Məhkəmə qərarları › İş №2(007)-1873/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1873/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1873/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzil (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına qeydiyyata alınmış və buna dair çıxarış verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onların aralarında olan nikah 2017-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Keçmiş həyat yoldaşı Cavabdeh faktiki olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da o, 2023-ci il tarixdən ona məxsus evdən çıxaraq yaşamaq üçün özünəməxsus Xətai rayon ərazisində yerləşən mənzilinə köçərək hal-hazırkı vaxta kimi orada yaşayır, yəni cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır və mənzildən istifadə etmir. Cavabdehin formal olaraq ona məxsus həmin mənzildə pasport qeydiyyatında olması onun mülkiyyət hüquqlarını pozur və məhdudlaşdırır, mənzilə dair hüquqlarının həyata keçirilməsinə maneə törədir, cavabdehə görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Bu mənada Cavabdeh həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, mübahisəli mənzili birgə nikah dövründə özü almış, cavabdeh mənzildən çıxarkən ona aid olan payını ona satmış və müqavilədə 1 aya evdən çıxacağını bildirmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır və tərəfindən ona aid payın dəyəri tam ödənilmişdir. Cavabdehin evi olsa da evdən çıxmama səbəbi barədə məlumatı yoxdur. Həmçinin cavabdeh ona məhkəmə prosesindən məlumatlı olduğunu bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu xx.xx.2018-ci il tarixdə ona verilmiş dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ½ hissədə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzilin (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) ona aid olan hissəsini iddiaçıya satmışdır. Müqavilənin 8 və 13-cü bəndində qeyd edilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür və satıcı Cavabdeh xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına həmin tarixdə qeydə alınmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1 və 215.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda Cavabdeh həmin mənzildə yaşamadığı üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdır. İş materiallarında olan sənədlər də onun qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, 249 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 141, M10, m4) olan istifadə hüququna xitam verilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar