Məhkəmə qərarları › İş №2(007)-1896/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1896/2023

02.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1896/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayədəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC onunla heç bir müqavilə imzalamadan və hec bir əsas olmadan onu işə qəbul edib. Cavabdeh MMC qanunsuz və əsasız olaraq onun adından müqavilə imzalayaraq onu işə qəbul ediblər, amma hansı vəzifəyə və nə kimi bu günə kimi xəbəri yoxdur. Bundan əlavə nə Dövlət Sosial Müdafiə Fonduna və ya Vergilər Nazirliyinə bu günə kimi pul ödənilməyib. Həmin şirkətə müraciət etmək istəyib, amma "xxxx" MMC-da fəaliyyətin dayandırıb. Bundan sonra X3 Xidmətinə müraciət edib və Əmək Müfəttişliyinin xx.xx.2023-ci il tarixli 3-17-5/2- R-9098/202.3 saylı məktubu ilə ona cavab verərək, məhkəməyə müraciət etməyini bildiriblər. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli №**********2 saylı məklunda əsasən ona məhkəməyə müraciət etməyi tövsiyə olunub. Mübahisə ilə əlaqədar Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak elməyib (bu barədə arayış işə əlavə olunur). Qeyd edilənlərə əsasən “ARAN-L 2020" MMC ilə onunla qanusuz və əsasız olaraq aralarında bağlanmış əmək müqaviləsinin bağlandığı gündən etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş və tələbin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, cavabdeh cəmiyyətdə bir gün də işləməmişdir. Cavabdeh MMC-nin rəhbəri X2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC işə düzətmə şirkətinin əməkdaşları guya ona asan imza ilə işə düzətməli idilər. “Azercell” nömrəni onun adına alıb sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə aparıblar və o, notariusda etibarnamə verib. Ona dedilər ki, o get-gələ düşməz, ona məlumat verəcəklər. Sonra ona zəng etməyiblər və o, əməkdaşa zəng etsə də, zəngi açılmayıb. O, bir neçə gün işə düzətmə orqanına getib, ona ofisant işi təklif ediblər, o da işləməyib, Gəncə şəhərinə gedib. Orada bir neçə tanış dələduzluq faktı ilə rast gəldiklərini və Asan imzanı ləğv etməyi ona məsləhət görüblər, o da imzanı ləğv edib. Çünki nömrə onlarda qalıb, o da gedib nöməni bağlatdırıb. O, iddiaçını tanımır. İşlə bağlı qətnamə çıxarılmasına etiraz etməyib. Məhkəmənin iclasında müstəqil tələb irəli sürməyən üçünücü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçı ərizə ilə Xidmətə müraciət edib və onlar ona rəsmi cavab verərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Hazırda iddia tələbinə etiraz etmirlər. İddiaçı və cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçünücü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də menecer vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi müddətsizdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-R-9098/2023 nömrəli məktubundan görünür ki, aktiv əmək müqaviləsinin olması ilə bağlı 10 fevral 2023-cü ıl tarixli müraciətə X3 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı Cavabdeh MMC-nin ünvanına (ünvan 1b göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxıl edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, № MŞB/3/2023-00450 nömrəli arayışından görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş X1 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********772300 saylı məlumatından görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh (VÖEN **********) yenidən təşkil olunması və ya ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən, "Aran-L 2020 MMCnin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********81800 saylı məlumatından görünür ki, Cavabdeh (VÖEN **********) 21.01,2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ləğv edilməsi və ya yenidən təşkili barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2023-cü il tarixinə olan uçot məlumatlarına əsasən, Cavabdeh MMC-nin (VÖEN **********) fəaliyyəti yə digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi bağlanılıb. Müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-də menecer vəzifəsinə işə qəbul edilmişdir. Lakin iddiaçının əmək müqaviləsindən xəbəri olmayıb və o, Cavabdeh MMC-də işləməyib, aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi İddiaçı iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanmışdır. İddiaçı Cavabdeh MMC-də müqavilədə qeyd olunan menecer vəzifəsində işləmədiyindən və əmək müqaviləsi Mülki Məcəllənin və Əmək Məcəlləsinin tələblərinə zidd bağlandığından etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əmək Məcəlləsinin tələblərinə görə əmək müqaviləsi işə götürənlə işçi arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini obların iradə ifadəsinə uyğun olaraq əks etdirməlidir. Etibarsız hesab olunması tələb olunan müqavilə isə birtərəfli qaydada yalnız işə götürən tərəfindən bağlanmışdır. Yuxarıda qeyd olunan Plenum Qərarından da görünür ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi vacibdir. Göründüyü kimi xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi, müqavilənin hər iki subyektinin, yəni işəgötürən və işçinin iştirakı olmadan bağlanmışdır. Beləliklə əmək müqaviləsi qanunvericiliyin tələbi pozulmaqla bağlandığından etibarsız əqddir. Həmçinin etibarsız əqdlər bağlandığı andan etibarsız olduğundan Cavabdeh MMC tərəfindən bağlanmış xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Hazırki halda isə işəgötürən Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirmədiyindən iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaranmışdır. Əmək müqaviləsinin formal olaraq qüvvədə saxlanılması səbəbilə iddiaçı başqa işə düzələ bilməyib və nəticə etibarı ilə onun qanunla təminat verilmiş hüquqları pozulmuşdur. İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etsə də, hər hansı bir müsbət nəticə əldə edə bilməyib və sonda məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi etibarsız hesab edilməli, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, OTU2WU5000300 nömrəli əmək müqaviləsi etibarsız hesab edilsin. İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar