Məhkəmə qərarları › İş №2(007)-1872/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1872/2025

08.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1872/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin tutulması”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Rüstəm oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4896 (dörd min səkkiz yüz doxsan altı) AZN və mənəvi zərər görə 1000 (bir min), cəmi 5896 (beş min səkkiz yüz doxsan altı) AZN tutulub ona verilməsi barədə qotnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdən "xxxx" şirkətində sürücü vəzifəsində işləyir. 06 yanvar 2025-ci il tarixdə OT2NHPG000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllənin 68.2-ci maddəsinin "a" maddəsinə əsasən xitam verilərək, onu işdən azad ediblər. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə baxmayaraq, sonuncu ilə işlədiyi bütün dövr ərzində, o, iş vaxtından artıq saatlarda işləyib. Orta hesabla, bazar günlərini çıxmaq şərtilə, gündə 4 saat artıq işləyib. Bu faktları məhkəmədə şahid qismində, onunla birlikdə işləmiş şəxslər də təsdiq edə bilərlər, çünki onlar da bu cür istismara məruz qalıblar. Bundan başqa, iş qaydalarına uyğun olaraq o, hər işə girib çıxdığında, barmaq izləri üzrə qeydiyyat aparılırdı. Cavabdeh bu barədə məhkəməyə daha aydın məlumat verə bilər. Bundan əlavə, cavabdehlə işlədiyi dövr ərzində yalnız 17 gün məzuniyyətdən istifadə edib və onunla son hesablaşma aparıldıqda ona məzuniyyət pulu ödənilməyib. Hesab edir ki, cavabdeh ona sutkada 4 saat artıq olmaqla, həftədə 24 artıq iş saatına görə hər saatı 2 AZN götürülməklə və işədiyi 24 ayı 102 həftə saymaqla, cəmi 4896 (dörd min səkkizyüz doxsan altı) AZN ödəməlidir. Bundan əlavə, cavabdehlə işlədiyi müddətdə ondan asılı vəziyyətdə olmağı səbəbindən hüquqlarını qoruya bilmədiyim üçün mənəvi zərərə məruz qalıb və buna görə də, cavabdehdən ona dəyən mənəvi zərərə görə əlavə olaraq 1000 (bir min) AZN məbləğində təzminat tələb edir. Belə ki, rəhbərlik işçilərindən olan Şahid, Ramin Hüseynov, təftişçilər Ramin Behbudov və Kamran, nəzarət kamerası otağının əməkdaşı Vüsal adlı şəxs heç bir sübutları olmadan onu şərləyərək, oğurluqda ittiham edirdilər. Yuxarıda qeyd etdiyi hadisələrlə bağlı onda videogörüntülər mövcuddur. Bu barədə dəfələrlə rəhbərliyə şikayət etsə də, onlara qarşı heç bir tədbir görülmürdü. Qeyd etdiyi şəxslər bir çox sürücünü şərləyərək işdən çıxarılmasına səbəb olublar. Belə olan şəraitdə, hər zaman şərlənmə təhlükəsi ilə üz-üzə qalaraq o, məcburi olaraq, öz ərizəsi ilə işdən ayrılmalı olub.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 25 oktyabr 2022-ci ildə cavabdeh müəssisədə əmək fəaliyyətinə başlayıb. 06 yanvar 2025-ci ildə əmək müqaviləsinə xitam verilib. O, cavabdeh müəssisədə iş saatından 4 saat əlavə işləyib lakin buna görə ona əlavə əmək haqqı ödənilməyib. Onu oğurluqda şərləyiblər. Bununla bağlı “102” qaynar xəttinə zəng edib, müraciəti əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə çağırılıb, araşdırma aparılıb və izahatı alınıb. Cavabdeh ona 856 manat son haqq-hesab ödəyib. X7 Xidmətinə şikayət edib. Son haqq-hesabı ona düzgün verilməyib. Cavabdeh müəssisədə hər ay əmək haqqından 10 faiz depozit saxlanılırdı, depozitdə olan həmin pul işdən çıxandan üç ay sonra ödənilirdi. O da işdən çıxandan üç ay sonra "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin İnsan resursları şöbəsinə gedib. Gündüz adlı və digər əməkdaşlar saxta sənədlər hazırlayıb, onun yerinə imza çəkib və pulunu mənimsəyiblər. Ona şirkətin müfəttişi kompüterdə sənədlər göstərərək əlavə borcunun olduğunu bildirib.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Rüstəm oğlu iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia əsassızdır. İddiaçı 9 ay müəssisədə işləyib, son haqq-hesab ödənilib. Şahidin ifadəsi:

5. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstəridi ki, o, Cavabdeh MMC-də şöbə müdiri vəzifəsində işləyir. O, iddiaçının əvəzinə heç bir sənədə imza çəkməyib.

İş materialları:

6. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, İddiaçı sürücü vəzifəsi üzrə işə qəbul edilmiş, Əmək müqaviləsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək bağlanmışdır. İşçiyə hər ay 545 manat məbləğində əmək haqqı ödənilir.

7. xx.xx.2025-ci il tarixli 050/KX saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh MMC-nin X2 Nəqliyyat Departamenti Bakı X3 yük avtomobil sürücüsü ştatında işləyənin əmək müqaviləsinə onun öz təşəbbüsü ilə işdən azad olunma xahişinə əsaslanaraq, son haqq hesabı ödənilməklə xx.xx.2025-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) xitam verilmişdir. Son haqq hesab: xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan iş dövrü üçün istifadə edilməmiş 10,40 təqdim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3- 17-5/2-A-7624/2025 saylı məktubdan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı iddiaçıya aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəflərindən Cavabdeh MMC-nin AZ1029, ünvan 2 ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-87585/2024 saylı məktub göndərilib. Göndərilmiş məktuba Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən xx.xx.2024-cü il 3-17-5/1-67814/2024 saylı məktubla xx.xx.2024-cü il tarixində cavab verilib. Təqdim olunmuş həmin məktuba, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sistemindəki məlumatlara və təqdim etdiyi bank hesabından çıxarışa əsasən onunla Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-cı il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və əmək müqaviləsinə xitam verilən gün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinin tələblərinə ((əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir)) uyğun olaraq son haqq-hesabın ödənildiyi müəyyən olunub. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş cavab məktubunda hər hansı cinayət əməlində ittiham olunması, ondan hər hansı vəsaitin tələb olunmasına və əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı ona hədə-qorxuların edilməsinin həqiqətə uyğun olmadığı, həmçinin, əmək şəraitinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edildiyi bildirilib. Nəzərə çatdırırlar ki, müraciətində qeyd etdiyi digər məsələlər X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Əlavə olaraq bildirirlər ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən ona aid sənədlər (iş vaxtinın uçotu cədvəlləri, əmək haqqının hesablanması və ödənilməsi sənədləri) tam təqdim olunmadığı üçün müraciətində iş vaxtından artıq saatlarda işləməyi ilə bağlı məsələyə münasibət bildirilməsi mümkün olmayıb. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

9. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/14/2025-00055 saylı “X4 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, X4 İddiaçı iştirak etsə də, cavabdehin nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən İMS xərci 50 manat, poçt xidməti xərcinə 10 manat ödənilmişdir.

10. "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı məxsus hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 856,39 manat son haqq-hesab köçürülmüşdür.

11. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından materal üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayət verilmiş şəxsə mülki qaydaa məhkəməyə müraciət etmək hüququları izah edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3509 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan sənədlərə əsasən rəyin tətqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumilikdə 856,39 manat məbləğində son haqq-hesab hesablanaraq ödənildiyi müəyyən olunur.

13. Məhkəməyə iddiaçı tərəfindən səs yazıları qeyd edilən bir ədəd disk təqdim edilmişdir.

İşin faktiki halı:

14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işlədiyi müəyyən olunur. Əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçının məzuniyyət günlərinin sayı 21 təqvim günü olmaqla əmək haqının vergilər daxil 545 manat məbləğində təşkil etdiyi və əmək müqaviləsinin şərtlərinə əsasən işçinin 3 növbəli iş rejiminə uyğun olaraq həftədə 40 saatda artıq olmayaraq işlədiyi müəyyən olunur. İddiaçı Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 050/KX saylı, xx.xx.2025-ci il tarixli əmrlə xitam verilib. Həmin əmrə əsasən iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək istifadə edilməmiş 10,40 təqdim günü məzuniyyət günləri qalıb. Hazırda iddiaçı tələbində bazar günü istisna olmaqla, hər gün 4 saat artıq işlədiyini və son haqq-hesab zamanı məzuniyyət haqqının ödənilmədiyini qeyd edərək, 4896 AZN pulun və mənəvi zərər görə 1000 (bir min) AZN vəsaitin onun xeyrinə tutulmasını xahiş edir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 83-cü maddəsinin 4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 90.1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 99.3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.

131. 1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarında 2022-ci ildən Cavabdeh MMC-də işlədiyini qeyd etsə də, həmin hal iş materialları ilə öz təqdiqini tapmayıb, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə, əmrə, iddiaçının əmək kitabçasının surətinə əsasən o, xx.xx.2024-cü ildə cəmiyyətdə sürücü vəzifəsində işə qəbul edilib və xx.xx.2025-ci ildə əmək müqaviləsinə xitam verilib.

20. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı olan iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi;

2. istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi;

3. mənəvi zərərin ödənilməsi. İddia tələbinin “iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı:

21. Hazırda İddiaçı Cavabdeh MMC-yə olan iddia tələbinin “iş vaxtından artıq işə cəlb etməyə görə əmək haqqının ödənilməsi” hissəsini gün ərzində orta hesabla 4 saat iş vaxtında artıq saatlarda işə cəlb edildiyini qeyd etmişdir.

22. Əmək qanunvericiliyinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.

23. Qanunvericinin iş vaxtından artıq işə verdiyi anlayışdan görünür ki, iş vaxtından artıq iş işçi tərəfindən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının işəgötürənin əmri və işçinin razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilmiş iş vaxtından artıq iş vaxtı ərzində yerinə yetirməsidir.

24. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh MMC MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini iddia etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

25. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi ilə bağlı sübut qismində məhkəməyə şahid ifadəsi təqdim edilmişdir. Lakin məhkəmə iclasında dindirilən şahid həmin halı təsdiq etməmişdir.

26. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları ilə müəyyən edilir ki, o, müxtəlif şəxlərlə söhbət aparmış və “Ramil” adlı şəxs tərəfindən barəsində tərtib edilmiş aktların onun tərəfindən imzalanmadığını qeyd etmişdir. Lakin həmin səs yazılarının hazırki mülki işə aidiyyəti müəyyən edilməyib, belə ki, məhkəməyə iddiaçı barəsində, onun tərəfindən şirkətə maddi ziyan vurulması ilə bağlı və ya vurulmuş ziyanla əmək haqqının əvəzləşdirilməsi ilə bağlı heç bir sübut təqdim edilməyib. İddiaçı tərəfindən onun oğurluqda ittiham olunaraq, malların dəyərinin əmək haqqından tutulması ilə bağlı Sabunçu RPİ 14-cü Polis Şöbəsinə şikayət ünvanlansa da, cinayət işinin başlanması rədd edilmişdir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

28. Ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə işəgötürən tərəfindən ondan istirahət vaxtı və ya iş vaxtından sonra əmək funksiyasını icra etməsini tələb etməsini təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, iddiaçının istirahət vaxtı, iş vaxtından sonra iş vaxtından artıq işləməsi üçün işəgötürənin müvafiq əmri (sərəncamı) və onun razılığı olmalıdır. Ancaq hazırki mülki iş üzrə nə işəgötürənin belə bir qərarı, nədəki iddiaçının buna razılığı müəyyən olunmamışdır.

29. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

30. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Odur ki, İddiaçı tərəfindən onun istirahət vaxtı və iş vaxtından sonra işəgötürən tərəfindən iş vaxtından artıq işə cəlb edilməsi sübuta yetirilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. İddia tələbinin “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi” hissəsi ilə bağlı:

32. İddiaçı iddia tələbinin hazırki hissəsini işlədiyi müddət ərzində 17 gün əmək məzuniyyətində olduğunu, qalan müddət üçün ona məzuniyyət pulu ödəmədiyini qeyd etmişdir.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci ildə iddiaçıya 856,39 manat məbləğində son haqq-hesab köçürülüb. Məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3509 nömrəli rəyinə əsasən İddiaçı Cavabdeh MMC tərəfindən 457,80 manat məbləğində əmək haqqı, 54,73 manat məbləğində mükafat və istifadə edilməmiş 10,40 təqvim günü məzuniyyət günləri üzrə 450,20 manat məbləğində kompensasiya olmaqla, ümumilikdə 962,73 manat məbləğində son haqq-hesab hesablandığı müəyyən olunur. Hesablanmış son haqq-hesabdan məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin ümumilikdə 856,39 manat məbləğində təşkil etdiyi və iş materiallarında olan bank çıxarış məlumatlarına əsasən həmin məbləğin İddiaçı əmək haqqı üzrə bank hesabına xx.xx.2025-ci il tarixədə köçürüldüyü müəyyən olunur.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Göründüyü kimi iş materialları və ekspert rəyi ilə iddiaçı son haqq-hesabın düzgün qaydada ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddianı hazırki hissədə də əsassız hesab edir.

İddia tələbinin “1000 manat mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı:

37. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

39. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

40. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinin tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.

42. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

43. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyana görə 1000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməlidir.

Nəticə:

44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin tutulması" tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

45. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilməli dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

46. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, son haqq-hesabın və mənəvi zərərin tutulması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar