Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-199/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı hüquqi varisi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət pulunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinət pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2018-ci ilin iyun ayından müavinət pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-də işləyən zaman gözlənilməz hadisə nəticəsində istehsalat zədəsi almışdır. Bu barədə 22 aprel 1976-cı il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən peşəkar əmək qabliyyətinin 60 % -ni itirmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən 01 fevral 1988-ci il tarixdə keçirilən müayinə nəticəsində onun peşkar əmək qabliyyətinin 60% təşkil etməsi və bunun ömürlük bərpa olunmayacağı təsdiqlənmişdir. Bunula əlaqədar ona "xxxx" ASC tərfindən hər ay 37,53 manat olmaqla müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müavinət pulunu müraciətləri əsasında müəyyən çətinliklərlə alırdı. Cavabdeh 2014-2015ci illərə görə nəzərdə tutulan müavinəti ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-571/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə 2014-2015-ci illər üçün 1298,22 manat müavinət pulu cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh nəzərdə tutulan müavinəti 2018-ci ilə qədər ödəsə də, 2018-ci ilin iyun ayından ödəmir. Bunula əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti Bakı şəhər İdarəsinə müraciət etsə də, həmin idarə müxtəlif bəhanələr gətirməklə heç bir araşdırma aparmadan məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına dəvət olunsa da, tələb olunan pulu ödəmə imkanlarının olmamasını bildirmiş və mediasiya iclasında iştitak etməkdən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş, oğlu X3 onun hüquqi varisi kimi tanınmasını xahiş etmiş və məhkəmə MPM-in 58.1-ci maddəsinə uyğun olaraq İddiaçı onun hüquqi varisi olan X3 ilə əvəz etmişdir. İddiaçı hüquqi varisi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2018-ci ilin iyun ayından xx.xx.2022-ci il tarixədək hər ay 173 manat, cəmi 8996 manat məbləğində müavinətpulunun tutularaq ona ödənilməsi bvarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-də İddiaçır oğlunun xeyrinə 2018-ci ilin iyun ayından 08 oktyabr 2022-ci ilə kimi ödənilməli olan 6300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, məhkəməyə təqdim edilmiş arayışa əsasən İddiaçı iddia tələbini etiraf edir və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. İddianın etiraf edilməsinin nəticələri ona aydındır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İstehsalatda bədbəxt hadisənin baş verməsi barədə 22 aprel 1976-cı il tarixli 2 saylı aktın surətindən görünür ki, İddiaçı 21 aprel 1976-cı il tarixdə saat 17:30-da iş vaxtı istehsalat zədəsi almış, nəticədə onun peşə əmək qabiliyyəti 60% itirilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar ətraflı məlumat verilməsi üçün ünvanına **********1 nömrəli, xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, ********** nömrəsi ilə əlaqə saxlanılmış, lakin nə Bakı şəhər İdarəsinə gəlməmiş, nə də əmək haqqı bank hesabından çıxarış təqdim etməmişdir. Eyni zamanda “Bakı Körpü Tunel" ASC-nin rəhbərliyinə **********5 saylı xx.xx.2022-ci il tarixli məktubla (SS698077060AZ) müraciət olunaraq ona aid olan sənədlərin, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çaldırmaq mümkün deyildir. Məlumat üçün bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-571/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 1298,22 manat müavinət pulu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin 2018ci ilin iyun ayından 08 oktyabr 2022-ci il tarixə qədər İddiaçı 6300 manat müavinət pulu borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 21 aprel 1976-cı il tarixdə saat 17:30da iş vaxtı istehsalat zədəsi almış, nəticədə onun peşə əmək qabiliyyəti 60% itirilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar ona "xxxx" ASC tərəfindən hər ay 37,53 manat olmaqla müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-571/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 1298,22 manat müavinət pulunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı 2018-ci ilin iyun ayından ödənişlərin edilməməsi əsası ilə məhkəməyə müraciət etmiş, sonuncu dəqiqləşmə ilə cavabdehdən 6300 manat məbləğində müavinət pulunun tutulmasını xahiş etmiş, cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 83 manat məbləğində dövlət rüsumu cavabdehdən tuularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 6300 manat məbləğində müavinət pulu tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan 83 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 6300 manat məbləğində müavinət pulu tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, 83 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-199/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-199/2023
13.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver