Məhkəmə qərarları › İş №2(007)-1964/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1964/2023

31.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1964/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona ödənilməmiş (əvvəlki aylar üçün əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab olaraq) 13011,03 (on üç min on bir manat üç qəpik) əmək haqqı məbləğinin və 100 (yüz manat) maddi ziyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işə götürən Cavabdeh (əvvəlki adı "X6 MMC) arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 2000,25 AZN təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra işə götürən tərəfindən əmək haqqı vaxtlı-vaxtında ödənilməmiş, buna görə də onun təşəbbüsü əsasında əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2 "a" yarımbəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Belə ki, o, həmçinin digər işçilər işə qəbul olunduqları vaxtdan işə çıxarılmaqlarına baxmayaraq əməklərinin dəyəri tam formada ödənilməmişdir. İşə başladığı ilk aylardan əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. 2022-ci ilin iyul ayının əmək haqqısı noyabr və dekabr aylarında hissə-hissə verilmişdir. Avqust ayından etibarən 5 ay 12 gün müddətində onun əmək haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 5 ay 12 günlük əmək haqqı və qalıq məzuniyyətini (13011,03 AZN) pulu ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən onunla eyni vəziyyətdə olan iş yoldaşları X3 Xidmətinin Bakı şəhər İdarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Araşdırma nəticəsində əmək hüquq pozuntuları ilə bağlı şirkət rəhbərliyi barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hər dəfə Şirkət başqa müəssisələrin onlara borclarının olduğunu bəhanə gətirmişdir. Beləliklə, cavabdeh tərəfindən onuna əmək müqaviləsinə xitam verilərkən onun işlədiyi son haqq-hesab və məzuniyyət pulu daxil olmaqla son 5 ayın əmək haqqısı, 13011,03 manat ödənilməmişdir. Əlavə olaraq 100 manat maddi ziyan (mediasiya xərci, nəqliyyat xərci və.s) vurmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. İddiaya heç bir etirazı yoxdur. Baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh 02-AND-İN saylı xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildən etibarən 3 aylıq sınaq müddəti ilə əmək haqqı bu əmrin 1 nömrəli əlavəsinə uyğun ödənilməklə Maliyyə şöbəsinin baş mühasibi vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə 006-AND-İR saylı xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdehndə “baş mühasib” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” – tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 30 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə/departamentinə həvalə edilmişdir. - İddiaçı sosial arayışınından görünür ki, o, Cavabdehndə baş mühasib vəzifəsində xx.xx.2022-ci il tarixdə işə qəbul olmuş, əmək haqqı məbləği 2270 manat təşkil edir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə AZNETDEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab kimi 13011,03 manatın və 100 manat maddi ziyanın ödənilməsi tələb etmişdir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X2 iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) X1 iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 13011,03 manat pul və 100 manat maddi ziyan tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında rüsum məbləği ödənilməlidir (hazırkı iddia tələbinə münasibətdə 129,04 manat). Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və "xxxx" MMC-dən 79,04 manat dövlət rüsumu tutularaq (129,04-50=79,04) Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 13011,03 manat pul və 100 manat maddi ziyan tutulsun. Cavabdehndən 79,04 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar