Məhkəmə qərarları › İş №2(007)-1849/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1849/2025

12.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1849/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən başına gələn hadisə nəticəsində ona dəyən 10000 (on min manat) maddi və 25000 (iyirmi beş min manat) mənəvi ziyana görə təzminatın ona ödənilməsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində axşam saat təqribən yeddi radələrində evdə qazın limiti qutardığı üçün qaz kəsilmişdir. Qaz kartına qaz yükləmək üçün məhəllələrində yerləşən “OBA” marketə getmişdir. Marketin qarşısında olan piyada səkisi və maşın yolu OBA marketə aid olan ərzaq məhsulları ilə (dağınıq şəkildə) dolu olmuşdur. Marketə girmək üçün maşın yolundan keçmək mümkün olmadığı üçün (yolla gedən maşınların ardı kəsilmirdi) səkidən keçməyə qərar vermişdir. Səkidə ayağı yerə səpələnmiş məhsullara ilişib, başı təqribən yerdən 1.5 m məsafədə asılmış kondinsionerə dəymişdir. Bu zərbədən ani olaraq özünü itirərək yerə yıxılmışdır. Başından qan açılmışdır. Mağaza işçilərindən təcili tibbi yardım apteçkasını gətirib ona ilkin tibbi yardım göstərmələrini xahiş etmişdir. Onlar ona salfetka gətirərək apteçkanın olmadığını bildirmişlər. O isə spirtdən-zaddan bir şey istəmişdir. Onlar da dayı özün vurmusan başını deyərək gülməyə başlamışlar. Bu zaman o onlara qəti etirazını bildirərək “sizə kim icazə verib ki yolu və səkini zəbt eləmisiniz” demişdir. Ən azından bu kandisioneri bir az yuxarı asmaq olmazdı. Başına gələn bu hadisəyə görə qarşı tərəfdən ondan üzr istəmələrini istəmişdir. Bu barədə polisə şikayət edəndə də bildirmişdir. Lakin “OBA” market tərəfindən heç bir təşəbbüs edilməmişdir. Ona görə də bu hadisə barədə 102 və 103-ə məlumat vermişdir. Məlumat üçün bildirir ki, o, 3-cü qrup əlildir. Başına gedən qan dövranı 30-32 faiz çatışmır. İki ay yarım növbədən sonra xx.xx.2024-cü il tarixində mədə və bağırsaqdan əməliyyata getməli olduğu üçün xəstəxanaya getməkdən imtina etmişdir. 3 gün ərzində baş ağrılarından çox əziyyət çəkmişdir. Əməliyyata görə bu üç gündə heç bir ərzaq və dərman qəbul etməməli idi.

İş materialları :

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”ndən görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcəli əlildir.

4. “Bakı şəhəri Təcili və X3 Stansiyası” PHŞ Sahə həkiminin xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2024-cü il tarixdə saat 20:10-da Sabunçu şəhər şosesi döngə 5 ünvanına çağırış əsasında gəlmiş və xəstə İddiaçı yara yerinin təmizlənərək bantlanması müalicə tədbirini görmüşdür. Travmatoloq baxışı məsləhət görülmüşdür.

5. İş materiallarına iddiaçıya məxsus olan analiz nəticələri əlavə edilmişdir.

6. İş materiallarına 4 ədəd fotoşəkil əlavə edilmişdir.

7. İş materiallarına həkim tərəfindən iddiaçıya təqdim edilmiş eynək üçün resept əlavə edilmişdir.

8. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 49- 1/2-B-24659 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də İddiaçı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “X4” PHŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2025-xx.xx.2025-ci il tarixədək X1 stasionar reabilitasiya kursu keçmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, 2024-cü ilin dekabr ayının 11-i qaz sayğacının kartına pul yükləmək üçün aşağı düşmüşdür. Həmin vaxt Cavabdehin qabağında ərzaq məhsulları yığıldığı üçün yol tərəfidnən keçmək istəmiş, lakin maşınlar hərəkət etdiyindən, başı fırlandığından səkidən keçmək qərarına gəlmişdir. Səkidən keçəndə ayağı ilişib təqribən bir metr yarım yuxarıda olan kondisionerə dəymış və yıxılmışdır. Özünə gəldikdə başının qanadığını görmüşdür. Bu zaman marketin işçilərindən ilk yardım çantası tələb etmiş, onlar salfet gətirmişlər. Market işçilərindən aptekdən spirt almasını tələb etdikdə isə onlar gülməyə başlayıblar ki, özün yıxılıb başını vurubsan. Bu isə ona pis təsir edib. Belə ki, onun qonşular içərisində imici var. Həmçinin bildirmişdir ki, onun dəymiş 10000 manat ziyanla bağlı rəsmi sübutu yoxdur. Başında olan ağrılar ilə bağlı Şəkidə Əlillərin reabilitasiya mərkəzində olmuşdur. O keçən ildə başqa reabilitasiya mərkəzində olmuşdur. Reabilitasiya mərkəzinə onu əlil olduğu üçün müraciəti əsasında pulsuz göndərirlər. Bu hadisə nəticəsində baş ağrıları daha da atmışdır. Onda qan dövranı 32 faiz çatmır. Ona görə də müvazinətini itirir. O dərmanlara 86 manat vəsait xərcləmişdir. Lakin rəsmi əlində qəbzi yoxdur. Həmçinin qeyd etmişdir ki, hadisə nəticəsində onun başından zədə alması ilə bağlı yeganə sübutu Təcili Tibbi yardımın verdiyi sənəddir. Belə ki, həkim tərəfindən travmatoloq yoxlanışı məsləhət bilinsə də, o 14-ü mədə-bağırsaqdan əməliyyat olmalı olduğundan və 3 gün müddətində dərman, qida qəbul etməməli olduğundan travmatoloq yoxlanışına getməmişdir. Çünki mədə-bağırsaq əməliyyatı olması üçün həkim ona bildirmişdir ki, bağırsaqları boş olmalıdır ki, əməliyyat edə bilsinlər. Bu səbəbdən o 11-i dərman qəbul etmişdir. Bildirmişdir ki, o, əsəblə bağlı həmişə müalicə almışdır. Başı dəyəndən sonra isə ağrıları çoxalmışdır. Həmçinin hər iki gözündə görmə qabiliyyətində zəiflik olduğu üçün əməliyyat olmalıdır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

18. İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı olan 35000 manat pul vəsaitinin tutulması tələbi 2 əsas ilə irəli sürülmüşdür:

1. Dəymiş maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin tutulması;

2. Dəymiş mənəvi zərərin əvəzi olaraq 25000 manat məbləğində pul vəsaitinin tutulması; İddia tələbinin dəymiş maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissəsi ilə bağlı:

19. İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı “dəymiş maddi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin tutulması”na dair iddia tələbi cavabdeh tərəfindən marketin giriş hissəsində olan səkinin müxtəlif ərzaq məhsulları ilə doldurulması nəticəsində onun ayağının həmin ərzaq məhsullarına ilişərək yıxılması, yıxılarkən başının yerdən təxminən 1.5 mettr məsafədə asılmış kondisionerə dəyməsi nəticəsində onun sağlamlığına ziyan dəyməsi ilə əsaslandırılmışdır.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

21. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

22. Hazırki mülki iş üzrə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallara əsasən iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin mülki hüquq pozuntusuna dair normaları nəzərdən keçirilməli və iddiaçının bildirdiyi iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmadığı yoxlanılmalıdır.

23. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

24. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

26. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

27. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

28. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

29. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə Cavabdeh MMC tərəfindən marketin qarşısında olan səkidə ərzaq məhsullarının yerləşdirilməsi nəticəsində ayağının ilişərək yıxıldığını və nəticədə onun sağlamlığına zərər dəydiyini bildirsə də, qeyd edilən hallar iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.

30. Yəni mülki iş üzrə iddiaçının sağlamlığına zərər dəyməsi, zərərin Cavabdeh MMC tərəfindən vurulması, cavabdehin təqsiri, dəmiş zərərin miqdarına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

31. Hazırki mülki işin müəyyən edilmiş halı odur ki, xx.xx.2024-cü il tarixdə saat 20:10da Sabunçu şəhər şosesi döngə 5 ünvanına çağırış əsasında TTTY gəlmiş və xəstə İddiaçı yara yerinin təmizlənərək bantlanması müalicə tədbiri görülmüş, daha sonra isə travmatoloq baxışı məsləhət görülmüşdür. Lakin iddiaçı xəstəxanaya müraciət etməmiş, yoxlanışdan keçməmişdir.

32. İddiaçı tərəfindən həmin tarixdə yıxıldığı və yıxılması nəticəsində baş ağrılarının artması, bununla əlaqədar müalicə olunduğu bildirilsə də, qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

33. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən iş materiallarının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilən sənədlər iddiaçıda artıq mövcud olmuş xəstəliklərlə əlaqədar aparılmış müalicəyə dair sənədlərdir. Yəni həmin tarixdə yaralanması ilə əlaqədar müalicə olunmasına dair sübut təqdim edilməmişdir. İddiaçı baş ağrıları ilə əlaqdar reabilitasiya mərkəzində müalicə olunduğunu bildirsə də, müəyyən edilmişdir ki, iddiaçı xəstəliyi ilə əlaqədar keçən il də reabilitasiya mərkəzində müalicə kursu kemişdir. Yəni iddiaçının reabilitasiya mərkəzində keçdiyi müalicə kursu iddiaçının öz izahatına əsasən müəyyən olunmuşdur ki, onun əlilliyi ilə əlaqədar olmuşdur.

34. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçının cavabdehə məxsus olan obyektin qarşısında ərzaq məhsullarının yerləşdirilməsi nəticəsində yıxılaraq sağlamlığına zərər dəydiyini hesab etsək belə, işin araşdırılan halları ilə iddiaçının sağlamlığına cavabdehin hüquqazidd əməli, təqsiri nəticəsində zərər dəydiyi, o cümlədən iddiaçının sağlamlığına 10000 manat məbləğində zərər dəyməsi (ümumiyyətlə maddi zərərlə bağlı heç bir sübut yoxdur) müəyyən edilməmişdir.

35. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, həmin ayın 14-ü tarixində mədə-bağırsaq əməliyyatı olacağı üçün qida qəbuluna diqqət etmiş, həmçinin dərman qəbul etmişdir. Həmçinin bildirmişdir ki, onun görmə qabiliyyətində zəiflik var və qan dövranı isə 32 faiz çatmır. Belə olan halda qeyd edilən hallar onun müvazinətini itirərək yıxılmasına səbəb olan amillər kimi qiymətləndirilə bilər.

36. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

37. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

40. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

41. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. 42 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

43. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən, iş üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hala dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin oluna bilməz.

İddia tələbinin dəymiş mənəvi zərərin əvəzi olaraq 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsi :

44. İddiaçı tərəfindən iddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsi o yıxılarkən cavabdehin işçilərinin ona gülməsi, ona kömək etməməsi nəticəsində onun qonşular içərisində olan imicinin sarsılması ilə, o cümlədən 3 gün müddətində baş ağrıları çəkməsi ilə əsaslandırılmışdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

46. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

47. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cavabdehin hüquqazidd, təqsirli əməli nəticəsidnə ona zərər dəydiyi sübuta yetirlmədiyindən, iddia tələbinin “mənəvi zərərin tutulması”na dair hissəsi də təmin edilə bilməz.

Məhkəmə xərcləri :

48. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə görə əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

49. Məhkəmə qeyd edir ki, belə olan halda iddia tələbi təmin edilmədiyindən iddiaçının ödəməkdən azad edildiyi məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

50. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-dən 10000 manat məbləğində maddi ziyan və 25000 manat məbləğində dəymiş mənəvi ziyanın tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh MMC-dən 10000 manat məbləğində maddi ziyan və 25000 manat məbləğində dəymiş mənəvi ziyanın tutulmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar