etmədiyi yaxud lazımınca icra etmədiyi təqdirdə, cavabdehə dəymiş ziyanının ödənilməsi barədə bank qarantiya məktubu verməlidir. İddiaçı biznes qurumudur və biznes qaydalarına uyğun vicdanla hərəkət etməlidir. Görüldüyü kimi, şirkətin adi biznes risklərinin idarə edilməsi və sığortalanması barədə səriştəsiz hərəkət etməsi faktdır. Belə olan halda, cavabdehdən hər hansı bir şəkildə sahib olduğu əmlakın əvəzləşdirilməsini sökülməsi və s. kimi riskli hərəkətlər etməsini tələb etmək əsassız və qanunsuzdur; 4. İddiaçının iddia tələbində istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamında daşınmaz əmlakıln mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əsasında mülki münasibətlərin tənzimlənməsindən bəhz edilir. Yəni, iddiaçı özbaşınalıq edə bilməz, zorla cavabdehi evdən çıxarda bilməz, hətta bu barədə iddia ərizəsi verməsi də qanun pozuntusudur; 5. İddiaçı tərəfindən iddia tələbində istinad edilən, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlikəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli "Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə rəy" isə qanunsuz və əsassızdır. Hüquqlarının müdafiə etdiyi Cavabdeh məxsus mənzil monolit olub, stalinka tiplidir və çox sağlam binadır. FHN TTNDA qeyd edilən rəyi verərkən, günün hansı saatında, hansı ölçmələri aparıb, hansı texnika və avadanlıqdan istifadə edib ki, heç bir sakinin bundan xəbəri olmayıb? Rəyin gizli tərtib edilib, sakinlərdən gizlənməsi onu deməyə əsas verir ki, FHN TTNDA-nın xx.xx.2021-ci il tarixli "Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə rəy"i şirkətin qanunsuz kənar müdaxiləsi nəticəsində və hətta ola bilsin ki, qanunsuz maraqlar naminə tərtib edilib; 6. Bu günədək iddiaçı Cavabdehla normal ünsiyyət qurub, ağlabatan, məntiqli real təkliflə gəlməyib, əksinə davamlı bildirirlər ki, məhkəmənin nəticəsi məlumdur, “sakinlər küçəyə atılacaqlar”, “uduzacaqlar”; 7. Sadalananlara əsasən, bir daha vurğulamaq istəyir ki, şirkət, guya ona tapşırılmış Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların sakinlərinin qarşılıqlı razılıq əsasında köçürülməsi işini həyata keçirmək istəmir, əksinə, hər cür üsulla, o cümlədən administrativ resurslardan qanunsuz istifadə edərək, sakinlərin əmlakını ucuz qiymətə alıb, yüksək məbləğlərdə qazanc əldə etmək məqsədi ilə hərəkət edir. İddia tələbi, tam qanunsuz və əsassızdır, iddia tələbinin əsas məqsədi şirkətin, cavabdehin əmlakını ədalətsiz dəyər-dəyməzə əldə etməsidir. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizələrinə əsasən X6 cavabdehlər siyahısından çıxarılmış və cavabdeh X1 Samir Yunisoviç ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin müraciətinə əsasən X4, X20, X10 və X14 cavabdehlər siyasından çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunmayıb. Onlara iki ədəd 3 otaqlı təmirli mənzil təklif edilib. Onların mənzilinin sahəsi 94 kv.metrdir, həmçinin qarajları var. Bundan başqa, onlara hissə-hissə ödənilməklə 400000 manat təklif edilir. Onlar yeni mənzilin tikintisini deyil, yeni mənzil alınıb verilməsini istəyirlər. Onlar mənzil tapıblar, lakin satıcılar mənzilin dəyərinin hissə-hissə ödənilməsi ilə razı olmurlar. İddiaçının təklif etdiyi məbləğ onları qane etsə də, ödənişin hissə-hissə 6 ay ərzində edilcəyinə inamı yoxdur. Başqa sakinlərə mənzil alınıb verilib. Binada söküntü işləri aparılsa da, onun mənzilində bərpa işləri aparıla bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mülkiyyətçinin hüquqları pozulub, cavabdeh ailə üzvləri ilə birlikdə mənzilindən qanunsuz olaraq çıxarılıb. İddiaçı tərəf bunu bildiyi üçün cavabdehin təklifləri ilə razılaşmırlar. Dəfələrlə vurğulanır ki, digər sakinlərin hüquqları pozulur, lakin bir vətəndaşla razılıq əldə edə bilməyən MTK, necə vətəndaşların hüquqlarının qorunmasını təmin edəcək. MTK-nın təminatı da yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 7-1440/17 nömrəli və “Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli 1/15 nömrəli müraciətləri əsasında "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin baş mütəxəssisi Əbülfət İmanov və aparıcı mühəndisi Vaqif Nağıyev tərəfindən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 120 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Rafiq Məmmədov və "Kursus-Nizami” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Mahir Mönsümovun iştirakı ilə yuxarıda adı qeyd olunan ünvandakı binalara vizual texniki baxış keçirərək aşağıdakıları müəyən etdilər: Sifarişçi tərəfindən torpaq sahəsinin yerquruluşu planı təqdim olunmuşdur. Binaların yerləşdiyi ərazi düzən relyeflidir. Ərazidə (Qara Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44, 46, Qara Qarayev prospektiinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Yaşayış binaları 3, 4, 5 girişli, zirzəmisizdir. 15 nömrəli binada 92 m2, 47/13 nömrəli binada 135 m2, 41 nömrəli binada 120 m2, 45 nömrəli binada 180 m2 zirzəmi sahəsi var. 5 mərtəbəli binaların uzunluğu 60,0 metr, eni 11,6 metr; uzunluğu 42,0 metr, eni 12,0 metr, 3 mərtəbəli binaların uzunluğu 54,0 metr, eni 14,4 metr, uşaq bağçasının uzunluğu 33,0 metr, eni 10,0 metrdir. Binaların mərtəbə hündürlüyü 3,0 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binaların yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir, örtüklər yığma dəmir-beton tavalardan quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondandır. Damlar bir neçə binalarda yastı formada yerinə yetirilmiş, yumşaq materialla örtülmüş və digər binalarda çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvanmışdır. Ərazidə yerləşən fərdi qarajlar, istirahət köşkləri, anbarlar və s. kiçik tikililər müxtəlif zamanlarda primitiv üsulla inşa olunmuşdur. Tikililərin divarları, damları və digər elementləri müxtəlifcinsli materiallardan yerinə yetirilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olundu. Döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcuddur. Dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdr. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olundu. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmişdir. Tikililər əsasən balkonların üstündə və baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Bu sahələrdə yükdaşıyan və qorjyucu elementlərin odadavamlılığı yetərli deyildir. Mühəndiskommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi səbəbindən istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış binalarının 1-ci mərtəbəsində və balkonlarında müxtəlif təyinatlar üçün əsaslandırılmadan uyğunlaşdırılmış yerləşgələr yaradılmışdır. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj, anbar və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Karkas sistemi müxtəlfcinsli materiallardan inşa edilmiş, yükdaşıyan elementlərin normalara uyğun birləşdirilməsi təmin edilməmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yuxarıda qeyd olunan çatışmazlıqlar konstruktiv elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığına mənfi təsir göstərmişdir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. - X16 ilə Cavabdeh arasında bağlanmış müqavilənin surətindən görünür ki, X16 ünvan 3 ünvanında yerləşən üç otaqlı mənzilini 6.000.000 manata Cavabdeh satmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən binanın bəzi mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh ilə razılığa gələ bilməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 2-ci bəndinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 3-cü bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o. mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12- ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunan məqsədlərin həyata keçirilməsi ilə bağlı tənzimləmələr ifadə olunmuş, lakin hazırkı mübahisənin hüquqi əsasını təşkil edə biləcək dəqiq qanuni tənzimləmə həmin Məcəllədə nəzərdə tutulmamışdır. Hazırda, iddiaçı iddia tələbini əsaslandırarkən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə istinad etmişdir. Lakin həmin rəydə yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsi isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Göründüyü kimi, qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı hüquqi tənzimlənmə müəyyən edilmişdir. Hazırkı iddia tələbi isə qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir və iddiaçı binanın qəzalı vəziyyətdə olması əsası ilə məhkəmədə iddia qaldıracaq subyeklər dairəsinə daxil deyil. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamının 1-ci bəndinə əsasən əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilindlə yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında heç bir razılıq əldə olunmamış, cavabdehin səlahiyyətli nümayəndələri onların iddiaçının təklifləri ilə razı olmadıqlarını qeyd etmişlər. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin cavabdehin hüquqlarına uyğunluğu müəyyən olunmur. İddia tələbinin əsaslandığı dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin cavabdehin istifadəsində olan yaşayış sahələrinin istismar müddətinin bitməsi, binanın vəziyyətinə dair mötəbər hesab ediləcək sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması davam etdiyi müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-16(007)-270/2024 nömrəli qərardadı ilə MTK-nın ərizəsi təmin olunaraq Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının əlavə tikililərlə birlikdə istismarının dərhal dayandırılması, bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının sakinləri binalardan və onların mənzillərindən köçürülməsi, həmin mənzillərin tam boşaldılması, binalara giriş qadağan edilməsi və binaların ətrafının şərti olaraq çəpərlənməsi və müvafiq xəbərdarlıq nişanları qoyulması, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının mövcud sakinlərinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin "xxxx" MTK-ya həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlı şəxslər X22, X8, X4, X21, Sevil Məmmədova, X24 və Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilərək, həmin qərardad ləğv edilmiş, "xxxx" Mənzil – Tikinti Kooperativinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardadda göstərilir ki, məhkəmə nəinki prosessual normaların tələblərinə riayət etməmiş, həmin binada yaşayan sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasının 29, 33 və 43-cü maddələri ilə nəzərdə tutulmuş mülkiyyət, mənzil toxunulmazlığı və mənzil hüquqlarını pozmuş, faktiki olaraq onları mülkiyyətlərində olan yaşayış sahəsindən məhrum etmişdir. Belə ki, qeyd edilən səbəblərdən cavabdehin mənzilində də söküntü işləri aparılmış, cavabdeh həmin hallara görə mənzildən istifadə edə bilmir, onun qanunla qorunun mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1846/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1846/2024
02.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver