Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1884/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İskandarov Novrasta qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipotekaya qoyulmuş mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İskandarov Novrasta qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipotekaya qoyulmuş mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 17500 (on yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.m-dən ibarət 29 nömrəli mənzil 21 fevral 2018-ci il tarixli, 106840- 196735/2 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 07 yanvar 2021-ci il tarixli, 001/007/0045/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 07 yanvar 2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 13 yanvar 2021-ci il taixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış kredit müqaviləsinin 4.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək borcalanın (Cavabdeh1) öhdəliyidir. Müqavilənin 4.4.8-ci bəndinin tələbinə əsasən, borc alanın öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəmək öhdəliyi vardır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində onun banka olan borcu 25 fevral 2021-ci il tarixə aşağıdakılardan ibarətdir: kredit müqaviləsi üzrə əsas borc məbləği- 2603,64 (iki min altı yüz üç manat, altmış dörd qəpik) manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği- 710,77 (yeddi yüz on manat, yetmiş yeddi qəpik) manat, cəmi- 3314,41 (üç min üç yüz on dörd manat, qırx bir qəpik) manat. “İpoteka haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən ipotekaöhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Cavabdeh1 ilə bank arasında bağlanmış 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli ipoteka müqaviləsi 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir (İpoteka müqaviləsinin 3.2-ci bəndi). Həmin Qanunun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın başlanılması anı ipoteka saxlayan tərəfindən ipotekaqoyana bildirişin göndərilməsi ilə başlanır. Bank tərəfindən 07 yanvar 2021-ci il tarixli, 001/007/0045/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 07 yanvar 2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 13 yanvar 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. “İpoteka haqqında” Qanununun 39.1-ci maddəsirə görə, ipoteka ilə bağlı hüquq mübahisələrinə iş məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır. Cavabdeh1 və Cavabdeh2 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc - 2603.64 (iki min altı yüz üç manat, altmış dörd qəpik) manat əsas borca hesablanmış faiz borcu- 710.77 (yeddi yüz on manat, yetmiş yeddi qəpik) manat olmaqla, cəmi 3314.41 (üç min üç yüz on dörd manat, qırx bir qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dcvlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.mdən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh3 və İskandarov Novrastın Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.m-dən ibarət 29 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli kredit müqaviləsi üzrə 21 fevral 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 3527,96 (üç min beş yüz iyirmi yeddi manat, doxsan altı qəpik) manat əsas borcu, 15,88 (on beş manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu və 21 fevral 2020-ci il tarixdən 07 iyun 2021-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 157,88 (bir yüz əlli yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3701,72 (üç min yeddi yüz bir manat, yetmiş iki qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64,73 kv.m-dən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh3 və İskandarov Novrastın Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.m-dən ibarət 29 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı ASC-nin nümayəndəsi 11 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 08 iyun 2021-ci il tarixli ərizənin “xahiş edirəm” hissəsinin 1-ci abzası “Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 21 fevral 2018-ci il tarixli, 106840-196735/2 nömrəli kredit müqaviləsi üzrə 21 fevral 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 3527,96 (üç min beş yüz iyirmi yeddi manat, doxsan altı qəpik) manat əsas borcu, 15,88 (on beş manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu və 21 fevral 2020-ci il tarixdən 07 iyun 2021-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 157,88 (bir yüz əlli yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3701,72 (üç min yeddi yüz bir manat, yetmiş iki qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən 3600 manat məbləğində ödəniş edilməsi ona məlumdur və həmin məbləğin iddia tələbində ümumilikdə göstərilən 3701,72 manat borca aid edilməsinə etirazları yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 27 may 2021-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi 25 fevral 2021-ci il tarixində tərtib edilmişdir və iddia ərizəsi tərtib edildiyi tarixə borc tələbi ümumilikdə 3314 manat təşkil edirdi. İddia ərizəsi tərtib edildiyi tarixdən sonra yəni 25 fevral 2021-ci il tarixindən sonra tərəflərindən 02.04.2021,12.04.2021,14.04.2021 və 26.05.2021-ci il tarixində 1000, 1000, 200 və 300 manat olmaqla ümumilikdə 2500 manat vəsait ödənilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbi iddia ərizəsi üzrə ödənilən məbləğ həddində azaldılmamışdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş faiz borcu onun tərəfindən məqsədli şəkildə şişirdilmişdir. Belə ki, borclunun ödənişi gecikdirdiyi gündən iddia ərizəsi tərtib olunan tarixə qədər tərəflərindən dəfələrlə bank nümayəndəsinə borcun ödənilməsinin qeyri-mümkün olmadığı bildirilsə də və bankın məhkəməyə müraciət edib o vaxta mövcud olan məbləğə yəni 2603 manat əsas borca qətnamə çıxarılmasını, bununla da faizlərin hesablanmasının dayandırılması xahiş edilsə də, bank məqsədli şəkildə bunu etməmişdir. Belə ki, tərəflər arasında 21 fevral 2018-ci ildə bağlanmış kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və 21 fevral 2020-ci ildə sona çatırdı. Hesab edir ki, iddiaçı bank tərəfindən tərəfindən nəticə etibarı ilə əlavə olaraq 710 manat faiz borcunun şişirdilməsinə nail olunmuşdur. Hesab edir ki, müqavilə müddətinin bitməsi tarixindən sonra iddiaçının əsas borca illik 27 faiz hesablaması əsassızdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hesab edirlər ki, kredit müqaviləsinin müddətinin bitməsi tarixindən sonra bank tərəfindən faizlərin hesablanması illik ən çoxu 5%-lə hesablanmalıydı ki, bu da 2603 manat məbləğ üzrə bir ilə maksimum 130 manat təşkil edir. (2603*5%=130). Həmçinin 2019-cu ilin sonundan dünya üzrə tüğyan edən və 2020-ci ilin əvvəllərindən dövlətimizdə də sürətlə yayılan “Covid 19” virus pandemiyası səbəbindən Cavabdeh1 fərdi sahibkarlıq üzrə ailəsinin əsas gəlir və qazanc mənbəyi olaraq fəaliyyət göstərdiyi iri ticarət mərkəzlərindən hesab edilən “Laçın Ticarət Mərkəzi” müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən 2 ilə yaxındır bağlanmışdır. Məhz bu səbəbdən işin olduğu dövrlərdə ödənişdə heç bir problemi olmayan Cavabdeh1 kreditin ödənilməsində son aylarda problemlər yaranmışdır. Hətta fərdi sahibkarların pandemiyadan əziyyət çəkməmələri üzrə dövlətimiz tərəfindən dəstək olaraq sahibkarların fəaliyyət göstərmədikləri dövrdə onlardan hər hansı ödəniş tələb edilmədiyi halda belə, iddiaçı bank tərəfindən Cavabdeh1 müvafiq faizlərin hesablanması davam etdirilmiş və hər hansı bir güzəşt edilməsinə gedilməmişdir. İddiaçı "xxxx" ASC-nin ona və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbi üzrə tərəfindən ödənilmiş 2500 manat vəsaitin əsas məbləğdən çıxılması və əsassız hesablanmış 710 manat faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 etirazında göstəriklərini təsdiq edib, izahatında əlavə olaraq göstərdi ki, o, banka ərizəsində qeyd etdiyi tarixlərdə, o cümlədən ümumilikdə 3600 manat məbləğində ödəniş etməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edir və həmin ödənişləri də nəzərə almaqla, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və İskandarov Novrastın faktiki olduqları yer məlum olmadığından, məhkəmə bildirişləri cavabdehlərin məlum olan axırıncı yaşayış yerləri üzrə 121 saylı Mənzil Kommunal İstismar Sahəsinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 106840- 196735/2 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 17500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 106840- 196735/2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 85a nömrəli binada yerləşən 3 otaqlı, ümumi sahəsi 64,73 kv.m olan 29 nömrəli mənzili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 17500 manat məbləğində kreditin təminatı olaraq ipoteka qoymuşdur; - İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 106840-196735/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 21 fevral 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə 17500 manat pulu nağd şəkildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən almışdır; - 21 fevral 2018-ci il tarixli 106840-196735/2 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, İddiaçı ASC-nin Neftçilər filialı ilə Cavabdeh1 qeyd olunan kredit müqaviləsinin mətnində dəyişiklik edilməsi məqsədilə Əlavə razılaşma bağlamışlar, həmin razılaşmaya əsasən kredit müqaviləsi üzrə gecikdirilmiş əsas, faiz və cərimə borcları kapitallaşdırılaraq əsas borca əlavə edilmiş və kredit ödənişləri yeni cədvəl üzrə hesablanmışdır, müvavilənin digər bəndləri qüvvəsində saxlanılmışdır; - MAPS şöbəsinin arayışlarından və MYİ seriyalı ******* saylı müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İskandarov Novrast Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85a saylı evin 29 saylı mənzilində qeydiyyatdadırlar; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 85a nömrəli binanın ümumi sahəsi 64,73 kv.m, yaşayış sahəsi 46,71 kv.m olan 3 otaqlı 29 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə 17 iyun 2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85a nömrəli binanın 29 nömrəli mənzili 21 fevral 2018-ci il tarixli kredit müqaviləsinin öhdəliyi üçün 22 fevral 2018-ci il tarixdə İddiaçı ASC-nin Neftçilər filialının xeyrinə yüklü edilmişdir; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 07 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - İddiaçının məhkəməyə təqdim etdiyi 07 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinin bitmə tarixinə, yəni 21 fevral 2020-ci il tarixə, 21 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 3527,96 manat, faiz borcu 15,88 manat, kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmış 157,88 manat faiz borcu olmaqla, cəmi 3701,72 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli 106840-196735/2 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 17500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş və 21 fevral 2018-ci il tarixdə kassa məxaric orderinə imza etməklə 17500 manat pulu nağd şəkildə İddiaçı ASC-dən almışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən 85a nömrəli evin 29 nömrəli mənzilini 21 fevral 2018-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka qoymuşdur. Bundan başqa, İddiaçı ASC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 21 fevral 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 21 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdıqlarından yaranmış borc məbləğini ödəməlidirlər. Məhkəmə iddiaçının xeyrinə tutulmalı olan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 3527,96 manat əsas borc, 15,88 manat faiz borcu və 21 fevral 2020ci il tarixdən 07 iyun 2021-ci il tarixədək olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 157,88 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3701,72 manat borcun cavabdehlərdən tutulması xahiş edilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarış və Cavabdeh2 təqdim etdiyi ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən 26 may 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə tələb olunan 3701,72 manat borcun 3600 manat hissəsi ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən 24 fevral 2020-ci il tarixdə ödənilmiş 500 manat pulun 484,12 manat hissəsi gecikdirilmiş əsas borca, 15,88 manat hissəsi cərimə borcuna, 29 mart 2020-ci il tarixdə ödənilmiş 600 manat pulun 440,2 manat hissəsi gecikdirilmiş əsas borca, 159,8 manat hissəsi cərimə borcuna, 05 aprel 2021-ci il tarixdə ödənilmiş 1000 manat pulun tam hissəsi əsas borca, 13 aprel 2021-ci il tarixdə ödənilmiş 200 manat pulun tam hissəsi əsas borca, 14 aprel 2021-ci il tarixdə ödənilmiş 300 manat pulun 250 manat hissəsi gecikdirilmiş əsas borca, 50 manat hissəsi cərimə borcuna və 26 may 2021-ci il tarixdə ödənilmiş 1000 manat pulun 800,83 manat hissəsi gecikdirilmiş əsas borca, 199,17 manat hissəsi cərimə borcuna hesablanmaqla silinmişdir. Məhkəmə iclasında Cavabdeh2 qeyd olunan ödənişləri təsdiq edən qəbzləri təqdim etməklə bu halın məhkəmə baxışı zamanı nəzərə alınmasını xahiş etmişdir. Bununla bağlı, iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdiyindən cari maliyyə arayışı və iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verə bilməyəcəklərini, lakin cavabdeh tərəfindən iddia ərizəsinin tərtib olunduğu tarixdən etibarən 3600 manat ödəniş edilməsini təsdiq etdiyini və həmin pulun ümumilikdə tələb olunan 3701,72 manat borca aid edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən qeyd olunan iddia ərizəsi 25 fevral 2021-ci il tarixdə tərtib edildiyi halda, sonuncu dəfə 11 iyun 2021-ci il tarixdə iddia tələbini dəqiqləşdirərkən, cavabdeh tərəfindən 24 fevral 2020-ci il tarixdən 26 may 2021-ci il tarixədək olan dövr ərzində 3600 manat məbləğində borcun ödənilməsi nəzərə alınmamışdır. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərək, iddiaçının nümayəndəsinin də ödənilmiş 3600 manat borcla əlaqədar cari tarixə yeni maliyyə arayışının təqdim edilməsinin hazırda mümkün olmaması ilə bağlı göstərdiklərini nəzərə alaraq belə qənaətə gəlir ki, ümumilikdə tələb olunan 3701,72 manat borcdan cavabdehlər tərəfindən ödənilmiş 3600 manat borc çıxılmalı, tərəflərin borc məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə hər hansısa tələblərinin olmaması da nəzərə alınmaqla, cavabdehlərin 21 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcunun ümumilikdə 101,72 manat təşkil etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır; Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə ümumilikdə 101,72 manat məbləğində pul vəsaiti tutulmalı olduğundan, tutmanın ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85a saylı evin 29 saylı mənzilinə yönəldilməsi zərurəti yoxdur. Belə ki, iş materiallarında olan 21 fevral 2018-ci il tarixli kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavə əsasında müəyyən edilmiş ödəniş cədvəlindən görünür ki, sözügedən mənzil Cavabdeh1 verilmiş 17500 manat məbləğində kredit borcunun təminatı qismində ipotekaya qoyulmuş, kredit və ipoteka müqavilələrinə əsasən o, aylıq 951,65 manat olmaqla qrafik üzrə ödəniş etməyi öz üzərinə götürmüşdür. Hazırkı halda isə, iddiaçının xeyrinə ümumilikdə 101,72 manat məbləğində pulun tutulmasının doğurduğu nəticə, qeyd olunan şərtlərlə uyğunluq və mütənasiblik təşkil etmir. Belə olan halda, məhkəmə hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində tələbin təmin edilməsi istər mütənasiblik, istərsə də məhkəmənin gəldiyi qənaət baxımından “ağlabatan” deyil, ona görə də ümumilikdə 101,72 manat məbləğində borcun tutulmasının təminatı kimi tutmanın 90.000 manat likvid dəyəri olan əmlaka yönəldilməsinə zərurət və əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.mdən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh3 və İskandarov Novrastın Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 64.73 kv.m-dən ibarət 29 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 fevral 2018-ci il tarixli 106840- 196735/2 saylı kredit müqaviləsi üzrə ümumilikdə 101,72 (yüz bir manat yetmiş iki qəpik) manat borcun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 10 manat hissəsi, o cümlədən iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə təmin edilmədiyindən həmin tələblə bağlı çəkilmiş digər xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 fevral 2018-ci il tarixli 106840-196735/2 saylı kredit müqaviləsi üzrə 101,72 (yüz bir manat yetmiş iki qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1884/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1884/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver