Məhkəmə qərarları › İş №2(007)-1897/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1897/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1897/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi Məhkəmə iclas katibi Paşayeva Səbinə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “dəyəri tam ödənilmiş mənzilin təhvil verilməsinin təmin edilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “dəyəri tam ödənilmiş mənzilin təhvil verilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona satılmış və dəyəri onun tərəfindən tam ödənilmiş ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz əməlləri barədə tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzil "xxxx" MMC tərəfindən ona satılmışdır. Bu barədə bir tərəfdən "xxxx" MMC-nin direktoru X2 (gələcəkdə “İcraçı” adlandırılacaq), digər tərəfdən o, yəni İddiaçı (gələcəkdə “Payçı” adlandırılacaq) xx.xx.2018-ci il tarixli 75003 nömrəli müqavilə imzalamışlar. Bağlanmış müqavilənin 1-ci bəndinin 1.1. hissəsinə əsasən “İcraçı” ünvan 2 ünvanda inşa olunan yüksək mərtəbəli binasının 1-ci blok, 16- cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili “Payçf’ya bir pay kimi verir. Müqavilənin 4-cü bəndində ödəniş qaydası göstərilmiş, həmin qaydaya görə göstərilən ünvandakı mənzilin “İcraçı” tərəfindən müəyyən olunmuş qiymətlərlə “Payçı” tərəfindən tam ödənilmiş və müqavilənin 4.2. bəndində göstərildiyi kimi kassa-mədaxil qəbzi ilə əsas sayıldığı üçün mənzilin dəyərinin tam ödənilməsi haqqında 18 avqust 2018-ci il tarixdə maliyyə arayışı “İcraçı” tərəfindən “Payçf’ya təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə görə tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi “İcraçı” mənzili təhvil verir, “Payçı” isə qəbul edir. Qeyd olunan ünvanda tikilən binanın inşası başa çatdıqdan sonra məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixli 75003 nömrəli müqavilə ilə ona satılmış və dəyəri onun tərəfindən tam ödənilmiş mənzil şirkət tərəfindən başqa bir şəxsə satılmışdır. O, bu barədə "xxxx" MMC-nin direktoru X1 etirazını bildirmiş və ona satılmış mənzilin dərhal və qeyrişərtsiz ona təhvil verilməsini və aralarında bağlanmış müqavilə şərtlərinə əməl edilməsini tələb etmişdir. "xxxx" MMC-nin direktoru X2 bu keçən müddət ərzində ona yalan vədlər verərək, etibarından sui-istifadə etmiş, onu aldatmış, sonra gizlənmiş, çox saylı telefon zənglərinə cavab verməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmış və bu məsələni mütləq həll edəcəyi barədə yalan vədlər verərək qanuni əmlakını başqa bir şəxsə sataraq, ona qarşı dələduzluq etmişdir. Bağlanmış müqavilə ilə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, Azərbaycan Respublikası qanunvericiliyini pozmuşdur, həmin müqavilənin 7.2 bəndinə görə mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir. Bu mümkün olmadıqda tərəflərdən hər hansı biri məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir. "xxxx" MMC-nin rəhbərliyi onu aldadaraq tərəfindən dəyəri tam ödənilmiş mənzili başqa şəxsə satmış, ona təslim etməkdən imtina etmiş və onunla razılığa gəlməkdən müxtəlif bəhanələrlə yayınmışdır. O, məhkəməyə müraciət hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O,əlavə olaraq qeyd etdi ki, mənzili bir il ərzində ona təhvil verməli idilər. O, evi alanda həmin mərtəbə tikilməmişdir və tez-tez gedib tikintinin necə getdiyinə baxırdı, amma yuxarı çıxmağa icazə vermirdilər. O gedib mənzilə baxanda məlumatı olmuşdur ki, həmin mənzili başqasına satmışlar və həmin şəxs mənzili təmir etdirir və hazırda orada yaşayır. Mənzilin kimə satılması barədə məlumatı yoxdur, müqaviləsinin onun müqaviləsindən əvvəl olub-olmadığını da bilmir. MTK-dan Rauf adlı şəxs hər dəfə onu aldadaraq düzələcəyini, ya başqa mənzil verəcəklərini, ya da pulunu qaytaracaqlarını demiş, amma heç nə vermiəmişlər. O, mənzili 4 ildir ki, gözləyir. O, 143000 manat ödəmişdir. mübahisələndirilən mənzil 143,84 kvadrat metrdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli mənzili “payçı” İddiaçı verməyi “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin 3 otaqdan, ümumi sahəsinin 143,84 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 143840 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli arayış ilə həmin məbləğin ödənilməsi təsdiq edilmişdir. Cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yerinə yetirməmiş, mənzili iddiaçını istifadə və sahibliyinə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli mənzil ona məxsus olduğundan İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının l-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 saylı mənzilin cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə İddiaçı "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz əməlləri barədə tədbir görülməsi barədə qərar qəbul edilməsi” baədə vəsatətinə münasibətdə bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə "xxxx" MMC-nin əməlində cinayət tərkibi olmadığından, onlar barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, vəsatətə təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun İddiaçı təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan 75 nömrəli izolə olunmuş, 3 otaqdan ibarət mənzili cavabdeh "xxxx" tərəfindən müqavilə şərtlərinə uyğun İddiaçı təhvil verilməsi "xxxx" MMCyə həvalə edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar