Məhkəmə qərarları › İş №2(007)-1863/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1863/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1863/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Gürcüstan Respublikasının vətəndaşı X1 birgə yaşayış dövründə xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ev şəraitində oğlan uşağı doğması faktının və onun həmin uşağın atası olmağının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırda ərizəçi həm doğum faktının, həm də atalığın müəyyən olunmasını məhkəmədən tələb edir. Hansı ki, qanunvericiliyin tələblərinə əsasən doğum faktı xüsusi icraatda baxılmalı olduğu halda, atalığın müəyyən olunması ata sağ olduqda iddia icraat qaydasında baxılmalıdır. Hazırkı halda ərizəçi belə tələbləri birləşdirdiyi üçün ərizənin məhkəmə icraatı mümkün deyildir, ona görə geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə bildirir ki, Ərizəçi X2 atası olması müəyyən edildikdən və məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra X2 doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad Ərizəçi tərəfindən ödənilmiş 100,0 manat (Şəxsiyyət vəsiqəsinin Fini: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: xx.xx.2023-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar