Məhkəmə qərarları › İş №2(007)-2005/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2005/2023

16.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2005/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər idarəsi cəlb olunmaqla, “əmək kitabçasının və sosial sığorta kartının əslinin qaytarılması, ödənilməmiş məzuniyyət haqqları, son haqq hesab və digər ödənişlərin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasının və sosial sığorta kartının əslinin qaytarılması, ödənilməmiş məzuniyyət haqqları, son haqq hesab və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildən 2022-ci ilin avqust ayınadək Cavabdeh MMC-də müxtəlif vəzifələrdə sonuncu dəfə, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il taıixinədək dispetçer vəzifəsində işləmişdir. İşlədiyi dövrdə aylıq əmək haqqı xx.xx.2020-ci ildən etibarən 650 manat olmuşdur. İşlədiyi dövrdə qüsursuz fəaliyyət göstərərək, hər hansı pozuntuya yol verməmişdir. xx.xx.2022-ci il tarixdə aralarında yaranmış narazılıq səbəbindən işdən azad olunmağı barədə cavabdehə məlumat vermiş, lakin işdən azad olurmaq üçün rəsmi qaydada ərizə ilə müraciət etməmişdir. Cavabdehə məlumat verdikdən sonra işə getməmiş və sonradan xx.xx.2022-ci il tarixli əmrlə işdən azad olunmağı barədə məlumat əldə etmişdir. Lakin bügünkü günədək işdən azad olunmağı barədə əmri və ona məxsus əmək kitabçasının əsli ona geri qaytarılmamışdır, işdən azad olunduqda xx.xx.2022-ci il tarixdə onun hesabına ümumilikdə 1846 manat ödəniş edilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2013-cü ildən 2022-ci ilin avqust ayınadək illik 12 ay olmaqla, daim işdə olmuş və illik məzuniyyət haqqından istifadə etməmişdir. Buna baxmayaraq, cavabdeh onu işdən azad edərkən, ödənilməmiş məzuniyyət pulunu düzgün hesablamayaraq, ümumilikdə 1846 manat ödəniş etmişdir. Qeyd etmək istəyir ki, 2013-cü ildən 2022-ci ilədək vəzifəsini layiqincə yerinə yetirmiş, üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmişdir. Barəsində heç vaxt tənbeh tədbiri tətbiq edilməmiş, hər hansı şikayət və narazılıq olmamışdır. Hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin qəbul edilməsinə əsas olan halların heç biri mövcud olmamışdır. Göstərilənlərə əsasən, ona məxsus əmək kitabçasının əslinin, sosial sığorta kartının əslinin Cavabdeh MMC-dən alınaraq ona geri qaytarılması, 2013-cü ildən xx.xx.2022-ci ilədək hesablanmış ödənilməmiş məzuniyyət haqqları, son haqq hesab və digər ödənişlər hesablanmaqla, ödənilməmiş hissəsinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə etirazla müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı sürücü vəzifəsinə işə qəbul edilmə barədə ərizəsinə əsasən onun işə qəbul edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2014-cü il tarixli 09 saylı əmri verilmiş, İddiaçı ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, dəfələrlə işçidən əmək kitabçasını müəssisəyə təqdim edilməsi tələb edilsə də, o, müxtəlif bəhanələr gətirərək əmək kitabçasını müəssisəyə təqdim etməmişdir. 2022ci ildə İddiaçı heç bir əsas olmadan guya hüquqlarının pozulması ilə bağlı X2 Xidmətinə müraciət etmiş, həmin müraciət X2 Xidməti tərəfindən tam araşdırılmış və iddiaçının hüquqlarının pozulması ilə bağlı xüsusatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, həmin müraciət araşdırılarkən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə 2022-ci ildə 202 nömrəli məktubla ətraflı arayış verilmiş, bundan sonra İddiaçı ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi barədə Cavabdeh MMC-yə müraciət etmiş, onun xahişi nəzərə alınaraq İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 08 saylı əmri verilmiş və onun son haqqhesabının ödənilməsi təmin edilmişdir. İddiaçı iş vaxtından artıq işlənməsinə yol verilməmişdir. "xxxx"ASC-nin hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr olmaqla cəmi 1845,39 manat ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sosial sığorta kartını vətəndaşın özünə verirlər. Həmin kart Cavabdeh MMC-yə verilmir, kart isə iddiaçının özündə olur. Bakı şəhərində sərnişin daşınmasına rəhbərlik edən Bakı Nəqliyyat Agentliyinin təsdiq etdiyi qrafika uyğun olaraq Cavabdeh MMC xx.xx.2021-ci il tarixindən kartla ödəmə sisteminə keçmişdir. Qeyd edilən tarixdən müəssisənin işçilərinin əmək haqqı bank kartları vasitəsi ilə ödənilir. Lakin iddiaçı tamamilə qanunsuz və əsassız iddia qaldırmış, guya ona məxsus əmək kitabçasının əslini, sosial sığorta kartının əslini ona qaytarılmasını və 2013-cü ildən 17 avqust 2022-ci ilədək hesablanmış ödənilməmiş məzuniyyət haqqlarını, son haqq hesab və digər ödənişlər hesablanmaqla, ödənilməmiş hissəsinin Cavabdeh MMC-dən tutularaq guya ona ödənilməsini tələb etmişdir. Beləliklə, göründüyü kimi, iddia tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, həm də məntiqsizdir, yəni iddianın dəlilləri formal mülahizələrə əsaslanır, ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X3 iddia tələbini qəbul etməyib, etirazda qeyd olunanları müdafiə etmiş və izahatında bildirmişdir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur, sonuncuya ödənilməli olan bütün ödənişlər edilmişdir, bununla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı bir çox yerlərə şikayət ərizəsi ünvanlamış, hazırkı iddiasının predmeti olan məsələlər Əmək Müfəttişliyi tərəfindən də araşdırılmışdır. İddiaçının göstərdiyi hallar absurddur, iddia isə ümumilikdə əsassızdır. Əlavə olaraq, qeyd edir ki, iddiaçı işə daxil olarkən ümumiyyətlə MMC-yə əmək kitabçası təqdim etməmişdir. Bununla belə, onlar tərəfindən əmək kitabçası açılmışdır, bununla bağlı hər hansı mübahisə yoxdur, iddiaçının gəlib əmək kitabçasını götürməsi barədə aralarında razılıq əldə olunmuşdur. İddianın rədd edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Bakı şəhər idarəsi səlahiyyətli nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Esosial” elektron sisteminin sosial arayışından görünür ki, İddiaçı 2013-cü ildən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC-də dəstə rəisi və dispetçer vəzifələrində işləmişdir. Sonuncu müqavilə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. - Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 68 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 172 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi Maliyyə şöbəsinə-departamentinə həvalə edilmişdir. - Cavabdeh MMC tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş, "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına 2022-ci ilin- yanvar ayında 382.75 manat əmək haqqı, fevral ayında 200 manat avans və 382.75 manat əmək haqqı, mart ayında 200 manat avans və 382.75 manat əmək haqqı, aprel ayında 200 manat avans və 382.75 manat əmək haqqı, may ayında 200 manat avans və 382.75 manat əmək haqqı, iyun ayında 200 manat avans və 382.75 manat əmək haqqı, iyul ayında 200 manat avans və 382.75 manat əmək haqqı, avqust ayında isə 1845.39 manat əmək haqqı köçürülmüşdür. - MŞB/8/2023-00920 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC İddiaçı ilə müqavilə bağlayaraq xx.xx.2020-ci il tarixli əmrlə MMC-də dispetçer vəzifəsinə işə qəbul edilmişdir və Cavabdeh MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 68 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmış və İddiaçı dispetçer vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 2013-cü ildən xx.xx.2022ci il tarixədək Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dispetçer vəzifəsində işləmişdir. İddiaçı iddia ərizəsində özünün də qeyd etdiyi qaydada- “aralarında yaranmış narazılıq səbəbindən işdən azad olunmağı barədə cavabdehə məlumat verdiyini və işə getmədiyini, daha sonra müvafiq əmrlə işdən azad olunduğunu” bildirmiş, nəticə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 68 nömrəli əmri ilə, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 172 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi Maliyyə şöbəsinə-departamentinə həvalə edilmişdir. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə iddia tələbinin “ödənilməmiş məzuniyyət haqqları, son haqq-hesab və digər ödənişlərin hesablanmaqla ona ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddianın həmin hissədə təmin edilməsi üçün də əsaslar yoxdur, belə ki, cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışla müəyyən olunur ki, 2022-ci ilin avqust ayında iddiaçının bank hesabına 1845.39 manat əmək haqqı köçürülmüşdür, hansı ki, həmin məbləğin köçürülməsinə əsas yuxarıda qeyd olunan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 68 nömrəli əmrində müəyyən olunmuş işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 172 məzuniyyət gününün son haqq-hesabının da ödənilməsi əmr edilmişdir. Belə olan halda, iddiaçının iddia tələbində həmin hissədə göstərdiklərinin əsası yoxdur. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması, iddiaçıya müvafiq ödənişlərin edilməsi ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “əmək kitabçasının və sosial sığorta kartının əslinin qaytarılması” hissəsinə münasibətdə isə qeyd edir ki, sosial sığorta şəhadətnaməsinin cavabdehdə olmaması müəyyən olunmuş, cavabdeh tərəf əmək müqaviləsi bağlanan zaman işəgötürənlərin heç birinin sosial sığorta şəhadətnaməsini götürmədiyini, şəhadətnamənin daima işçidə qaldığını bildirmişdir. İddiaçı isə bunun əksini təsdiq edə bilməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh əmək kitabçasını işə qəbul olunan zaman iddiaçının onlara təqdim etmədiyini, bununla belə, MMC tərəfindən işçinin adına yeni əmək kitabçası açıldığını və tərəflər arasında bununla bağlı razılaşma əldə olunduğunu, əmək kitabçası ilə bağlı aralarında mübahisə olmadığını, istənilən vaxt əmək kitabçasını götürə biləcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya bununla bağlı iddia tələbini dəqiqləşdirməsi təklif olunsa da, iddiaçı tələbini dəqiqləşdirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı həmin hissə ilə bağlı tərəflər arasında mübahisə olmadığından, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək kitabçasının və sosial sığorta kartının əslinin qaytarılması, ödənilməmiş məzuniyyət haqqları, son haqq hesab və digər ödənişlərin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar